Gələn ilin dövlət büdcəsi ikinci oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsi ikinci oxunuşda müzakirə edilib. AYNA-nın xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuş zamanı 36 millət vəkilinin çıxış etdiyini, təklif və irad bildirdiyini diqqətə çatdırıb.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılması yaxşı qarşılanır: “Həmkarlarımız xaricdə və ölkədə yaşayan sahibkarların da öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib. Bu barədə suallar var. Hesab edirəm ki, bu istiqamətdə ayrıca fondun yaradılması yaxşı olardı. Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.
Spiker Sahibə Qafarova bildirib ki, sözügedən məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.
Müzakirə zamanı millət vəkili Tahir Kərimli İkinci Qarabağ müharibəsi məsələsinə toxunub. Deputat bildirib ki, müharibədən sonra hərbçilərimizin müəyyən çətinlikləri yaranıb: “Ümumiyyətlə, hesab edirəm ki, hərbçilərin maaşları artırılmalıdır. Onlar bu Vətən uğrunda canlarını qoyublar və qoymaqda davam edirlər. Hərbçilərin social problem olmamalıdır, çətinlik çəkməməlidirlər. Təklif edirəm ki, hərbçilərimizin əməkhaqları artırılsın”.
Millət vəkili Fəzail Ağamalı isə regionda xoşagəlməz proseslərin getdiyini bildirib: “İndi bütün diqqət Qarabağın bərpası, əhalinin ora köcürülməsi məsələsinə yönəldilməlidir. Təklif edirəm ki, müzakirələr dayandırılsın və 2021-ci ilin dövlət büdcəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilsin”.
Spiker deputatın təklifini səsə qoyub və səsvermədən sonra büdcə müzakirələri ikinci oxunuşda dayandırılıb, ikinci oxunuşda qəbul edilib.