Rusiya seçkilərdə qalib gəlməsinə kömək etmək üçün Macarıstan Baş nazirinə sui-qəsd cəhdini nəzərdən keçirib
Rusiya xarici kəşfiyyatı seçkilərin nəticələrinə təsir göstərmək üçün Macarıstanın Baş naziri Viktor Orbana qarşı sui-qəsd cəhdi təşkil etməyi nəzərdən keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Avropa kəşfiyyat orqanları tərəfindən təsdiqlənmiş daxili kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, "seçki kampaniyasının bütün paradiqmasını kökündən dəyişdirmək" və onu "emosional müstəviyə" keçirmək üçün "Orbana qarşı sui-qəsd cəhdinin təşkili" təklif olunub.
Hesabat Orbanın populyarlığının azalması fonunda hazırlanıb. Rusiyalı analitiklər vətəndaşların 52,3 faizinin ölkədəki vəziyyətdən narazı olduğunu, Macarıstan Baş nazirinin əvvəllər güclü mövqelər tutduğu həm şəhər, həm də kənd yerlərində mənfi qiymətləndirmələrin üstünlük təşkil etdiyini bildiriblər. Sorğulara görə, Orban rəqibi, korrupsiyaya qarşı mübarizə gündəliyini müdafiə edən “Tisza” Partiyasının lideri Peter Maqyardan geri qalır.
Orbana hücum etmək üçün heç bir real cəhd olmayıb, lakin nəşr qeyd edir ki, belə bir ssenarinin müzakirəsinin özü Macarıstan siyasətində Moskvanın nə qədər böyük riskə getmək istəyinin olduğunu göstərir.
Nəşrə danışan Qərb rəsmilərinin fikrincə, Kreml Orbanın hakimiyyətdə qalmasında maraqlıdır, çünki o Ukrayna da daxil olmaqla, Aİ-nin əsas qərarlarının qarşısını almağa kömək edir və Amerika mühafizəkarları ilə əlaqə quran şəxsdir.
Bu fonda Macarıstan hakimiyyəti "xarici təhdidlər"lə bağlı ritorikasını gücləndirib. Orban Ukraynanı “Drujba” boru kəməri vasitəsilə Rusiya neft tədarükünü dayandırmaqda günahlandırır və ailəsinə qarşı hücum planlaşdırıldığını iddia edir. Macarıstan hakimiyyəti həmçinin üç Ukrayna vətəndaşının ölkəyə girişini qadağan edib və enerji infrastrukturunu Ukraynadan ehtimal olunan hücumdan qorumaq üçün qoşunların yerləşdirildiyini bəyan edib.
Avropalı təhlükəsizlik mütəxəssislərinin fikrincə, Rusiya eyni zamanda, Orbanın dəstəklənməsi üçün informasiya kampaniyasına başlayıb və onu "Macarıstanın suverenliyini qorumağa qadir olan yeganə namizəd" kimi təbliğ edir. Müxalifət ölkəni Ukrayna tərəfində Rusiyaya qarşı müharibəyə sürükləməyə hazır olan Brüsselin "kuklası" kimi təsvir edilir.
Nəşrin mənbələrinə görə, dezinformasiya materiallarının bəziləri Budapeştdəki Rusiya səfirliyinin səfir-məsləhətçisi Tiqran Qaribyan və hökumətyönlü macar jurnalistləri arasında əlaqələr vasitəsilə yayılır.
Əlavə sənədlərdə süni intellektdən istifadə edərək saxta videolar yaratmaq və uydurma ittihamlar yaymaqla müxalifəti nüfuzdan salmaq cəhdləri göstərilir.
Avropa mənbələri Macarıstan rəhbərliyinin Rusiya ilə uzunmüddətli əlaqələrini də qeyd edirlər. Onlar deyirlər ki, Moskva Budapeşt sayəsində Aİ-nin daxili müzakirələrinə çıxış əldə edib. Bundan əlavə, bir rəsminin sözlərinə görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ görüşləri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla müntəzəm olaraq əlaqə saxlayır və onu müzakirələrin gedişatı barədə məlumatlandırır.
Bu arada, Avropada Orbanın uduzacağı təqdirdə seçki nəticələrinin mübahisələndirilə biləcəyi ilə bağlı qorxular artır.
"O, Rusiyanın əsas resurslarından biri idi", - deyə qeyd edən bir Qərb rəsmisi əlavə edib ki, vəziyyət öz axarı ilə getməsə, Moskvanın müdaxilə etməyə çalışmayacağını təsəvvür etmək çətindir.