Papadan artıq katolik olmaq: İrəvan da “soyqırımı”ndan bezib, Paris əl çəkmir

Siyasət

20.04.2024 - 17:29

Ramiz Alıyev: “ABŞ və Fransa “erməni soyqırımı”nın gündəmdə qalmasında Ermənistandan daha çox maraqlıdır”

Aprelin 24-də qondarma “erməni soyqırımı”nın 109-cu ildönümüdür. Müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları və Ermənistandakı revanşist qüvvələr bu ərəfədə xüsusilə fəallaşıblar. Amma maraqlıdır ki, İrəvanın bəzi rəsmiləri artıq yalançı “soyqırımı” iddiasına daha obyektiv yanaşmağa, reallığı öz adı ilə çağırmağa meyillənir. 

AYNA mövzu ətrafında politoloq Ramiz Alıyevlə həmsöhbət olub.

- Qondarma "erməni soyqırımı"nın 109-cu ildönümü gəlir. Yenə yalançı ah-nalələr başlayıb. Bu dəfə hansı "sürprizi" gözləyək?

- Türkiyə dövləti qondarma “erməni soyqırımı” ilə bağlı çox doğru, məntiqli mövqe sərgiləyir. Hər dəfə baş verməyən bu hadisənin ildönümündə Türkiyə rəsmiləri təklif edirlər ki, arxiv sənədləri açılsın, məsələyə öncə tarixçilər, sonra siyasətçilər qiymət versin. Amma Ermənistan nədənsə arxiv sənədlərinin açılmasını istəmir. Hiss olunur ki, Ermənistan artıq “erməni soyqırımı” oyunlarından yorulub. Xüsusilə də, Qarabağda ağır məğlubiyyətə uğrayandan sonra ermənilər böyük iddialarından müəyyən qədər əl çəkməyə başlayıblar. Amma ABŞ və Fransa kimi dövlətlər regionumuzda gərginliyin davam etməsi üçün hər il “erməni soyqırımı” ilə bağlı bəyanatlar verir, Türkiyənin əsəblərini yoxlayırlar və s. Müşahidələr göstərir ki, ABŞ və Fransa “erməni soyqırımı”nın gündəmdə qalmasında Ermənistandan daha çox maraqlıdır. 

- Ermənistan hakimiyyətində təmsil olunan bəzi siyasətçilər bu "soyqırımı" məsələsinə fərqli yanaşmalar sərgiləyirlər. Sanki, obyektiv münasibət sərgiləməyə çalışırlar. Necə düşünürsünüz, rəsmi İrəvan, nəhayət ki, bu yalançı iddiasından əl çəkə bilərmi?

- Ermənistanda ağıllı siyasətçilər başa düşürlər ki, ərazi iddiaları, saxta tarixlər, “erməni soyqırımı” ittihamları erməni cəmiyyətindəki böhranı daha da dərinləşdirir, iqtisadi, mədəni inkişafı tormozlayır. Qeyd edirlər ki, Ermənistan “erməni soyqırımı” iddialarını ya sübut etməlidir, ya da imtina. Əgər doğrudan da, 1915-ci ildə Osmanlı torpaqlarında 1,5 milyon erməni öldürülübsə, onların hər birinin adı-soyadı göstərilməlidir. Heç o dövrdə ermənilərin ümumi sayı 1,5 milyon nəfər olmayıb. Fransa kimi ölkələr imkan vermir ki, “erməni soyqırımı” məsələsini gündəmdən düşsün. Türkiyəni daim təzyiq altında saxlamaq üçün Qərbin silah kimi istifadə etdiyi bu məsələnin mənfi təsirləri ən çox Ermənistana dəyir. Nə qədər ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı haqsız iddialarından əl çəkməyib, blokadada çabalayacaq, iqtisadi inkişafdan məhrum olacaq. Nə ABŞ, nə Fransa Ermənistanı xilas edə biləcək.

- Qarabağı könüllü tərk edən ermənilər xaricdən təhdid bəyənatları verir, Azərbaycanı qəddarlıqda ittiham edirlər. Onların məqsədləri nədir: Qarabağa geri dönmək, Azərbaycandan kompensasiya almaq, yoxsa...?

