Prezidentin köməkçisindən beynəlxalq ictimaiyyətə çağırış

Aktual

13.09.2023 - 17:26

Hikmət Hacıyev: “Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın səmərəsiz strategiyasıdır”

““Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və onun rejiminin səmərəsiz strategiyasıdır”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk”, - o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: “Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq”.

Müəllif: Ayna.az