İcazəsiz etiraz aksiyası keçirmək istəyənlərə xəbərdarlıq edilir

Siyasət

15.10.2019 - 17:44

BŞBPİ: Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı alınacaq

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən AYNA-ya bildirilib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı alınacaq.

 

“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”, - deyə BŞBPİ-dən qeyd olunub.

 

Qeyd edək ki, Milli Şura oktyabrın 19-da mitinq keçirmək niyyəti ilə Bakı ,əhər İcra Hakimiyyətinə müraciət edib. Sosial şəbəkələrdə mitinqə icazə verilməyəcəyi təqdirdə, paytaxtın "28 May" metrostansiyası ətrafında aksiya keçiriləcəyi ilə bağlı çağırışlar yayılıb.

Müəllif: Ayna.az