“Müdafiə naziri Yoav Qalant gecə ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıb”
İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinə telefonla İranın hərbi obyektlərinə hücumun nəticələri barədə məlumat verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Müdafiə naziri Yoav Qalant gecə ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıb”, - bəyanatda vurğulanıb.
Qalant həmçinin raket istehsalı obyektlərinə, yerdən havaya raket sistemlərinə və digər hədəflərə zərbələrin müvəffəqiyyəti ilə bağlı ilkin qiymətləndirmələri müzakirə edib.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar edildiyini açıqlayıb. İran beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.