Orban Zelenski və Putinlə danışıqlardan sonra Çinə gedib

Dünya

08.07.2024 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Macarıstanın Baş naziri Si Cinpinlə Ukraynada sülh şərtlərini müzakirə edəcək

Macarıstanın Baş naziri Viktor Obran Ukraynadakı sülhməramlı missiyası çərçivəsində Çinə gəlib. AYNA xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkəsində yazıb.

“Çin Rusiya ilə Ukrayna arasındakı münaqişədə sülh üçün şərait yaradan əsas gücdür. Buna görə də Çin rəhbəri Si Cinpinlə Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekində görüşməyə gəldim”, – Orban yazıb.

Çinin “Penpai” nəşri qeyd edib ki, Çin Xarici İşlər Nazirliyinin Orbanın ölkəyə səfəri ilə bağlı yaydığı mesajda Baş nazirin kimin dəvəti ilə Pekinə getdiyi barədə məlumat yoxdur. Nəşr qeyd edir ki, bu, səfərin qəfil olmasından xəbər verir.

Çin əvvəllər Ukrayna münaqişəsinin diplomatik yolla həllinin tərəfdarı olub. 2023-cü ildə Pekin 12 bəndlik sülh planını təqdim edib və həmçinin sülh prosesini asanlaşdırmağa hazır olduğunu bildirib.

Orban özü Pekini Kiyev və Moskvadan sonra sülhməramlı missiyasının “üçüncü dayanacağı” adlandırıb. İyulun 2-də Macarıstanın Baş naziri Ukraynaya səfər edib və burada ölkə Prezidenti Volodimir Zelenskidən Rusiya ilə sülh danışıqlarının başlanmasını sürətləndirmək üçün atəşkəs barədə düşünməyi xahiş edib. Orban qeyd edib ki, Ukrayna lideri onun təklifini çox bəyənməyib, çünki “keçmişdə atəşkəslə bağlı pis təcrübə var və onun fikrincə, bu, Ukraynaya fayda verməyib”. Bununla belə, Zelenski etiraf edib ki, bu ideya üzərində düşünəcək.

İyulun 5-də Orban elan olunmamış səfərlə Moskvaya gedib. Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Orban bildirib ki, Rusiya və Ukrayna sülhə nail olmalıdır. Macarıstan siyasətçisinin sözlərinə görə, Putinlə danışıqlar zamanı o, Rusiya Prezidentinə atəşkəsin yaradılması imkanları barədə düşünməyi təklif edib. Putin öz növbəsində, Ukrayna ilə danışıqlara başlamaq üçün şərtlərini xatırladıb: bu, ilk növbədə, Ukrayna ordusunun Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərindən çıxarılması, habelə Kiyevin NATO-ya üzv olmaqdan imtinasıdır. Rusiya Prezidenti vurğulayıb ki, Moskva atəşkəs tərəfdarı deyil, münaqişənin tam dayandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, iyulun 1-dən Macarıstan Avropa İttifaqına sədrlik edir. Lakin Orbanın Moskvaya gəlişi fonunda Aİ diplomatiyasının rəhbəri Cozef Borrel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişel Macarıstanın Baş nazirinin Ukrayna ilə bağlı Rusiya ilə danışıqlar aparmaq üçün mandatının olmadığını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş