“Mən yenə Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! ...”
Duman. Yağışlı şəhər. Yaz yağışının leysana çevriləcəyindən ehtiyat edən şəhər sakinləri iti addımlarla gedəcəkləri ünvana çatmaq üçün tələsir. “Narın yaz yağışından nə zərər gələr ki?!” deyə düşünən bir qızdan başqa. O, saatına baxıb işə gecikmədiyindən arxayın olandan sonra yaz yağışının bahar çiçəklərində qoyduğu izlərə baxaraq yoluna davam edir.
İşə çatdıqdan sonra adəti üzrə masasının qarşısına keçib poçtunu yoxlayan qızı bir bildiriş çox təəccübləndirir: Poçt qutunuzda “Molla Nəsrəddin” var.
Həyəcanla bildirişi açan qız həqiqətən də poçt qutusunda “Molla Nəsrəddin”i tapır. Əsrin qonağı olan bu “Molla Nəsrəddin”də yazılırdı:
Başı dumanlı dağların ardından bir səs duyulur:
“Mən yenə Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! ...” Mirzə sözünü bitirə-bitirməz qarşısında tanış bir sima görür. Bu tanış simanı görüb həm sevinən, həm də təəcüblənən Mirzə deyir:
–A bəy, nə yaxşı sən də buradasan!
Mirzə ilə rastlaşan Əbdürrəhim bəy də bu təasdüfi görüşə sevinərək cavabında deyir:
–Ay Mirzə, deyəsən, üzümüzə açılan “Ədalət qapıları”ndan(“Ədalət qapıları” Əbdürrəhim bəy Haqverdiyevin əsəridir) xəbərsizsən! Bu yerlər sənə tanış gəlmir məgər?
Mirzə deyir:
–Ay bəy, vallah yaxşı dedin! Fikrim yazılarda qalır deyə bəzən harda olduğumdan özüm də xəbərsiz oluram. Ancaq bu yerlərin bahar qoxusu çox doğma gəlir mənə.
Əbdürrəhim bəy:
–Hə, əziz dostum, biz artıq xortdanı cəhənnəmə vasil etmişik. İndi bu torpaqlarda–gözəl Qarabağımızın incisi olan Şuşada baharı qarşılayırıq.
Sevincdən gözləri yaşaran Mirzə cavabında deyir:
–A bəy, bilirəm, güləcəksən. Ancaq ilk dəfədir ki, qələm əhlinin söz əsgəri olan mən sevincdən hisslərimi ifadə etməyə söz tapa bilmirəm.
Əbdürrəhim bəy dostunun sözlərinə belə cavab verir:
–Ay Mirzə, bəs sən mənə nə xəbər gətirmisən?! De görüm, İtqapan kəndində nələr baş verir?
Mirzə dərindən köks ötürür:
–Yaman yerdə axşamladıq, vallah... Nə deyim, a bəy. Novruzəlini ağıllandırmaq çətin məsələdir.
Əbdürrəhim bəy:
-Bilirəm, Mirzə, bilirəm. Amma bunun da bir çarəsini tapaq gərək.
Mirzə gülümsəyərək cavab verir:
–Yox bəy, biz daha bu işdə olmayacağıq. Qoy, bu dəfə sözü onlar desin
Əbdüürrəhim bəy təəcüblə cavab verir:
–Kimlər, ay Mirzə?!
Mirzə deyir:
–Poçt qutusunda “Molla Nəsrəddin” olanlar…
Günel Natiqqızının yazısı: xüsusi olaraq AYNA üçün