“Paşinyan məğlubiyyətin məsuliyyətini parlamentin üstünə atdı” – <font color=red> DEPUTAT</font>

Siyasət

02.10.2020 - 15:36

Fəzail Ağamalı: “Düşmən Azərbaycan Prezidentinin bəyanatlarını diqqətə almadı və düşündü ki, onlar daxili auditoriyaya yönəlib”

 

Sentyabrın 27-də erməni təxribatına cavab olaraq, Azərbaycan Ordusunun güclü əks-hücum əməliyyatına başlamasının səhərisi günü – sentyabrın 28-də Ermənistanın Baş Naziri Nikol Paşinyan parlamentdə çıxış edərək gərginliyin qarşısının  alınması üçün, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılaşmağı təklif edib.

 

“Əgər biz bununla razıyıqsa, o zaman baş verənləri elə indi dayandıra bilərik. Mən istəyirəm ki, Ermənistan parlamenti bunu qeydə alsın. Əgər razıyıqsa, elə indi bu məsələni həll edə bilərik”, - Paşinyan deputatlara müraciətində deyib.

 

Mövzu ilə bağlı AYNA-ya danışan Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib ki, Paşinyanın bu təklifi yaranmış situasiyadan çıxmaq və məsuliyyəti parlamentin üzərinə qoymaq məqsədi daşıyırdı: “Çünki Paşinyanın hökumət başçısı olaraq, Azərbaycan Ordusunun imkanları ilə bağlı əlində kəşfiyyat məlumatları var və o bilir ki, Azərbaycan Ordusu ilə üz-üzə gəlmək həm Ermənistanın, həm də Paşinyanın fəlakəti deməkdir. Ona görə də vəziyyəti öz xeyrinə müəyyənləşdirmək və özünü gələcək ağır və sarsıdıcı zərbələrdən sığortalmaq üçün bu təkliflə çıxış etdi. Parlament isə bu təklifə “yox” dedi. Bununla da Paşinyan məsuliyyəti parlamentin üzərinə qoydu”.

Fəzail Ağamalı və Fərəc Quliyev yenidən deputat olmaq istəyirlər

“Başqa dildə desək, Paşinyanın bu hiyləgər yanaşması, gələcəkdə “mən vaxtı ilə demişdim ki, muxtariyyət məsələsi olsa, hücum əməliyyatlarına son qoyula bilər. Siz buna razılaşmadınız, deməli məsuliyyət sizdədir” deməsinə imkan yaradır. Bununla da vəziyyətdən çıxmağa çalışacaq. Ancaq düşünürəm ki, bu, Paşinyan üçün xilas yolu deyil. Çünki artıq 5-cü gündür Azərbaycan Ordusunun davam edən əks-hücum əməliyyatları Ermənistana çox ağır və sarsıdıcı zərbələr vurub, qəhrəman əsgərlərimiz, zabitlərimiz ciddi uğurlara imza atırlar. Mənə belə gəlir ki, bir neçə gün ərzində biz tamamilə Ermənistanın barmaqla sayıla biləcək yüksəkliklərdəki mövqelərini də darmadağın edəcəyik və onlar ağ bayraq qaldırmağa məcbur olacaqlar”, - deputat vurğulayıb.

 

Ağamalının fikrincə, gələcəkdə bir daha belə halların baş verməməsi üçün, ölkə başçısının da dediyi kimi, bu məsələ həmişəlik və biryolluq öz həllini tapmalıdır: “Tarixə nəzər salsaq, 1918-ci ildə də eyni vəziyyətin baş verdiyini görərik. 1920-ci ildə isə bolşevik qoşunları Azərbaycanı işğal edəndən sonra Azərbaycanın torpaqlarını Ermənistana vermək istəyi ilə avantüra yuvası və partlayacaq mina yaratmışdı. Lakin o zaman çox çətinliklə Dağlıq Qarabağı Azərbaycanın ərazisində saxlaya bildik. Lakin bu mina sonradan partladı və 30 ildir ki, biz bu işğalın içindəyik. Ona görə də mən əminəm ki, ölkə Prezidenti elə bir vasitəylə bu məsələni sona çatdıracaq ki, bu, gələcəkdə yeni fəsadlar yaratmasın və yeni separtaçılıq elementlərini özündə cəmləşdirməsin. Bir sözlə, problemin həllində yekun söz Ermənistanın deyil, Azərbaycanın ixtiyarındadır”.

