Putin rusların “damarına işləmək” istəyir: “O, nədə oynaya biləcəyini anladı”

Dünya

25.07.2023 - 10:15

Vladislav İnozemtsev: “Rusiyada hər zaman imperiya əhval-ruhiyyəsi çox güclü olub və o, heç vaxt milli dövlət olmayıb”

Rusiya lideri Vladimir Putin cari ilin büdcəsində rekord məbləğdə (40 milyard rubl) vəsait ayırmaqla, məktəblərdə və universitetlərdə hərbi təbliğatın aparılması işini gücləndirməyi tapşırıb. Bu ölkənin Təhsil Nazirliyi və “Rosmolodej” birlikdə Putinin Millətlərarası Münasibətlər Şurasının iclasından sonra verdiyi göstərişlər siyahısına əsasən, “tələbə və məktəb mühiti arasında xüsusi hərbi əməliyyatın səbəb və məqsədlərinin izahı ilə bağlı məlumat işinin aparılması” üçün “əlavə tədbirlər” görməlidir.

Kremlin saytında dərc olunan sənədə əsasən, həmin idarələrə ilhaq edilmiş Ukrayna ərazilərinin – “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin gəncləri ilə işi gücləndirmək tapşırılıb. Təcili olaraq əlavə tədbirlərə ehtiyac var - 2023-cü il oktyabrın 1-nə qədər icrasına başlanılmalıdır. Onların məqsədi Prezidentin tapşırığına əsasən, "ümumrusiya vətəndaş kimliyinin gücləndirilməsi", həmçinin "millətlərarası münasibətlərin uyğunlaşdırılması"dır.

2023-cü ildə Rusiya Federasiyası hökuməti "Təhsil" milli layihəsi çərçivəsində "vətəndaşlar arasında vətənpərvərlik tərbiyəsi" üçün xərcləri 6 dəfə artırdı. Əgər 2022-ci ilin büdcəsində hərbi təbliğat dərsləri, ləvazimatların alınması və uşaq “vətənpərvərlik” düşərgələrinin maliyyələşdirilməsi üçün 6,47 milyard rubl ayrılmışdısa, bu il artıq 39,7 milyard rubl (+510%) təşkil edir. 2024-cü ildə bu məbləğin daha 13% artırılaraq 44,32 milyard rubla çatdırılması planlaşdırılır.

"Vətənpərvərlik" dəyəri məktəblərin rəqəmsallaşdırılmasına ayrılan vəsaitdən 3,5 dəfə (12,3 milyard rubla qədər azaldılıb) və "Hər bir uşağın uğuru" federal layihəsinə ayrılan vəsaitdən dörd dəfə çox olacaq (onlar 11,05-dən 9,5 milyard rubla qədər azaldılıb).

Keçən il sentyabrın 1-dən etibarən səlahiyyətlilər bütün rus məktəblərində sinif saatları əvəzinə "vacib olanlar haqqında danışmağa" başladılar - Təhsil Nazirliyinin qərarına əsasən, şagirdlərdə ölkə üçün "qürur" və "vətənpərvərlik" formalaşdırmalı olan hərbi təbliğat dərsləri aparıldı.

Bundan əlavə, orta məktəb şagirdlərinin sentyabr ayından etibarən oxuyacaqları yeni Rusiya tarixi dərsliyində Ukrayna müharibəsi və ondan əvvəlki hadisələrə həsr olunmuş yeni fəsil də var. Orada işğalın səbəbini izah edilir və xüsusən də Ukraynanın “neonasist dövləti” olduğu bildirilir. “Vedomosti” dərsliyin məzmunu ilə tanış olub.

Fəsil 17 bənddən ibarət olacaq, o cümlədən: “21-ci əsrin əvvəllərində Qərblə münasibətlər”, “ABŞ-dan Rusiyaya təzyiq”, “Nasizmin dirçəlişi”, “Ukrayna neonasizmi”, “2014-cü ildə Ukraynada çevriliş”, “Ukrayna neonasist dövlətidir” və “Xüsusi Hərbi Əməliyyat” (XHƏ).

Dərslikdə deyilir ki, 2014-cü ildə Kiyevdəki "çevriliş"dən sonra Donbasda "xalq üsyanı" başladı: guya orada "əfqan veteranları, polislər, müəllimlər, şaxtyorlar"ın könüllü yaratdıqları xalq  milisi formalaşmağa başladı.

Ukrayna ilə bağlı paraqraflarda deyilir ki, “bu gün Ukraynada istənilən fərqli fikir ciddi şəkildə təqib olunur, müxalifət qadağandır, rusların hər şeyi düşmən elan edilir”. Burada həm də “dekommunizasiya” siyasətindən və Ukrayna ordusunda “bütün dünyada qadağan olunmuş SS bölmələrinin simvollarının geniş yayıldığı” deyilir. Qeyd edilir ki, guya Ukraynada  “Moskalları gilyotinaya”, “Rusları öldürün”, “Moskallara ölüm”, “Yaxşı rus – ölü rusdur” şüarları geniş yayılıb.

