Ukrayna Təhlükəsizlik Xidməti sui-qəsd cəhdlərinin qarşısının alındığını açıqlayıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bu yaxınlarda Ukrayna lideri Volodimir Zelenskiyə qarşı iki sui-qəsd cəhdinin, o cümlədən polşalı təqaüdçünün onu məhv etmək cəhdinin qarşısını alıb. AYNA.AZ xəbər verir ki, bu barədə SBU-nun rəhbəri Vasil Malyuk bildirib.
Onun sözlərinə görə, sui-qəsd Polşanın Rzeşov hava limanında hazırlanırmış. Malyuk iddia edib ki, bunu həyata keçirmək üçün Rusiya xüsusi xidmət orqanları Sovet ideyasının tərəfdarı olan təqaüddə olan hərbçini işə cəlb edib.
"Bir neçə variant nəzərdən keçirildi. Onlardan biri pilotsuz uçan aparatı, digəri isə snayper kompleksi idi", - SBU rəhbəri bildirib.
Malyuk həmçinin qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları polşalı həmkarlarının köməyi ilə sui-qəsdin qarşısını alıblar.
“Regnum” xəbər agentliyinin verdiyi məlumata görə, SBU dəfələrlə Zelenskiyə qarşı sui-qəsd cəhdlərinin qarşısını aldığını bəyan edib. 2024-cü ilin mayında Ukrayna SBU-nun polkovnik rütbəli iki əməkdaşı saxlanılıb. Onlar vətənə xəyanətdə və Zelenskini və bir sıra digər yüksək rütbəli Ukrayna rəsmilərini aradan götürmək planlarında ittiham olunublar.
Aprel ayında SBU Zelenskiyə qarşı sui-qəsd hazırladığı iddia edilən şəxsin Polşada saxlanıldığını bildirmişdi. Onun Rusiya xüsusi xidmət orqanlarına kömək təklif etdiyi iddia edilib.
Kiyev bundan əvvəl Rusiya tərəfinin Zelenskini öldürməyə cəhd etdiyini bəyan etmişdi. 2022-ci ilin aprelində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bütün bu cür ittihamları rədd etdiyini vurğulayıb.