 

“Azərbaycan vaxtı ilə hüququn gücündən istifadə etməyə çalışsa da, Ermənistan və onu himayə edən dövlətlər bununla razılaşmadı, onlar düşündülər ki, işğalı Azərbaycan xalqına unutduracaqlar: “Təbii ki, bununla da böyük səhvə yol verdilər. Onlar bizim xalqın tarixi keçmişini kifayət qədər doğru və düzgün qiymətləndirmədilər. Azərbaycanın tarixi torpaqlarında dünyada tarixi kökləri olmayan Ermənsitan dövləti yaradılsa da, onunla üz-üzə böyük tarixi şəxsiyyətlər yetirən və çoxsaylı dövlətlər yaradan Azərbaycan türkləri dayandı. Biz ibtidai icma quruluşu dağılandan bu günə qədər ən çətin situasiyalarda belə, öz dövlətçiliyimizi qoruyub saxlaya bilmişik. Amma onlar bunu nəzərə almadılar və artıq gücün hüququ tətbiq olunmağa başladı. Prezidentin dediyi kimi, Ermənistanın işğalçı qoşununun son əsgəri Azərbaycandan çıxanadək Azərbaycan Ordusu sözünü deyəcək və qısa zaman kəsiyində zəfər gününü böyük coşquyla qeyd edəcək”, - AVP sədri qeyd edib.

 

O bildirib ki, Azərbaycan Ordusunun hazırda davam edən əməliyyatları Ermənistanın indiyədək sərgilədiyi barışmaz mövqeyə ən adekvat cavabdır: “Ermənistan zaman-zaman özünü bu günə yaxınlaşdırırdı. Prezident İlham Əliyev də ən müxtəlif platformalarda özünün qətiyyətli mövqeyini ortaya qoymuş və Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcəyini demişdi. Ölkə Prezidenti, hətta, ilk dəfə olaraq Prezident səviyyəsində İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu önə çəkərək, bu tarixi torpaqlarda Ermənistan dövlətinin yaradılmasını konkret tarixi faktlarla sübut etmişdi. Ermənistan tərəfi bu bəyanatları diqqətə almadı və düşündü ki, bu bəyanatlar daxili auditoriya üçün yönəlib. Əslində isə bununla böyük səhvə yol verdilər”.

 

“Ölkə Prezidenti, xüsusi olaraq 2019-cu ildə Valday Klubunda Paşinyanın sərsəm fikrinə münasibət bildirərkən, “Qarabağ Azərbaycandır!” deməklə, Azərbaycan Ordusunun Ermənistana ibrət dərsi verməsinin başlanğıcını qoydu. Ondan sonra da Prezident Aşqabadda, Münhendə fikirlərini daha da inkişaf etdirməklə, beynəlxalq səviyyədə Ermənistanda Köçəryan və Sarksiyanın xunta rejimindən başlamış, Paşinyanın militarist siyasətinə qədər keçmiş olduğu yolu analiz edərək, beynəlxalq auditoriyanı məlumatlandırmışdı. Bu uğurlu diplomatiya da beynəlxalq ictimaiyyəti nəhayət ki, Azərbaycanla razılaşmağa məcbur etdi və beynəlxalq qurumlar da, dünyanın aparıcı dövlətləri də Azərbaycanın haqqını tanımağa başladı”, - F.Ağamalı fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib