Nicat Əzimli: “Xəstəliyin yoluxuculuğu artıb, simptomsuz gedişi o qədər azalıb ki...”
Son günlərdə COVID-19 virusuna yoluxanlar və ölənlərin sayında artım dinamikası davam etməkdədir. Vaksinasiya prosesinin davam etdirilməsinə baxmayaraq, keçən il ilə müqayisədə cari ildə bu cür artım müşahidə edilməsi insanlarda müxtəlif suallar yaradır.
AYNA cəmiyyətdə yayılmış sualları infeksionist həkim Nicat Əzimliyə ünvanlayıb. Beləliklə:
- Doktor, keçən ilin indiki dövrü ilə müqayisədə bu il ölüm və yoluxma sayında daha çox artım müşahidə edilir. Bu, “Delta” varinatının xüsusiyyəti kimi qiymətləndirilsə də, peyvənd olunanlar və təbii immunitet qazananların da sayının kifayət qədər olduğunu nəzərə alsaq, yenə suallar yaradır. Bəlkə peyvəndlər yeni ştamlarda təsirli deyil?
- Bəli, yoluxmaların hazırkı dinamikası əvvəl ilə müqayisədə daha sürətli və qarşısını almaq daha çətindir. Bunun səbəbi əsasən yeni variantların yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. Xüsusilə, “Delta” variantında yüksək yoluxuculuqdan başqa təbii və süni immunitetdən qismən yayına bilmə xüsusiyyəti də var.
- Təbii immunitet qazanmış şəxslərin yenidən yoluxma riskinin minimum 6 ay olduğu deyilirdi, indiki vəziyyətdə sual yaranır: bəlkə bu müddət deyildiyindən azdır?
- Eyni variantdan söhbət gedirsə, müddətdə qısalma yoxdur. Lakin yeni variantların yuxarıda dediyimiz kimi immunitetdən qismən yayınma xüsusiyyəti də var.
- Artıq bir çox insan düşünür ki, COVID-19 qrip xarakteri alıb. Belə olduğu halda hazırkı peyvəndləri nə qədər effektiv hesab etmək olar?
- Bu fikir yanlış və əsassızdır. Heç bir statistik mənbəyə əsaslanmadan danışan həmkarlarımın dilindən yayılmış ifadələrdir və yersiz arxayınlığa səbəb olur. COVID-19 öncə öz tropluğuna və patogenezinə görə qripdən tamamilə fərqli bir xəstəlikdir və letallığında son dövrlərdə hələlik heç bir azalma görülməyib.
- Daha bir şübhə peyvənd olunmuş şəxslərin başqalarını yoluxdurmasıdır. Peyvənd olunmuş şəxs daşıyıcı kimi başqalarını yoluxdura bilərmi?
- Bəli, bu, mümkündür.
- İnsanlar iki doza peyvənd alsalar da, niyə yoluxurlar?
- İlkin səbəb Azərbaycanda geniş tətbiq olunan “CoronaVAC”ın effektivliyinin aşağı olmasıdır. Digər bir səbəb mutant variantların ortaya çıxmasıdır. Son olaraq isə heç vaxt deyilməyib ki, vaksin sizi yoluxmadan qoruyur. Deyilən odur ki, vaksin xəstəliyin daha ağır halından sizi qoruyur. Yəni siz vaksin olunmusunuzsa, yoluxa bilərsiniz, amma xəstəliyin gedişatı vaksinsiz halınıza nisbətən daha yüngül olacaq və demək olar ki, 100% ölümdən sığortalanmış olacaqsınız.
- Niyə peyvənd hər kəsdə fərqli təsir göstərir?
- Orqanizmlər müxtəlifdir. Necə ki, xəstəlik hər orqanizmdə müxtəlif gedişat göstərir, vaksin də hər insanda müxtəlif effekt verir.
- COVID-19-un müalicəsində istifadə olunan “Arbidol”, “Favipiravir”, “Remdesivir” kimi dərmanların xəstələri şoka salıb öldürdüyü barədə fikirlər səsləndirənlər var. Necə hesab edirsiniz, həqiqətən ola bilərmi ki, COVID-19-un müalicəsində istifadə olunan bəzi dərmanlar yeni ştamlarda effektiv olmasın və xəstəni şoka salaraq ölümünə səbəb olsun? Bu dərmanları istifadədən əvvəl yoxlamaq lazımdırmı?
- Minlərlə xəstə müalicə etmişik, lakin bu haqda statistika tutmasaq da, 1 nəfər belə olsa, adını çəkdiyiniz dərmanlardan şoka düşən pasiyentimiz olmayıb. Buna baxmayaraq, bu dərmanların həkim nəzarəti olmadan, ev şəraitində istifadəsi təhlükəli sayılır.
- COVID-19 xəstələrinin müalicəsində hazırda dünyada hansı dərmanlardan istifadə olunur?
- Dünyada istifadə olunan dərmanlar xəstəliyin mərhələsinə uyğun olaraq müxtəlifdir. Əsasən monoklonal anticismlər, “Konvalessent plazma”, “Remdesivir” xəstəliyin viral mərhələsində effektiv sayılır.
- COVID-19 testinin pozitiv çıxdığını öyrənən şəxslər panikaya düşürlər. Ölümlə üz-üzə dayandıqlarını düşünürlər, halbuki sağalanların olduğunu da bilirik. Eyni zamanda xəstəxana şəraitində müalicə almağa can atanalar da çoxdur. Hansı halda xəstəxana şəraiti şərt hesab olunur?
- Əslində COVID-19 85%-dən çox hallarda yüngül və asimptomatik gedişat göstərir. Lakin yüksək yoluxuculuq xüsusiyyəti olduğuna görə digər 10-15% insanların sayı da az deyil. Hansı ki onlarda kiçik həcmli olsa belə, pnevmoniya inkişaf edir. Əvvəlki dövrdə pnevmoniya xəstəsinin xəstəxanada müalicəsi göstəriş idi, indiki reallıqda isə xəstə sayının çoxluğu nəzərə alınaraq qanın saturasiya deyilən göstəricisi əsas tutulur. Ağciyərləri öz funksiyasını yerinə yetirmə qabiliyyətini qismən itirmiş şəxslər hospitalizasiya olunur. Xəstəxanada oksigenlə təmin olunur və müalicəsi aparılır.
- Kompüter tomoqrafiya (KT) müayinəsi barədə düşüncələrinizi də bilmək istərdik. Çox adam ağ ciyərlərində “buzlu şüşə” görüntüsünün artmasından, gec aşkarlanmasından qorxaraq COVID-19 testinin müsbət nəticəsi barədə bildiriş alan kimi KT müayinəsindən keçməyi zəruri hesab edir. Bir tərəfdən də həkimlər deyir ki, bu müayinənin özü də ziyandır. Sizin bu barədə düşüncələriniz necədir?
- Bu müayinəyə əksər hallarda ehtiyac yoxdur. Bu, nə həkimə, nə də xəstəyə vacib sayılan müayinədir. Xəstənin durumunu bilmək üçün auskultasiya (ağciyərin dinlənilməsi) edib, vəziyyəti anlamaq təcrübəli həkimə kifayət edir. Əgər ehtiyac yaranarsa, buna göstəriş verilə bilər.
- Bir ailədə elə olur ki, bircə nəfər yoluxur, xəstəliyi yataqda, ciddi müalicə ilə keçirir, amma ailənin digər üzvləri özlərində heç bir əlamət hiss etmirlər. Bu halda deyə bilərikmi ki, mütləq həmin ailənin digər üzvləri də yoluxub, amma simptomsuz keçirirlər, yoxsa bu necə olur?
- Son vaxtlar bu dediyiniz mənzərəyə çox az rast gəlinir. Xəstəliyin yoluxuculuğu o qədər artıb və simptomsuz gedişi o qədər azalıb ki, yoluxmuş şəxsin ailəsinin digər üzvlərində də ən azı qızdırma ilə 90% hallarda rastlaşırıq.