- Azərbaycan Ordusunun, əsgərinin gücünü görən hər bir erməni yaxşı başa düşür ki, kənardan təhdidlər yağdırmaqla heç nə əldə edə bilməyəcəklər. Bizim hərbçilər düşməni döyüş meydanında məğlub etdilər. Biz yalnız legitim hərbi hədəfləri məhv etmişik. 24 saatdan da az davam edən antiterror əməliyyatları zamanı bir nəfər mülki erməninin burnu qanamadı. Onlar Azərbaycan əsgərinin müşayiəti altında Qarabağı çox sərbəst, təhlükəsiz şəraitdə və könüllü olaraq tərk etdilər. Sual olunur: bizi qəddarlıqda ittiham edən erməni zorakılığı harada gördü? Onlar 1990-cı illərin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdikləri əməlləri də nəzərdən keçirsinlər, 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinin mülki ermənilərə davranışlarını da. Mülki erməniyə su təklif etmək, xəstə ermənilərə tibbi yardım göstərmək, yolda xarab olan erməni avtomobilini təmir etmək qəddarlıqdır? Ağlamaq, qara yaxmaq ermənilərin köhnə şakəridir. Bütün dünya ermənilər haqqında eyni düşüncədədir. Sənin tabeliyin altında yaşayanda yaltaqlanırlar, əllərinə fürsət düşən kimi arxadan zərbə vururlar, kənara çıxanda isə başlayırlar qarayaxma ilə məşğul olmağa. Xaricdə səfalət içərisində yaşayan erməniləri Qarabağa köçürüb burada qanunsuz məskunlaşdırmışdılar. Onların Qarabağa sonradan köçdüklərinə dair bizim əlimizdə təkzibolunmaz faktlar vardı. Erməni lobbisinin maliyyə dəstəyi ilə Qarabağa köçürülən ermənilər indi də xaricdə Azərbaycana qarşı kampaniya aparırlar. Yaxşı olardı ki, həmin ermənilər Azərbaycan dövlətindən deyil, onları aldadan, yalan vədlər verən Ermənistan dövlətinin, erməni lobbisinin yaxasından yapışıb haqlarını tələb etsinlər. 

- Artıq rus sülhməramlıları Qarabağı tərk edirlər. Bundan sonrakı prosesləri necə proqnozlaşdırırsınız? Xüsusilə kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və sülh müqaviləsi məsələsində...

- Rusiya sülhməramlı kontingentinin vaxtından öncə Azərbaycan ərazilərindən çıxarılması iki ölkənin ali rəhbərləri arasında aparılan danışıqların nəticəsində mümkün olub. Bu, Azərbaycan dövlətinin gücünün, regionda söz sahibi olmasının göstəricisidir. 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş antiterror əməliyyatlarından sonra sülhməramlıların Qarabağda qalmasına ehtiyac duyulmadı. Həmin tarixə qədər onlar üzərlərinə düşən missiyaları pis-yaxşı həyata keçirib qurtarmışdılar. 19 sentyabrdan sonra bütün Qarabağda təhlükəsizliyi Azərbaycan hərbçiləri, polisi həyata keçirdi. Qarabağı tərk edərkən ermənilərin təhlükəsizliyi necə qorunurdusa, Ermənistana getməyib Azərbaycanın suverenliyi altında yaşayan ermənilərin də hüquqları o cür qorunur. Bütün dünya, o cümlədən, Rusiya gördü ki, hüquqi dövlət olan Azərbaycan Qarabağda yaşayan hər kəsin təhlükəsizliyini təmin edir, orada böyük quruculuq, abadlıq işləri həyata keçirir. Belə olan halda rus sülhməramlıların Qarabağda qalmasının heç bir mənası qalmırdı.

Bundan sonra Ermənistanla Azərbaycan arasında həlli vacib olan bir neçə məsələ var. İşğal altındakı kəndlərin Azərbaycana qaytarılması, sərhədlərin demarkasiyası, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması. Bu məsələlərin həllinin Ermənistan üçün heç bir təhlükəsi, ziyanı yoxdur. Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan da etiraf edir. O bildirdi ki, tarixi sənədlərdə öz əksini tapmış sərhəd xətlərinin hansı ərazilərdən keçməsinin o qədər də önəmi yoxdur, əsas məsələ Ermənistanın güclənməsidir. Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına yalnız fayda verə bilər.

Müəllif: İsmayıl Məmmədli