“Qarabağdakı rus hərbçiləri ya xəyanət ediblər, ya da...” – <font color=red> KUZNETSOV</font>

Aktual

28.05.2021 - 13:25

“Necə olur ki, Azərbaycan əsgərləri erməni diversantlarını görür və zərərsizləşdirir, amma ruslar onların fərqinə varmır?!”

 

Müharibənin yarım il əvvəl başa çatmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədində kiçik toqquşmalar və təxribatlar davam edir. Mayın 27-nə keçən gecə Azərbaycan Ordusu sərhədi Azərbaycan tərəfdən minalamağa çalışan 6 erməni əsgərini əsir götürdü. Erməni tərəfinin iddiasına görə isə, Azərbaycan bu əsgərləri Ermənistandan qaçırıb.

 

Vəziyyətin necə inkişaf edəcəyi, münaqişənin böyüməsinə səbəb ola biləcəyi ehtimalı barədə AYNA-nın suallarını tanınmış rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

- Azərbaycanla Ermənistan arasındakı sərhəddə baş verən son vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycan öz ərzisində daha 6 erməni əsgərini ələ keçirdi.

 

- Həmin gecə baş verən hadisələr barədə, hadisələrin baş verdiyi yerdən iki min beş yüz kilometr məsafədə, Moskvada olan zaman danışmaq son dərəcə çətindir. Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərinin 15 və 9 nəfərdən ibarət iki qrupunun, GPS istifadə edərək hadisə yerinin dəqiq koordinatlarını göstərərək, Azərbaycan ərazilərində hərbçilərin tədarük yollarını minalamağa başladıqdan sonra tutulduqlarını iddia edir. Buna cavab olaraq, erməni tərəfi əsir götürülənlərin siyahısını dərc edir və hamısının sərhəd zolağında mühəndis istehkam işləri zamanı qanunsuz olaraq ələ keçirildiyini bəyan edir.

 

O gecə Kəlbəcərdə baş verənlərin hamısını, Ermənistan tərəfindən müharibədən sonrakı Dağlıq Qarabağ nizamlanması ilə bağlı əldə edilmiş razılaşmaları pozmağa yönəlmiş, əvvəlcədən planlaşdırılan hərbi-siyasi təxribat hesab edirəm. Cinayətkarlar zərərsizləşdirilib və artıq şəxsən məlumdur. Düşünürəm ki, dindirilmələrindən sonra bəzi əsaslı nəticələr çıxarmağa imkan verəcək yeni məlumatlar ortaya çıxacaq, lakin hələlik bu vəziyyətdən yalnız ümumiyyətlə danışa bilərik. Əslində Ermənistanın Baş naziri əvəzi Nikol Paşinyanın baş verənlər barədə səsləndirdiyi versiya hərbi komandanlığın hazırlanan əməliyyatdan xəbərdar olmasını söyləməyə imkan verir. Və Ermənistan siyasi rəhbərliyinin mövqeyi onun ordusuna qanunsuz əməllərdə dəstək verməyə hazır olduğunu göstərir.

 

Ermənistan siyasi rəhbərliyinin və hərbi komandanlığın açıqlamaları ən kiçik tənqidə belə, tab gətirmir. Ermənistan tərəfindən dövlət sərhədinin hansı şəkildə möhkəmləndirilməsindən danışmaq olar, əgər dövlət sərhədinin özü yoxdursa, sərhəd qoyulmayıb və demarkasiya olunmayıbsa. Bu səbəbdən cənab Paşinyan açıq-saçıq cəfəngiyyat danışır. Bundan əlavə, gecə üçdə qaranlıq vaxtı hansı ağıllı insan mühəndis istehkam işlərinə başlayır? Görünür, bu hadisə əsasında meydana gələn emosional bir böhran nəticəsində Paşinyanın beyni tamamilə sıradan çıxıb və özü də adekvat bir gerçək qavrayış hissini itirib.

 

Yuxarıda göstərilən nəticə, bu təxribatın (uğursuz olduğu təqdirdə) və ya təxribat tarixinin (müvəffəq olduğu təqdirdə ola biləcəyi kimi) təsadüfən seçilməməsi ilə də dəstəklənir. Bu günlərdə Respublika Günü həm Bakıda, həm də İrəvanda qeyd olunur, bu səbəbdən əsir düşən erməni əsgərləri İrəvandakı dostlarına bayram hədiyyəsi etmək və Bakıdakı düşmənlərinin bayramını pozmaq istəyirdilər. Onların hərəkətlərində siyasi bir komponentin olmaması müzakirə mövzusu deyil. Yalnız bu vəziyyət, erməni tərəfinin bu hərəkətinin qəsdən hərbi-siyasi təxribat olduğunu təsdiqləmək üçün kifayətdir. Ancaq bu təxribatın dolayı yolla Rusiya tərəfini də vurması ehtimalını istisna etmirəm, çünki Rusiyada 28 may sərhəd qoşunları günüdür.

