Parlamentdə hər ailəyə 200 dollar verilməsi təklif olundu: “Neft Fondunun pulu var”

Cəmiyyət

18.10.2022 - 14:08

Milli Məclisin iclası: ermənilərin AŞPA-dakı oyunlarından da, “Kəpəz”dən də, “Azərbaycan” qəzetindən də danışıldı

Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Toplantıda 21 məsələ müzakirəyə çıxarılıb. Əvvəlcə Milli Məclis Sədri Sahibə Qafarova Gəncə terrorunun ildönümü ilə əlaqədar çıxış edib, başsağlığı verib.

Spiker xatırladıb ki, Gəncə terrorunun ildönümü ilə əlaqədar Gəncədə anım mərasimi və bir neçə beynəlxalq konfrans keçirilib: “Tədbirlərdə Milli Məclisin deputatları da iştirak ediblər. Gəncə terroru zamanı həyatını itirənlərə allahdan rəhmət, ailələrinə səbr diləyirik".

Deputat: “Bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt imkan verməyək”

Qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflərini veriblər.

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak edən nümayəndə heyətinin işini başa çatdırdığını deyən Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qeyd edib ki, ermənilər AŞPA-da öz çirkin əməllərini davam etdirməyə çalışıblar.

Deputatın sözlərinə görə, ermənilər AŞPA-da çalışıblar ki, son hadisələrlə bağlı sənəd qəbul edilsin, xüsusi nümayəndə ayrılsın, baş verən hadisələri məruzə etsin: “Məqsədlərinə nail ola bilmədilər. Mən bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt imkan verməyək”.

“Azərbaycanın yürütdüyü siyasət güclü olduğuna görə, bütün bunların qarşısında dayana biləcək. Biz isə bu siyasətin ətrafında birləşməliyik", - S.Seyidov həmkarlarına üz tutub.

Vahid Əhmədov: “Qonşu ölkələrdə baş verən hadisələr, millətin birlikdə olması, ölkə rəhbərini dəstəkləməsini şərtləndirir”

Deputat Vahid Əhmədov çıxışında qeyd edib ki, Azərbaycanın ən böyük uğuru torpaqlarımızın işğaldan azad edilməsidir: "Bu uğurun səbəbi Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin cəsarəti, xalqın birliyidir. Vətən müharibəsində qələbəmiz ölkəmizin 31 ildəki ən böyük uğurudur. Azərbaycan 31 ildə ciddi uğurlara imza atıb. Siyasi, iqtisadi və digər sahələrdə uğurlarımız göz qabağındadır".

“Azərbaycan xalqının birliyinə bu gün də ehtiyac var. Dünyada vəziyyət o qədər də hamar deyil. Xüsusilə, qonşu ölkələrdə baş verən hadisələr, millətin birlikdə olması, ölkə rəhbərini dəstəkləməsini şərtləndirir. Ona görə, mən Azərbaycan xalqını yumruq kimi birləşib, ölkə rəhbərini dəstəkləməyə çağırıram".

Deputat: “Əhalinin kommunal ödənişləri həyata keçirməsində problemlər var”

Deputat Tahir Kərimli isə təklif edib ki, Dövlət Neft Fondunun vəsaitləri hesabına hər bir ailəyə 200 dollar pul verilsin: “Mən təklif etmişdim ki, Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyində hər bir şəxsə 100 manat verək. Amma verilmədi. Hesab edirəm ki, Dövlət Neft Fondunda kifayət qədər maliyyə vəsaiti var. Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və onların hesabına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır”.

“Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməkdə kömək olsun. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”, - deyə T.Kərimli vurğulayıb.

Millət vəkili daha bir təklifində bildirib ki, universitetlərdə təhsil ödənişsiz olsun: “Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz verməlidir”.

Millət vəkillərindən Gəncə və Ağdamla bağlı təkliflər

Deputat naqif Həmzəyev isə “Kəpəz” futbol komandasına maddi yardım edilməsi ilə bağlı müraciət edib. Millət vəkili gəncəli iş adamlarının “Kəpəz”ə maddi yardım etməsini istəyib: “Bununla yanaşı, deməliyəm ki, Gəncədə yol, su və kanalizasiya  problemləri var. Bu məsələnin həlli istiqamətində addımlar atılmalıdır.

"44 günlük müharibə ərəfəsində ermənilərin Gəncədə törətdiyi vandalizm cavabsız qalıb. Gəncədə baş verən terrorla bağlı hələ də Ermənistan cəzalandırılmayıb. Lakin Ukraynada baş verən terrorlara görə Rusiyaya sanksiyalar tətbiq olunur. Düşünürəm ki, Gəncədəki terror cinayətinə görə, Ermənistan cəza almalıdır”, - deyə Həmzəyev bildirib.

Deputat Aqil Abbas isə Milli Məclisin komitə iclaslarının Ağdamda keçirilməsi təklif edib: "Ağdam yenidən qurulur, ölkə başçısı orada bir çox binaların təməlini qoyub. Böyük bir konfrans keçirildi. Təklif edirəm ki, bu il Milli Məclisin komitə iclasları Ağdamda keçirilsin. Bu insanların səfərlərinin artmasına, həyatın canlanmasına da səbəb olar". 

Spiker Sahibə Qafarova deputata cavab olaraq qeyd edib ki, Ağdamın hər yerində komitə iclasları keçiriləcək: "Bəli, Qarabağın da, Ağdamın da hər bir köşəsində iclasları keçirəcəyik".

Vitse-spiker: “”Azərbaycan" qəzetinə qarşı bu cür səlib yürüşü təşkil edilir”

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli "Azərbaycan" qəzeti ilə bağlı plagiatlıq ittihamlarına cavab verib. F.İbrahimli qeyd edib ki, ölkə başçısının fəaliyyətini işıqlandıran şəxslərə qarşı bu cür ittihamların arxasında hansı məqsədlərin dayandığı məlum deyil: "Azərbaycanın uğurları, görülən işlər fonunda "Azərbaycan" qəzetinə qarşı bu cür səlib yürüşü təşkil edilir. Ölkəmizin Vətən müharibəsində qazandığı qələbəyə, beynəlxalq aləmdə uğurlarına bəzi şəxslərin bu cür məqsədli addımları kölgə salır".

Xatırladaq ki, yerli mediada "Azərbaycan" qəzetində dərc olunan bir çox yazıların plagiat olması barədə məlumatlar verilib.

Daha sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçiblər. Qanunlarda əlavə və dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul olunub.

Müəllif: Anar Bayramoğlu