Ağdam-Xankəndi yolunda qəzaya düşən PFL əməkdaşları Bakıya göndərilir
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.
***
TƏBİB qəza nəticəsində xəsarət alan 6 nəfər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşının son durumu açıqlayıb. Bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.