“Vaksinasiyadan imtina edən insanlara məsləhət vermək mənə düşməz, sadəcə istərdim ki, keçən ilin bu günləri keçirdikləri narahatlığı xatırlasınlar”
Aprelin 9-dan etibarən ölkəmizdə media nümayəndlərinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. Jurnalistlər Mətbuat Şurasının (MŞ) binasında peyvənd olunur. KİV nümayəndələrinə Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “Coronovac” vaksini vurulur.
MŞ sədri Əflatun Amaşov bildirib ki, indiyədək peyvənd olunmaq istəyən 200-dək jurnalistin siyahısı təqdim olunub.
Media nümayəndələri üçün kampaniya çərçivəsində olmasa da, fərdi şəkildə peyvənd olunan jurnalistlərdən biri də radio-aparıcı Əzizə İsmayılovadır. Həmkarımız peyvəndləmə prosesi barədə fikirlərini AYNA ilə bölüşüb.
- Əzizə, peyvənd olunmamışdan əvvəl hər hansı bir xəstəliklə bağlı analizlər aparıldımı? Allergik reaksiyalara qarşı analiz götürüldümü?
- Peyvənddən əvvəl təzyiqimi və saturasiyanı ölçdülər. Allergiyam olub-olmadığını soruşdular. Bildirdim ki, heç vaxt heç nəyə allergiyam olmayıb. Sonra pevəndi vurdular. Peyvənddən sonra 20 dəqiqə oturub gözləməyimi xahiş etdilər. 20 dəqiqə sonra özümü necə hiss etdiyimlə maraqlandılar. Özümü normal hiss etdiyimi bildirdim. Dedilər ki, 3 gün su vurmaq və spirtli içki qəbul etmək olmaz. 3 gün ərzində orqanizmdə hansısa narahatlıq ola bilər. Bu, bədənlə peyvəndin təmasından yaranan hansısa diskomfort ola bilər və çox normaldır. Bir dərman adı dedilər və bildirdilər ki, “əgər özünüzü aşırı pis hiss etsəniz, onu qəbul edə və ya bizə yaxınlaşa bilərsiniz”.
- Peyvənd olunduqdan sonra hansı əks təsirlərini gördün? Bu gün artıq peyvənd olunmandan neçə gün keçir? Özünü necə hiss edirsən?
- Mart ayının 25-də ilk peyvənd vurulub. 2-ci mərhələ aprelin 22-ə təyin olunub. Özümü çox normal hiss edirəm. Hələlik heç bir ağrı və ya diskomfort yaşamamışam.
- Peyvənd olunmadan imtina edən insanlara nə məsləhət görürsən?
- Peyvənd olunmaqdan imtina edən insanlara məsləhət vermək və ya nəyisə tövsiyə etmək mənə düşməz. Sadəcə istərdim, keçən ilin bu günləri keçirdikləri narahatlığı yadlarına salsınlar. Hamı narahat idi ki, görəsən, bu virusun peyvəndi nə vaxt kəşf olunacaq, görəsən, qiyməti neçəyə olacaq, kasıblar da peyvənd oluna biləcək, yoxsa yalnız varlılar yararlanacaq? İndi peyvənd var və varlı-kasıb yanaşması yoxdur.
- Peyvənd haqqında yayılan neqativ fikirlər barədə nə deyə bilərsən?
- O ki, qaldı peyvənd haqqında yayılan müxtəlif neqativ fikirlərə, zənnimcə, bu məsələdə də bir əsas nüansı diqqətdən qaçırmaq olmaz - peyvənd trilyonlarca gəlir deməkdir və o gəliri hər iddialı dövlət özü əldə etmək üçün hər cür informasiya toqquşmalarına gedə bilər. Bu günə kimi dünyada peyvənddən sonra hansısa qorxulu halın yaşanması ilə bağlı tutarlı dəlil yoxdur. Belə şey olsa, heç bir ölkə milyardlarından keçib vətəndaşını təhlükəyə atmaz.