Prezident nəyi nəzərdə tuturdu: “Tədbirləri sərtləşdirin” deyərkən...

Cəmiyyət

08.05.2020 - 16:53

Vətəndaşlar nə qədər məsuliyyətsiz davranarlarsa, karantin rejimi bir o qədər uzadılacaq”

 

“Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək”.

 

Xəbər verdiyimiz kimi, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib. “Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində”, - deyə dövlət başçısı bildirib.

 

Söhbət nə kimi sərtləşmədən gedir? Yenidən hansı məhdudiyyətlərin tətbiq olunması mümkündür? Nə kimi qadağalar geri qayıda və ya əlavə oluna bilər?

Белорусские врачи выявили коронавирус благодаря российским тест ...

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AYNA-ya açıqlamasında suallara konkret cavab verə bilmədi: “Mən artıq qəbul edilmiş qərarlar haqqında danışa bilərəm. Bildiyiniz kimi, bu gecədən Metropoliten öz fəaliyyətinə başlayır. Sabahdan artıq metrolar açılacaq”.

 

Ölkənin baş infeksionisti Cəlal İsayev də bizimlə söhbətində qeyd etdi ki, yenidən qadağaların hansı səviyyədə olacağı barədə məlumata sahib deyil: “Gördüyünüz kimi, vəziyyət bir o qədər də xoşagələn deyil. Ölkəmizdə koronavirusa yoluxma sayı bir qədər artıb. Yumşaldılmadan sonra artmalar müşahidə edilməkdədir. İnsanlar sadəcə olaraq bu virusun olmasına inanmırlar. Düşünürlər ki, Azərbyacanda bu xəstəlik yoxdur. Amma çox təəssüf ki, xəstəlik davam edir. Və insanların bu cür səhləkarlıq etməsi, olanlara dırnaqarası yanaşması xəstəliyin yayılması üçün şərait yaradır”.

 

“Bu baxımdan da tədbilər görülə bilər. Onsuz da bu tədbirlər həyata keçirilir, tövsiyyələr verilir. İnsanların sadəcə olaraq bu tövsiyyələrə əməl etmələri lazımdır. İnsanlardan bundan əlavə heç bir şey tələb olunmur. Əgər biz qadağaların götürülməsini istəyiriksə, bu tövsiyyələrə əməl etməyimiz çox vacib şərtdir. Bu isə insanların özlərindən və davranışlarından asılıdır”, - İsayev vurğuladı.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev də AYNA-ya açıqlamasında ölkə rəhbərinin “tədbirləri sərtləşdirin” mesajına münasibət bildirdi: “Cənab Prezident öz çıxışlarında mühüm məsələlərə toxunur. Əsas məsələ ondan ibarətdir ki, ümumiyyətlə dövlət tərəfindən bütün prosedurlar, preventiv tədbirlər həyata keçirilib, bu, hər bir insanın, hər bir Azərbaycan vətəndaşının rifahından tutmuş, həssas təbəqəyə dəstəyinə, iri binesmenlərə yardımına qədər bütün bu proseslərə aiddir. Eyni zamanda, səhiyyə istiqamətində atılan addımlar, məhdudiyyətlərə nəzarət edən polisin fəaliyyəti və digər məqamlar çox mühümdür”.

 

“Bütün bunlara baxmayaraq, yumşalma dövründə məhdudiyyət götürüldükcə, Azərbaycan vətəndaşlarında sanki bir rahatlaşma olur. Bu da, aprel ayının 27-dən başlayaraq, müəyyən qədər yoluxma sayının artmasına gətirib çıxardı. Bunun qarşısını almaq çox vacibdir. Çünki beynəxlaq praktika göstərir ki, əgər məhdudiyyətlərə əməl olunmasa, bu, ağır nəticələrə gətirib çıxara bilər”, - deputat qeyd etdi.

 

Bu baxımdan Nağıyevin sözlərinə görə, vətəndaşlarımız daha məsuliyyətli olmalı və bilməlidirlər ki, hər bir yoluxma Azərbaycan dövləti üçün çox acınacaqlı vəziyyətə çevrilə bilər: “Yoluxma sayında artım çox olsa, karantin rejimi daha da uzana bilər. Müxtəlif dövlət müəssisələrinin, eyni zamanda sahibkarların işinə çox maneələr törədilə bilər. Yəni bu proseslərin qarşısını almaq üçün cənab Prezident hər kəsi bir daha məsuliyyətli olmağa dəvət etdi. Bunu Birinci vitse-prezident Mehriban xanım da qeyd etdi. Əsas məqsəd ondan ibarətdir ki, dövlət və cəmiyyət bu bəladan, problemdən az itki ilə çıxsın. Azərbaycan vətəndaşının rifahı, sağlamlığı, ölkənin müstəqilliyi Azərbaycan Prezidenti və dövləti üçün ən mühüm məsələdir”.

Müəllif: Ülviyyə Şahin