“Ümid edirik ki, bu cür təxribatçı dəvətlər qəbul edilməyəcək”
“Ukrayna hakimiyyətinin BMT nümayəndələrinə göndərdiyi Kursk vilayətinə səfər dəvəti xalis təxribatdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Ümid edirik ki, bu cür təxribatçı dəvətlər qəbul edilməyəcək. Biz bu cür təxribatçı bəyanatların ayıq qiymətləndirilməsinə ümid edirik”, - Rusiya Federasiyası Prezidentinin nümayəndəsi bildirib.
Sentyabrın 16-da “Reuters” agentliyi Ukraynanın xarici işlər naziri Andrey Sibiqaya istinadən xəbər verib ki, ölkə rəhbərliyi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) “Kursk vilayətində humanitar səylərə qoşulmağı” xahiş edib. Məlumata görə, xarici siyasət idarəsinin rəisi bu yaxınlarda Sumı vilayətinə səfəri zamanı bu barədə danışıb.
Nazir qeyd edib ki, Kiyev adıçəkilən təşkilatların Rusiya ilə sərhəd bölgəsində işini asanlaşdırmağa və “onlara beynəlxalq humanitar hüquqa sadiqliyini sübut etməyə” hazırdır. Sibiqa əlavə edib ki, Rusiya regionunun işğalı zamanı ukraynalı əsgərlər yerli sakinlərə humanitar yardım edib və onlar üçün təhlükəsiz keçid təşkil ediblər.