Pulumu qızıla yatırım, yoxsa banka, bəlkə yastıq altında saxlayım...

Cəmiyyət

02.02.2020 - 16:18

“Banka pul qoymaq və aldığı faizlə yaşamaq üçün evlərini satan insanlar var”

 

Sıravi vətəndaşların pullarını yığması və artırması üçün əsas yollardan biri banklara əmanət yatırılmasıdır. Hazırda başqa alternativ də görünmür - daşınmaz əmlakın dəyəri ucuzlaşır, ölkənin qiymətli kağızlar bazarında inkişaf yoxdur, əhalinin əksər hissəsinə bizneslə məşğul olmaq imkanı verilmir. Ayrıca, qızıl qiymətinin qeyri-sabitliyi bu dəyərli metala səhm yatırmağı risk altına salır.

 

Mövcud vəziyyəti AYNA-ya şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, adətən depozit gəlirli hesab olunsa da, hazırda daxili əmanət bazarında çətin situasiya yaranmağa başlayıb: “Ötən ilin dekabr ayının əvvəlinə bankların depozit portfeli 23,6 milyard manat məbləğində olmaqla, kredit portfelini 8 milyard manata qədər üstələdi. Bu, maliyyə qurumları üçün ciddi bir yük deməkdir, çünki əmanətlər, xüsusilə də müddətli əmanətlər üzrə illik 10% ödəməlidirlər. Göründüyü kimi, vəziyyəti həll etmək üçün maliyyə təşkilatlarının kreditləşməni artırması kifayətdir, lakin bu, həmişə bir nəticə vermir”.

 

Bank-maliyyə eksperti Əkrəm Həsənov isə qeyd edir ki, depozit dərəcələrinin azalması daha çox bankların kredit verə bilməməsi ilə əlaqədardır: “Ucuzlaşma, əlbəttə ki, əhalinin bu bank məhsuluna olan marağını azaldacaq. Həqiqətən, iki onillik ərzində çox yüksək faiz dərəcələri olan bank əmanətləri bəzi vətəndaşlarımız üçün yaşayış vasitəsinə çevrilib ki, bu da normal vəziyyətdə illik 10-15% olmamalıdır, daha yüksək olmalıdır”.

 

“Mən banka pul qoymaq və aldığı faizlə yaşamaq üçün evlərini satan insanları görmüşəm. Bu, ilk növbədə vətəndaşların pulunun təhlükəsizliyini və məqbul qazanclarını təmin edən vasitə olmalıdır. Bundan əlavə, maliyyə qurumları üçün hər şey o qədər də pis deyil. Pullarını banklara yatırmaq istəyənlər üçün məqbul şərait yaradılmalıdır”, - Həsənov bildirib.

 

Ekspertin fikrincə, bank əmanətlərinə olan marağın azalması daşınmaz əmlaka qoyulan investisiyaların artımına səbəb olacaq: “Lakin hazırda daşınmaz əmlak bazarında qiymətlər düşür. Deməli, yenə də etibarlı yol banklara əmanət qoymaqdan keçir. Düzdür, bu deyilənlər sıravi vətəndaşlara daha çox aiddir. Çünki imkanlı azərbaycanlılar xaricdə bahalı daşınmaz əmlaka sərmayə yatırmağa üstünlük verirlər”.

 

“Vətəndaşlar bu gün əmanətlər üzrə daha çox faiz təklif edən banklara üz tuturlar. Banklar manat əmanətlərinə 10%-ə, dollar əmanətlərinə isə 2,5%-ə gəlir təklif edir. Hansısa bank 9% təklif edərsə, bu, artıq vətəndaşlar üçün maraqlı deyil, çünki daha çox faiz verən banklar var. Amma banklar faizləri tədricən azalda bilər”, - Həsənov vurğulayıb.

Müəllif: Tanya Samsonova