“Danışıqların Brüsseldə artıq razılaşdırılmış üç prinsipə əsaslanması çox vacibdir”
“Azərbaycanla danışıqlar prosesi davam edir. Danışıqlar həm də onlayn rejimdə aparılır”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
“Danışıqlar prosesi davam etməlidir. Və danışıqların Brüsseldə artıq razılaşdırılmış üç prinsipə əsaslanması çox vacibdir. Biz sülh prosesini belə təsəvvür edirik”, - Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, hazırda Ermənistan tərəfi Bakının reaksiyasını gözləyir: “Əvvəllər Bakı bizi iki ay ərzində onların təkliflərinə cavab verməməkdə ittiham edirdi. Bununla belə, bizim təkliflərimiz hazır idi. İclaslar hazırlanırdı, qarşı tərəfə təhvil verəcəkdik. Amma Bakı bir-birinin ardınca baş tutmalı olan dörd görüşdə iştirak etmədi. Bu görüşlər yuxarıda göstərilən təkliflərin ötürülməsinin bir hissəsi olmalı idi”.
Bundan əvvəl Paşinyan Ermənistanın bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, sülhün bərqərar olmasına töhfə verə biləcək 3 əsas prinsip razılaşdırılıb.