“Qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-də fəaliyyətimizi tam bərpa edəcəyik”
“KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü dondurması barədə danışarkən deyib.
“Ermənistanın KTMT-yə qayıtmağa cəhd edir, yoxsa düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-də fəaliyyətimizi tam bərpa edəcəyik. Bəyanatlarımızdan iki il keçdi, cavablar səslənmir və səslənməyəcəyi də artıq bəllidir. Bu cavablar səslənənə qədər Ermənistan hər keçən saniyə KTMT-dən daha da uzaqlaşır. Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”, - Paşinyan qeyd edib.