İlham Əliyev erməni təcavüzü nəticəsində zərər dəymiş obyektlərin bərpası və zərər çəkmiş vətəndaşlarla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılır.
Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 manat vəsait ayrılır.