“Peyvənddən ölüm riski virusdan ölməkdən yüz dəfə azdır”

Cəmiyyət

04.01.2021 - 13:35

Ədalət Rüstəm: “Vaksinlərin elə də ciddi köməyi olmayacaq, çünki virus günü-gündən mutasiyaya uğrayır”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi sonuncu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı söyləyib ki, tezliklə əhaliyə könüllülük əsasında COVID-19-a qarşı vaksin vurulmasına başlanılacaq. Sosial şəbəkələrdə apardığımız sorğuda məlum oldu ki, vətəndaşların əksəriyyəti vaksin vurdurmamaq niyyətindədir.

 

AYNA mövzu ətrafında həkim, dosent Ədalət Rüstəmlə həmsöhbət olub.

Ədalət Rüstəm - Teleqraf.com

- Doktor, vətəndaşlar arasında vaksinə inamsızlıq var...

 

- Mənim fikrimcə, vaksinlərin elə də köməyi olmayacaq. Çünki virus günü-gündən mutasiyaya uğrayır, bəzi yerlərdə mutant virus daha da aqressivləşir. Məsələn, Böyük Britaniyada COVID-19 mutasiyaya uğrayıb. Deməli, belə olan halda öncədən hazırlanan vaksinlər aqressiv virusa təsir etməyəcək. Gərək, yenidən vaksin hazırlasınlar. Düşünürəm ki, Azərbaycanda da virus aqressivləşib. Belə olmasaydı, yoluxma sayı bu qədər çox olmazdı. Çünki mutasiyaya uğrayan virusun yoluxma qabiliyyəti daha yüksəkdir. Bir sözlə, bu gün mutasiyaya uğrayan virusun sayı yüzlərlədir. Onların bəziləri zəif, bəziləri isə daha aqressivdir. Ona görə də vaksin tam kömək olmayacaq.

 

- TƏBİB sədrinin dediyinə görə, vaksinlərin əks təsiri ola bilər, heç kim bundan sığortalanmayıb. Belə olan halda, insanlar niyə risk edib vaksin vurdursunlar ki?

 

- Ramin Bayramlı doğru deyir. Vaksin bəzi insanlara mənfi təsir göstərə bilər. Hətta, ölüm ilə nəticələnə də bilər. Bu prosses bütün peyvəndlərə aiddir. Amma qeyd etməliyik ki, 1000 nəfərdən 1 nəfərində əks təsir göstərə bilər. Amma vaksini vurdurmayan 1000 nəfərdən 100-ü ölür. Deməli, vaksin vurdurmaq daha sərfəli yoldur. Üstünlük peyvənd tərəfdə olacaq. Mən də vaksin vurdurmağın tərəfdarıyam. Amma bu peyvəndin mutasiyalara təsir edib-etməyəcəyini dəqiq deyə bilmərəm.

 

- Hər kəs ümid edirdi ki, 2021-ci ildə COVID-19-a qalib gələcəyik. Amma baş verənlər arzuolunan perspektiv vəd etmir. Sizcə, bu virus bəlasından nə vaxt qurtulacağıq?

 

- Bəzi mütəxəssislər 5 il, bəziləri isə, hətta 10 ilə bu virusun bitəcəyini deyirlər. Biz koronavirusla yaşamağı öyrənəndə ona qalib gələ biləcəyik. Bu virus ilə mübarizə aparan qurumlar nə qədər tez düzgün metodla işləsə, o qədər tez biz virusa qalib gələcəyik. 15 manatlıq adi dərmanı 450 manata bizə satmasalar, insanlar vaxtında və düzgün müalicə alarlar. Hər kəs vaxtında maska taxsa, əllərini tez-tez yusa, gigiyena qaydalarına riayət etsə, daha yaxşı olar.

Müəllif: Təranə Xudabaxşiyeva