Paşinyandan işğal etirafı

Siyasət

26.08.2020 - 13:26

Görəsən, Baş Nazir Ermənistanın İstiqlal Bəyannaməsini oxuyub?

 

Avqustun 23-də Ermənistan İstiqlal Bəyannaməsinin qəbul edilməsinin 30 illiyini qeyd etdi. Bununla əlaqədar Ermənistanın Baş Naziri Nikol Paşinyan rəsmi “Facebook” səhifəsində bir yazı paylaşdı.

 

Onun fikrincə, Ali Sovet tərəfindən 1990-cı il 23 avqustda qəbul edilən Ermənistanın İstiqlal Bəyannaməsi müstəqil dövlətin qurulması prosesinin əsasını qoydu: “Sonrakı 30 il bir çox sınaq, uğursuzluq və qələbələrlə dolu idi. Bu qələbələrin ən başlıcası Ermənistan ordusunun yaranmasına zəmin və təkan verən Qarabağdakı şərəfli azadlıq müharibəsi idi”.

 

Bu sətirlərlə Ermənistanın Baş Naziri Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfi olduğunu bir daha təsdiqlədi. Bununla yanaşı, Ermənistanın "Qarabağın təhlükəsizliyinin qarantı" olduğunu bir daha xatırladan Paşinyan öz savadsızlığını etiraf edir.

 

Məsələ ondadır ki, Ermənistanın İstiqlal Bəyannaməsində Dağlıq Qarabağın Ermənistanla yenidən qovuşduğu bildirilir. Bu fakt Ermənistanın qonşu dövlətə qarşı ərazi iddiaları irəli sürdüyünü və hərbi təcavüz nəticəsində Azərbaycanın ərazilərini işğal etdiyini sübut edir. Deklarasiyadakı bu bəndi qəbul etməklə Ermənistan qanunvericilik səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ilhaqını rəsmiləşdirdi. Ermənistanın Müstəqillik Bəyannaməsindəki bu bənd erməni təbliğatının "Dağlıq Qarabağ xalqı"nın "öz müqəddəratını təyinetmə hüququnu" həyata keçirdiyi barədə bütün dediklərini, uydurmalarını darmadağın edir.

 

Və Paşinyanın bəyannamənin 30-cu ildönümü ilə əlaqədar səsləndirdiyi "Qələbə qazanılan iyul döyüşləri sübut etdi ki, Ermənistanın ölkənin təhlükəsizliyini qorumağa qadir olan döyüşə hazır bir ordusu var" ifadələri Azərbaycan əsgərlərinin erməni baş leytenantı Qurgen Alaverdyanı ələ keçirmələri fonunda oıduqca absurd görünür.

 

Ermənistan Müdafiə Nazirliyi Qurgen Alaverdyanın pis hava şəraiti səbəbindən azdığı barədə bəyanat yaysa da, hətta, Azərbaycan tərəfinin iddia etdiyi kimi, təxribat qrupunda olmasa belə, erməni zabitinin Azərbaycanın Ermənistanla həmsərhəd olmayan Goranboy bölgəsi ərazisində “itməsi”, Paşinyanın ordunun döyüş effektivliyi barədə dediklərində həqiqət yükünün nə qədər olduğunu dəqiq göstərir.

 

Bundan əlavə, əsir götürülən Qurgen Alaverdyanın Ermənistanın Qeqarkuni bölgəsinin Martuni şəhərinin sakini olduğu məlum olub. Bu, İrəvanın İstiqlal Bəyannaməsinə görə, Ermənistanla yenidən “birləşmiş” Azərbaycan ərazilərini işğal altında saxlamasının bir daha təsdiqidir.

Müəllif: Asif Aydınlı