Prokurorluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Xəbərlər

07.12.2023 - 14:41

Şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 11 aprel 2023-cü il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 72 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün 29 noyabr - 06 dekabr 2023-cü il tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarına əsasən artırılaraq 52 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 52 namizəd 11 dekabr 2023-cü il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 3 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla, müxtəlif medallarla təltif edilmişdir.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş