Qalib xalq qələbə ilə necə davranmalıdır – Bayram, yoxsa matəm?

Cəmiyyət

05.11.2021 - 23:04

Böyük xalq dünəni ilə yaşayan deyil, dünənini unutmayıb gələcəyə inamla baxan xalqdır

Zəfər günü ərəfəsindəyik. Möhtəşəm qələbəmizdən 1 il ötür. Desək ki, biz bu müddət ərzində baş verənləri, hansı tarixi hadisələrə şahidlik etdiyimizi tam çılpaqlığı ilə anlamamışıq, heç yanılmarıq. 30 il məğlub xalq kimi başıaşağı yaşamağa məhkum toplum cəmi 44 gün ərzində qalib və müzəffər cəmiyyətə transformasiya oldu. Belə qlobal dəyişikliyi həzm etmək çətin imiş. Bunu qələbə günündən sonra cərəyan edən hadisələr də sübuta yetirdi.

Qalib xalq necə olur? Biz bu qələbədən sonra necə yaşamalıyıq, necə davranmalıyıq? Bu qələbə ilə biz, belə demək mümkündürsə, neyləməliyik?

Yəqin ki, ilk növbədə 30 il ərzində adət etdiyimiz stereotiplərdən, klişelərdən imtina etməliyik. Bunun üçünsə ani ayaq saxlayıb danışdıqlarımızı, yazdıqlarımızı, lentə aldıqlarımızı saf-çürük etməliyik. Bunu etsək, ötən bir il ərzində buraxdığımız çox səhvlərdən sığortalanmış olarıq. Belə səhvlərə bir neçə bəsit nümunə göstərək.

Azad olunan ərazilər minalardan təmizləndikcə, bu yerlərə müasir yollar çəkildikcə, vətəndaşlarımız müxtəlif tədbirlər, missiyalar çərçivəsində əzəli torpaqlarımıza səfər etməyə başladılar. Kimi dədə-baba yurduna baş çəkib, böyüyüb boya-başa çatdığı evin xarabalıqları qarşısında göz yaşı tökür, kimi vəzifə borcunu yerinə yetirərək bunu lentə alır, kimi də Qarabağın füsunkar təbiət mənzərələrindən ilhamlanaraq şeir nümunələri yaradırdı. Necə deyərlər, tam idilliya. Amma başqa cür düşünənlər də oldu. Arqumentləri də belə: “Bəs müharibə vaxtı harada gizlənmişdiniz, onda nə üçün dəstə bağlayıb bu yerlərə gəlmirdiniz?”.

Şuşada musiqi festivalı təşkil olundu. Sənətkarlarımız, gənc istedadlarımız, xalq yaradıcılıq qrupları ərənlərimizin fəth etdikləri dağları əsrarəngiz Azərbaycan melodiyalarına, şux ifalarının sədalarına boyadılar, onilliklərlə arzusunda olduğumuz hadisə gerçəyə çevrildi. Amma... Yenə də narazılar tapıldı: “Cavanlarımız orada şəhid oldu ki, siz indi yığışıb orada konsert verəsiniz? Ayıb olsun!”.

Cıdır düzündə rəqqaslar məharətlərini göstərdilər, müğənnilər kliplər ərsəyə gətirdilər, bacardıqları tərzdə bu zəfərdən doğan sevinclərini ifadə etdilər. Çifayda! Yenə də ağız büzənlər tapıldı: “Oğullarımız ona görə qan tökmüşdülər ki, siz orada şıllaq atasınız?”.

Bəli, əziz həmvətənlər. Bəli və yenə də bəli! Şəhidlər elə ona görə canlarından keçdilər ki, Şuşa dağlarında Qarabağ şikəstəsi səslənsin, Cıdır düzündə azərbaycanlılar əl-ələ verib “Yallı” oynasınlar, Gövhərağa məscidindən azan səsi gəlsin, o torpaqlarda orkestrlər ölməz Üzeyirin ölməz uvertürasını ifa etsinlər. Bəs, başqa nə? Məgər ali məqsəd əzəli tarixi torpaqlarımızı qaytarıb o yerlərin əsl sahiblərinə təhvil vermək, o torpaqlara ruh üfürmək, diriltmək deyildimi?

Bu yerdə İkinci Qarabağ müharibəsinin ilk günlərində, səhv etmirəmsə, Lənkəranda lentə alınan bir hadisəni xatırlatmaq istərdim. Böyük izdihamla cəbhəyə yola salınan cavanlardan biri əyləşdiyi avtobusun pəncərəsindən bayıra boylanaraq toplaşanlara belə xitab etdi (mətn yaddaşa həkk olan kimi qeyd edilib): “Ay camaat, heç narahat olmayın! Düşmənin başını əzəcəyik. Ola bilər ki, biz şəhid olduq. Gözəl ölümdür. Burda qalsaq, bəlkə elə maşın vurub öldürəcəkdi? Canınız sağ olsun! Yeyin, için, kef edin, düşmənin bağrı çatlasın!”..

Bu sözləri deyən gəncin sonrakı aqibətindən bixəbərik. Təki sağ-salamat əzizlərinin yanına qayıdaydı. Amma onun söylədiyi sözlərdə böyük hikmət var. “Xarıbülbül” festivalı zamanı Şuşada təşkil edilən atəşfəşanlığa ermənilərin reaksiyası bu addımın düzgün atılmasına dəlalət etmirmi? Həqiqətən də, Xankəndidən heyrətlə dağlar qoynundakı zəfər nişanəsini izləyən düşmənin bağrını yaran mənzərə idi!

Allah şəhidlərimizə rəhmət eləsin. Onların haqqını ödəmək qeyri-mümkündür və onların ruhları qarşısında baş əyirik. Amma onlar sinələrini qalanların xoş güzarını üçün sipər etdilər. Sipər etdilər ki, Kəlbəcərdə, Füzulidə, Şuşada, Laçında azərbaycanlılar yaşasınlar, azərbaycanlılar şənlənsinlər, şairlər Azərbaycan dilində poemalar yazsınlar, rəqqaslar qədim Azərbaycan rəqslərini şıdırğı oynasınlar, çəmənlikdə azərbaycanlı körpələr qaçışsınlar.

Əlbəttə ki, oğlunu, atasını, qardaşını itirənləri bu dərd sağalmaz yara olaraq qəbir evinə kimi müşayiət edəcək. Lakin həyatın axarını saxlamaq mümkün deyil. Böyük xalq dünəni ilə yaşayan xalq deyil, dünənini unutmayıb gələcəyə inamla baxan xalqdır. Biz isə böyük xalqıq, şəhidlərimiz də qəhrəmanlıq salnaməsi yazaraq bunu bütün dünyaya sübut etdilər. Qoy Qarabağımızda həmişə toy-büsat olsun!

Müəllif: Polad Xudayarlı