Sonra müəlliflər yazır ki, Kiyev “nüvə silahı əldə etmək” qərarına gəlib və “NATO-ya daxil olmaq dövlət vəzifəsi kimi Ukrayna konstitusiyasında təsbit edilib”. “Krımın qaytarılması (Ukraynanın hərbi doktrinasına görə) Kiyev tərəfindən 1 nömrəli tapşırıq elan edilib”, - dərslikdə deyilir. Bu səbəbdən Rusiya guya qabaqlayıcı zərbə endirdi və bunu vaxtında etməsəydi, ABŞ və İngiltərədən tutmuş Almaniya və Fransaya qədər bütün NATO ilə “müharibə vəziyyətinə düşəcəkdi”.

Dərsliyin müəllifləri tanınmış simalar - Prezidentin köməkçisi Vladimir Medinski və MDBMİ-nin rektoru Anatoli Torkunovdur.

Maraqlıdır, Rusiyada hakim rejimin bütün bu səyləri, müharibə aparması öz nəticəsini verəcəkmi? Yəni onsuz da cəmiyyətin nə qədər beyni yuyulub ki, gənc nəsillər bu hərbi təbliğatı həqiqət kimi sinirsin və müəyyən müddətdən sonra sakitcə qardaş qırğınına gedənlərin sırasına qoşulsunlar?

Mövzunu AYNA-ya tanınmış rus sosioloq, politoloq, Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri Vladislav İnozemtsev şərh edib:

“Fakt budur ki, avtoritar cəmiyyətlərdə, xüsusən də qarşıdurma və müharibə şəraitində təbliğat ideyası çox aktuallaşır. Putin burada orijinal deyil, o, uzun müddətdir ki, bunu edir - revanşizm, Rusiya tarixinin, xüsusən də müharibələrlə əlaqəli səhifələrinin tərənnümü. Və yeni tədris ilindən məktəblərə və universitetlərə çatmalı olan yeni dalğanın indi getməsi təəccüblü deyil. Yəni, Rusiya çox açıq şəkildə öz imperiya mahiyyətinin dirçəldilməsi, sərhədlərin yenidən cızılması, əvvəlki təsirinin bərpası üzərində dayanıb, amma bunu real hərəkətlərlə reallaşdıra bilmədiyi üçün (Ukraynanı tutmayıb) hücumu inkişaf etdirə bilmir, Avrasiya inteqrasiyası ilə uğur qazana bilmir, ona görə də təbliğat əslində mövcud olan reallığı əvəz edəcək.

Əvvəllər eyni cənab Torkunov kimi, ümumiyyətlə, normal olan insanların indi bu işə qarışması – bu da başadüşülən prosesdir. Yəni Rusiyada qalmısansa, orada işləmək istəyirsənsə, o zaman bunu sənə verilən qaydalara uyğun etməlisən.

Bəli, əlbəttə ki, hərbi təbliğata çoxlu pul xərclənəcək. Onlar təbii ki, çox səmərəsiz xərclənəcək. Çünki nəticəni yoxlamaq mümkün deyil. Orada bir neçə ton tullantı kağızı çap etmək olar, amma təbii ki, bütün maraqlı tərəflər tərəfindən böyük pulların bölüşdürülməsi də bu məsələni müəyyən dairələr üçün aktuallaşdırır.

Əhalinin təbliğat sərxoşluğu, şübhəsiz ki, davam edir və bu, çox güclüdür. Bunu qiymətləndirməmək olmaz. Yəni, indi Rusiyada olan və Ukraynadakı müharibəni dəstəkləyən insanlar - bu, çoxlu sayda insandır, məncə, hətta əksəriyyətdir - sadəcə olaraq bu təbliğatın əsiridir. Bütövlükdə, hətta müxalifətin və normal insanların onları deşifrə etmək cəhdləri əslində böyük uğura gətirib çıxarmır. Çünki müharibədən sonra da almanların şüurunu nasist təbliğatından təmizləmək üçün uzun illər səy sərf edildiyi Hitler Almaniyası ilə öz vaxtında olduğu kimi uğursuzluqlar - hərbi məğlubiyyətlər lazımdır. Eyni şey burada da doğrudur.

Bir çox insan deyir ki, televizoru söndürün və insanlar bir neçə ay ərzində normal vəziyyətə qayıdacaqlar. Bu, doğru deyil. Düşünürəm ki, bütün bunların aradan qaldırılması üçün uzun illər və böyük səylər lazımdır. Həqiqətən çox dərindir. Rusiyada imperiya əhval-ruhiyyəsi çox güclü olduğu üçün Rusiya heç vaxt milli dövlət olmayıb - o, hələ Moskva dövründə imperiya kimi formalaşıb, imperiya kimi inkişaf edib, indi isə imperiya kimi mövcuddur. Və onun kökünü kəsmək mümkün deyil.

Belə başa düşmək lazımdır ki, Putin bu ideya ilə çıxış etməyib. Putin, bəlkə də təhlil edərək, bəlkə də, sadəcə olaraq əhalinin əhval-ruhiyyəsinin vəziyyətini hiss edərək, nədə oynaya biləcəyini başa düşdü. Və ümumiyyətlə, o, sadəcə olaraq əhalinin özündə olan o baxışları parçalayıb, ideologiya şəklinə salıb, yenidən insanların beyninə yerləşdirib. Ona görə də bu təsiri məhv etmək son dərəcə çətin olacaq. Buna illər, bəlkə də, onilliklər lazımdır”.

Müəllif: Rauf Orucov