Hikmət Hacıyev: “Münhendəki debat bir daha göstərdi ki, Prezident İlham Əliyevin təqdim etdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın birmənalı və ədalətli mövqeyi dinləyicisini tapıb”
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikola Paşinyan arasındakı müzakirələr zamanı bütün Azərbaycan vətəndaşları və dünya ictimaiyyəti Ermənistan tərəfinin Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində irəli sürdüyü əsassız iddiaların və yalanların şahidi oldu. Ermənistana qayıtdıqdan sonra Paşinyan boş ritorika və əsassız bəhanələrə əl ataraq özünü “təmizə çıxarmağa” çalışıb. Ermənistan cəmiyyəti və erməni ictimai xadimləri Paşinyanın çıxışı ilə bağlı artıq fikirlərini bildiriblər və onun mövqeyinin utancverici və zəif olduğuna işarə ediblər”.
AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Münhendəki debat bir daha göstərdi ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı kimi vacib və mənalı platformada təqdim etdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın birmənalı və ədalətli mövqeyi dinləyicisini tapıb. Bütün dünya ictimaiyyəti Ermənistanın destruktiv mövqeyinin, işğalı davam etdirmək üçün status-kvonu möhkəmləndirmək istəyinin şahidi oldu”, - deyə o bildirib.
Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri rəsmi Bakı ilə Roma arasındakı dövlətlərarası münasibətlərdə xüsusi rol oynayır: “Bu səfər ölkələrimiz arasında strateji əlaqələrin keyfiyyətcə yeni səviyyəsi ilə xarakterizə olunur. Səfər səmərəli olub. Hər iki ölkə, strateji tərəfdaşlar olaraq, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra sənədlər imzaladı”.
“Azərbaycan və İtaliya liderlərinin strateji tərəfdaşlığın çoxvektorluluğunu səciyyələndirən və siyasət, iqtisadiyyat, mədəniyyət, humanitar əməkdaşlıq sahələrində əlaqələri möhkəmləndirən birgə bəyanatını qeyd etmək istəyirəm. Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinə, ərazi bütövlüyünə, suverenliyə dair mövqe də öz əksini tapıb, bu məsələdə Azərbaycanın dəstəklənməsinə dair bəndlər var. Sənədi faydalı, səmərəli və uğurlu hesab edirəm. Səfər zamanı əldə olunan razılaşmalar gələcəkdə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişafına təkan verəcək”, - Prezidentin köməkçisi vurğulayıb.