İsrail millisinin üzvlərini elitar antiterror polis bölməsi qoruyacaq
Amsterdamda İsrailin "Makkabi" klubunun azarkeşlərinə hücumdan bir həftə sonra Parisdə keçiriləcək Fransa-İsrail milli komandalarının beynəlxalq futbol matçının təhlükəsizliyini 4 min polis təmin edəcək.
AYNA xarici mediaya istinadən bildirir ki, Paris polisinin rəhbəri Loran Nunesin sözlərinə görə, onun tabeliyində olan 2500 polis birbaşa “Stad de Frans” stadionunda yerləşəcək, qalanları isə Fransa paytaxtının küçələrində və ictimai nəqliyyatda patrul xidmətinə gedəcək.
Bundan əlavə, stadionda 1600-ə yaxın şəxsi mühafizəçi vəzifə yerinə yetirəcək və İsrail millisinin üzvlərini elitar antiterror polis bölməsi qoruyacaq.
“Bu matç son dərəcə gərgin geosiyasi kontekst səbəbindən artan risk şəraitində baş tutacaq. Biz ictimai asayişi pozmaq cəhdlərinə dözməyəcəyik”, - Nunes bildirib.
Parisdəki qarşılaşma UEFA Millətlər Liqası turniri çərçivəsində baş tutacaq. Ona xüsusi diqqət bir həftə əvvəl Hollandiyanın “Ayaks” və “Makkabi” Təl-Əviv komandaları arasında keçirilən oyundan sonra Amsterdamda baş vermiş iğtişaşlar və israilli azarkeşlərə qarşı zorakılıqlarla bağlıdır.
İsraillə münaqişədə fələstinlilərə və livanlılara dəstək verən Fransanın ifrat solçu “France Invictus” (LFI) Partiyası cümə axşamı günü keçiriləcək matçın ləğv edilməsini istəyib. Lakin daxili işlər naziri Bruno Retaillo bildirib ki, matçın ləğvi və ya təxirə salınmasından söhbət gedə bilməz: "Fransa nifrət yayanlara təslim olmayacaq".
Bu arada, Fransa Prezidenti Emmanuel Makron Amsterdam hadisələrindən sonra Avropa yəhudiləri ilə həmrəylik əlaməti olaraq matça şəxsən qatılacağını bildirib. Onunla birlikdə Baş nazir Mişel Barnye, həmçinin Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikolya Sarkozi də matçı tribunadan izləyəcəklər.
Bildirilir ki, Parisdə keçiriləcək qarşılaşmada 80 min nəfərlik “Stad de Frans”ın cəmi dörddə biri dolu olacaq. İsrail hökuməti fanatlarına Fransaya uçmağı tövsiyə etməyib və bəzi məlumatlara görə, Təl-Əvivdən xüsusi uçuşların sayı 100-150 nəfəri keçməyəcək.
Bununla belə, artıq Fransada və digər Avropa ölkələrində olan və ya orada yaşayan israillilər oyuna gələ bilərlər. Əlavə təhlükəsizlik tədbiri olaraq, bu gün günortadan sonra stadionun ətrafındakı bütün bar və restoranlar bağlanıb.