Peskov: “Azərbaycan bizim dostumuz, tərəfdaşımız və müttəfiqimizdir”

Aktual

22.04.2024 - 16:29

“Moskva və Bakının əlaqələri daha da gücləndirmək üçün siyasi iradəsi var”

“Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zəngin ənənələri və əməkdaşlığın inkişafı üçün böyük potensialı ilə seçilir”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Jurnalistlər ondan Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərini şərh etməyi xahiş ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan liderinin səfəri Baykal-Amur magistral xəttinin (BAM) tikintisinin başlanmasının 50 illiyinə təsadüf edir. Eyni zamanda, media işçiləri Rusiya lideri Vladimir Putinin Azərbaycana bu qədər yaxından diqqətinin nə ilə izah olunduğunu soruşublar.

Peskov isə cavabında deyib: “Çünki Azərbaycan bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir. Həqiqətən də bizim çoxlu ümumi maraqlarımız var. Bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var”.

Peskov əlavə edib ki, Moskva və Bakının əlaqələri daha da gücləndirmək üçün siyasi iradəsi var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiya paytaxtına işgüzar səfər edib. Azərbaycan Prezidentinin Mətbuat Xidməti səfərin Putinin dəvəti ilə təşkil edildiyini açıqlayıb.

Moskvada dövlət başçıları arasında görüşün baş tutacağı gözlənilir. Görüş zamanı Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti və ölkələr arasında münasibətlərin inkişafını müzakirə edəcəklər.

Müəllif: Ayna.az