Rusiyada iki günlük səfərdə olan Modi Putinlə şam yeməyində məsələ qaldırıb
Baş nazir Narendra Modinin Rusiya Prezidenti Vladimir Putindən tələb etməsindən sonra Rusiya Ukraynadakı müharibəyə cəlb edilmiş bütün Hindistan vətəndaşlarını ordudan geri çağıracaq. AYNA xəbər verir ki, bu barədə məlumatlı mənbələr NDTV-yə bildiriblər.
Onlar deyiblər ki, Rusiyada iki günlük səfərdə olan Modi Putinlə şam yeməyində məsələ qaldırıb.
NDTV-nin həmsöhbətlərinin bildirdiyinə görə, Rusiya Prezidenti Hindistanın Baş nazirinin xahişini yerinə yetirəcəyini və Hindistan vətəndaşlarının vətənlərinə qayıtmasını asanlaşdıracağını vəd edib.
“Sizin öz ideyalarınız var, siz çox enerjili insansınız. Siz Hindistanın və Hindistan xalqının maraqlarına uyğun nəticələr əldə etməyi bilirsiniz”, - Putin Modi ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi görüşü zamanı deyib.
Hindistan hakimiyyəti ilin əvvəlində Ukraynadakı müharibədə əsir düşən həmyerliləri ilə bağlı Moskva ilə əlaqə saxlayıb. Hindistan Xarici İşlər Nazirliyi Rusiya Müdafiə Nazirliyindən hindlilərə müqavilələrin bitməsini gözləmədən ordunu tərk etmələrinə icazə verməyi xahiş edib.
Hindistan Xarici İşlər Nazirliyi hindistanlıların aldadaraq Rusiya ordusuna qoşulduqlarını iddia edib. Hindistanda fəaliyyət göstərən işəgötürənlər ölkə vətəndaşlarına “Rusiyada yüksək maaşlı iş” təklif edir və gənclərə Rusiyanın özəl universitetlərinə qəbulda köməklik göstərəcəklərini vəd edirdilər.