Parlamentdə Fransa sərt tənqid edildi: “Biz bu fikirləri rədd edirik”

Siyasət

02.10.2020 - 11:59

Fəzail İbrahimli: “Fransa mənəvi və siyasi haqqını itirib”

 

Arzu Nağıyev: “Fransa balansı qoruya bilməyəcəksə, həmsədrlikdən çəkilməlidir”

 

Tural Gəncəliyev: “Əgər onun doğulub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?!”

 

Milli Məclisin bu gün keçirilən iclasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti sərt tənqid edilib. AYNA xəbər verir ki, deputatlar xüsusən Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyinə etiraz bildiriblər.

 

Vitse-spikeri Fəzail İbrahimli deyib ki, Azərbaycan 30 ildir Minsk Qrupunun məsləhəti yerinə yetirir: ”Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq. “Bizim bəzi “ideoloqlar” elə fikir yaratmışdılar ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.

 

F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk Qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”.

 

“Fransanın son bəyanatları balansın pozulmasına gətirib çıxarır. Ancaq balansı qorumaq Fransanın birmənalı işidir”. Bu fikirləri isə deputat Arzu Nağıyev səsləndirib. Millət vəkili qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransada erməni seçicilərin səsi uğrunda mübarizə aparır.

 

“Fransa daim müsəlman ölkələrinə qarşı mövqeyi ilə seçilib. Ancaq bu münasibətin sonu hər kəsin yadındadır. Fransa və Azərbaycan arasında dostluq münasibətləri daim olub. Ancaq Makronun son açıqlamaları bu münasibətləri kölgə altına qoyur. Məlum məsələdir ki, ulu öndər müstəqillikdən sonra ilk səfərini Fransaya edib, 2003-cü ildə Prezident İlham Əliyevin də Fransaya səfəri olub. Bizim ölkələrimiz arasında neft müqavilələri var. Ona görə də Fransa ciddi şəkildə ATƏT-in Minsk Qrupu həmsədri kimi mövqeyini ortaya qoymalıdır və balansı qoruya bilməyəcəksə, həmsədrlikdən çəkilməlidir”, - deyə Nağıyev vurğulayıb.

 

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev isə qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransa Prezidentinin və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir: “Biz bu fikirləri rədd edirik. Mən burdan Makrona səslənirəm. Əgər onun doğulub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də o, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur”.

 

“Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”, - deyə Gəncəliyev sonda qeyd edib.

Müəllif: Ayna.az