 

Ancaq gözardı edilməyəcək bir vəziyyət də var. Moskvanın, Bakının və İrəvanın rəsmi açıqlamalarına inansaq, o zaman Qarabağ ətrafında Azərbaycan və Ermənistan hərbçiləri arasında hər zaman rus hərbçiləri - sülhməramlılar və ya sərhədçilər olmalıdır. Bu məntiqə görə, necə olur ki, Azərbaycan əsgərləri erməni diversantlarını fərq edə və zərərsizləşdirə bilir, amma rus əsgərləri onları görmür? Nəticə etibarilə, Qarabağdakı rus hərbçiləri ya cinayət sayılan səhlənkarlıq ediblər, ya da saxlamalı olduqları təxribatçılara açıq şəkildə kömək ediblər ki, bunun özü də xəyanətdir. Buna görə də əminəm ki, bu hadisədən sonra rəsmi Bakının həm Kremlə, həm də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığına çoxlu sualları olacaq. General Muradov həqiqətən də çantasaını yığmalı olacaq.

 

- Bu vəziyyət genişmiqyaslı münaqişəyə səbəb ola bilərmi?

 

- Bu ssenariyə qətiliklə inanmıram. Ermənistanın az-çox ciddi bir qarışıqlığa başlamaq üçün nə imkanları var, nə də mənbələri. Erməni ordusunun bu gün edə biləcəyi yeganə şey - keçən yay Tovuz yaxınlığında baş verənlər kimi yerli toqquşmalardır, daha sonra yalnız təbliğat məqsədi ilə və daxili auditoriya üçün deyiləcək bəyanatlar. Kənardan gələn hər hansı bir təcrübəli və qərəzsiz müşahidəçiyə tamamilə aydındır ki, Ermənistanda partizan hücumlarından bir az daha böyük miqyasda özünü döyüşlərdə göstərə biləcək silahlı qüvvələr yoxdur. Erməni hərbçilərinin indi bacardığı yeganə şey kiçik araqatmalardır.

 

- Nikol Paşinyan çıxışlarında KTMT-nin Azərbaycanla Ermənistan arasındakı sərhəd vəziyyəti barədə susduğunu davamlı olaraq söyləyir. Bu da təşkilatı nüfuzdan salır. O, əslində KTMT-ni tənqid edərək, hansı hədəfləri güdür?

 

- Keçmiş bir sərhəd qoşunları zabiti olaraq, sizə açıq şəkildə deyirəm, yerdə sərhəd xətti demarkasiya olunmadıqca, heç bir “sərhəd” və ya “sərhəd vəziyyətindən” söhbət gedə bilməz. Sərhəd xətti olmayana qədər ölkənin ərazi bütövlüyünün pozulması məsələsi qaldırıla bilməz, çünki bu ərazi bütövlüyünün işarələri və meyarları yoxdur. Bunu bütün dünya ölkələrinin sərhədçiləri yaxşı bilirlər. Bu səbəbdən Paşinyanın sözləri “prolapsus linqua” və ya “sözlü qarınağrısı” kimi - ağır stresin təsiri altında psixosomatik nitq disfunksiyasının növlərindən biri kimi qəbul edilməlidir. Düşünürəm ki, onun Moskvadakı və KTMT-yə üzv olan digər ölkələrin paytaxtlarındakı bütün açıqlamalarına məhz belə münasibət göstərirlər.

 

Paşinyanın KTMT-ni nüfuzdan salması ilə bağlı sualınızın ikinci hissəsinə gəlincə, bunu sizə deyəcəyəm: Ermənistan bu təşkilatın arabasındakı beşinci təkərdir, ondan qurtulmağın vaxtı çatıb. Şəxsən Paşinyan deyil, bütün bu ölkə özü bu təşkilatı nüfuzdan salır. KTMT yavaş-yavaş ölməkdə olan bir quruluşdur, tərkibində vəzifələrini tam yerinə yetirməsinə mane olan daxili bir böhrana girməmiş heç bir üzv yoxdur. KTMT indi diridən daha çox ölüdür və Paşinyanın ona müraciəti bir daha açıq şəkildə onun axmaqlığını və siyasi sadəlövhlüyünü göstərir. Ancaq Ermənistanın ölməkdə olan bir ölkə olaraq ölməkdə olan bir təşkilat kimi KTMT-yə müraciət etməkdən başqa yolu yoxdur.

Müəllif: Nicat Hacıyev