Son qiymət artımını şərtləndirən əsas səbəblər nə idi? - <font color=red> EKSPERT ŞƏRHİ</font>

İqtisadiyyat

05.01.2021 - 18:46

Sabiq nazir: “Dünyanın heç bir ölkəsində qiymət artımına pozitiv yanaşma olmur”
 
Yanvarın 4-də Tarif Şurasının növbəti iclası keçirilib və iclasda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb. Belə ki, alınan qərarlara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
 
Sabiq maliyyə naziri, İqtisad elmləri doktoru Fikrət Yusifov Tarif Şurasının bir sıra istehlak məhsullarının qiymətlərinə yenidən baxaraq, onlarda müəyyən dəyişikliklər etməsini AYNA-ya şərh edib: “Cəmiyyətmiz Tarif Şurasının bu addımlarını birmənalı qarşılamadı. Bu, anlaşılandır. Dünyanın heç bir ölkəsində istənilən qiymət artımına pozitiv yanaşma olmur. Lakin qiymətlərin qaldırılmasının əsasları kifayət qədər inandırıcı olduqda, cəmiyyət bu addımların zərurət olduğunu başa düşür və onu normal qarşılayır.”
 
“Bəs, bizdə son qiymət artımını şərtləndirən əsas səbəblər hansılardır? Öncə onu deyək ki, ölkəmizdə dizel yanacağının və benzinin qiymətləri son dəfə müvafiq olaraq 2013 və 2017-ci illərdə dəyişdirilib. Əslində, bizdə yanacağın qiymətlərinin keçən ilin əvvəllərində baxılması gözlənilirdi. Lakin dünyada baş verən koronavirus pandemiyası və sonradan torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız Vətən Müharibəsi bu məsələni bir qədər arxa plana keçirtdi. Pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı gərginliklər Azərbaycan iqtisadiyyatından da yan keçmədi. İqtisadi aktivliyin aşağı düşməsi bir qayda olaraq büdcə gəlirlərinin azalmasına yol açır. Bu isə öz növbəsində dövlət xərclərinin, o cümlədən, sosial xərclərin maliyyələşdirilməsi ilə bağlı müəyyən çətinliklərin yaranmasına aparıb çıxarır. Belə bir vəziyyətdə dövlətimizin büdcənin gəlirlərinin tamamlanması istiqamətində atdığı hər bir əsaslandırılmış addım vətəndaşlarımız tərəfində başa düşülməlidir", - sabiq nazir vurğulayıb.
 
Onun sözlərinə görə, pandemiya səbəbindən baş verən itkilərin və sahibkarlara dəyən ziyanın ödənilməsi ilə bağlı dövlətin çəkdiyi planlaşdırılmayan xərclər sırasına, torpaqlarımızın işğaldan azad edilməsi yolunda apardığımız müharibənin xərclərini də əlavə etmək lazımdır: “Mənfur qonşularımızın bizi məcbur etdikləri Vətən Müharibəsinin hər günü dövlətimizə 100 milyon manat xərcə başa gəlib ki, bu da bütövlükdə 4 milyard manatdan artıq planlaşdırmadığımız əlavə xərc deməkdir. Bu gün benzinin və dizel yanacağının qiymətləri qaldırıldıqdan sonra bu qiymətlərin səviyyəsinə görə, Azərbaycan dünyanın 167 ölkəsi içərisində yanacağın qiymətinin ən ucuz olduğu 23 ölkədən biridir. Yəni, bu gün dünyanın 144 ölkəsində yanacağın qiyməti bizdə olan anoloji qiymətlərdən yüksəkdir. MDB məkanında Azərbaycan kimi neft və qaz hasil edən Rusiya və Qazaxstanda bu qiymətlər bizdəkindən yüksəkdir. Dövlət yanacağın qiymətlərinin özəl sektora və vətəndaşlarımızın ailə büdcələrinə təsirini minimallaşdırmaq üçün kompensasiya mexanizmlətinin işə salınmasını da nəzərdə tutur.”
Müəllif: Mərahim Nəsib