Azərbaycanlı jurnalist saxlanılıb

Hadisə

02.09.2019 - 14:44

Azər Kazımzadə vəkilsiz ifadə verməkdən imtina edib

 

“Dostlar, bir az əvvəl Almaniya Deggendor Kriminal polisindən zəng etmişdilər. 20 avqust 2019-cu il tarixdə Deggendorfda afrikalılarla azərbaycanlılar arasında baş verən dava faktına görə jurnalist Azər Kazımzadəni saxladıqlarını bildirdilər”.

 

AYNA xəbər verir ki, bu barədə İnteqrasiya Mərkəzi məlumat yayıb. “Bildiyiniz kimi, həmin tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən dalaşma faktına görə cinayət işi başlanmış və davada iştirak edən dörd nəfər həmvətənimiz bu vaxta kimi həbs edilmişdi”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, bu gün saxlanılan Azər Kazımzadə isə haqlı olaraq vəkilsiz ifadə verməkdən imtina edib: “Daha sonra Azər bizimlə danışdı, saxlandığını təsdiq etdi. Hazırda cinayət hüququ üzrə ixtisaslaşan vəkillərlə danışıq aparırıq və yaxın saatlarda ona vəkil tapmağa çalışacağıq”.

 

Mərkəzin məlumatına görə, Azər Kazımzadə həmin hadisənin içştirakcısı deyil: “Orada olsa da, insanları sakitləşdirməyə çalışıb. Hadisə vaxtı orada olan, azərbaycanlı olmayan bir şəxsin ifadəsi əsasında saxlanılıb. Azər Kazımzadənin kollektiv olaraq müdafiəsinə qalxmalı və onun müdafiəsini kollektiv olaraq həyata keçirməliyik. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi tanınmış jurnalist Azər Kazımzadənin müdafiəsinə qoşulmağa dəvət edirik”.

Müəllif: Ayna.az