Qazilərimiz 44 günlük Vətən müharibəsində baş verənləri anladırlar
Bu gün - 8 noyabr Azərbaycan Ordusunun Şuşa şəhərini düşmən işğalından azad etməsinin bir ili tamamlanır. Azərbaycan Zəfər gününü böyük təntənə ilə qeyd edir. Şəhidlər böyük sayğı ilə anılır, döyüş iştirakçılarına, qazilərə minnətdarlıq hissi ifadə edilir.
AYNA Zəfər gününün qəhrəmanları olan bəzi döyüş iştirakçıları ilə həmsöhbət olub. Müsahiblərimiz müharibənin başladığı günləri, döyüş zamanı qarşılaşdıqları vəziyyətləri, Şuşanın azad olunması xəbərini eşitdikləri an hiss etdikləri duyğuları bizimlə bölüşüblər.
Könüllü döyüşçü Vaqif Məmmədov
“Səfərbərlik xidmətinə könüllü müraciət etmişdim. Düşünürdüm ki, bu müraciətə baxılmayacaq. Çünki general Polad Həşimovun ölümündən bir xeyli vaxt keçmişdi və hesab edirdim ki, qisas günü siyasi səbəblərə görə hələ gecikəcək. Amma belə olmadı. Sentyabrın 29-u təyinatım üzrə hərbi hissəyə çatdığımda vəziyyətin çox ciddi olduğunu gördüm. Artıq itkilərimiz var idi. Təlimatlandırmadan sonra Füzuli istiqamətində döyüşə başladıq.
Döyüşdə yaşadığımız çətin anlar barədə danışmaq mənə çətindir. Nədən başlayacağımı bilmirəm. Onu deyə bilərəm ki, filmlərdə gördüklərimizi canlı yaşayırdıq. Bunu deməyi özümə borc bilirəm ki, xalqımız da elə döyüşən ordumuz qədər əziyyət çəkdi. Arxa cəbhədən aldığımız dəstək bizi daha güclü edirdi.
Döyüş yoldaşlarımızdan biri Asəf Zeynallı adına Musiqi Məktəbini yarımçıq qoyub döyüşlərə qatılmışdı. Çox gözəl də səsi var idi. Biz Füzuli istiqamətində döyüşərkən düşmən bütün istiqamətdən minomyotla atəşə tutmuşdu. Orada çox şəhidimiz, qazimiz oldu. Belə vəziyyətdə sözügedən dostumuz ayaqüstə, əlində bayraq, minomyot “yağışı” altında “Çırpınırdı Qara dəniz” mahnısını ifa edirdi. Bu ruh yüksəkliyindən xəbər verirdi.
Çanaqqala savaşı haqqında oxumuşdum ki, Türk ordusu düşmən üzərinə “Allah! Allah!” deyə bağıraraq gedirmiş. Həmin mənzərəni İkinci Qarabağ savaşında gördüm.
Şuşanın azad olunduğu xəbərini noyabrın 9-u Zəngilanda Rəzdərə meşəsində eşitdik. Müharibə vaxtı Şuşa istiqamətində döyüşməyi çox arzulamışdım. Lakin seçim şansımız yox idi, mənə o istiqamətdə döyüşmək qismət olmadı. Şuşanın azad olunduğu xəbərini elə dostlarla meşədə qeyd etdik.
Bu gün qələbə sevincini bir daha yaşayırıq. Çox sevincliyik. Amma adam bir yerdə duruxur. Şəhidləri düşünür, onların bu günü dadmadığına görə pis olur. Lakin inanırıq ki, onların rhu şaddır, bizləri görürlər.
Bu gün istehsalatda işləyirəm. Hərdən o səs-küydə elə bilirəm, haradansa yaxınlardan minomyot səsi gəlir. İnanmıram ki, döyüşdə iştirak edən kimsə minomyotun səsini unuda. Bu gün şəhərdə fişəng atsalar, həmin adamlar göyə baxacaq, əyilməyə yer axtaracaqlar.
İstəyirəm, millətimiz müharibədə olduğu kimi daim birlik olsun. Daha da möhkəm olmağımızı, inkişaf etməyimizi diləyirəm. Gələcək nəsillərin bugünkü günü unutmamasını arzulayıram”.
Qazi Ruslan İsmayılov
“Hazırda hərbi xidmətdəyəm. Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Laçının Səfiyan kəndi istiqamətində artilleriya atəşi nəticəsində yaralanmışam.
Sentyabrın 27-də cəbhəyə yollanmış, döyüşlərə oktyabrın 5-də Cəbrayıl istiqamətində qoşulmuşuq. Özüm Cəbrayıldan məcburi köçkünəm. Buna görə öz doğulduğum torpağın işğaldan azad edilməsində iştirak etməyim çox xoş oldu. Oktyabrın 23-nə qədər bu istiqamətlərdə döyüşdə iştirak etmişəm.
Döyüşlərdə ən çətin anlar yaxın yoldaşlarımızın şəhid olması idi. Ümumi olaraq döyüşü götürdükdə düşmənin artilleriya atəşinə məruz qaldığımız anların çox çətin olduğunu deyə bilərəm. Çox şükür ki onların bir çoxundan sağ-salamat çıxdıq. Sonda – oktyabrın 23-də mən və yeddi döyüş yoldaşım düşmənin artilleriya atəşi nətəcəsində yaralandıq.
Şuşanın azad olunması xəbərini Bakıda hospitalda eşitdim. Ermənistan tərəfin təslim olması ilə döyüşlər başa çatdı. Əlbəttə ki, Şuşanın azad olunması Qarabağ probleminin həlli, döyüşlərin sona çatması demək idi.
Özüm artilleriya zabitiyəm. Döyüş barədə ən çox xatırladığım tabeçiliymdə olan bölmələrin fəaliyyəti, döyüş zamanı cəsurluğu, çevikliyidir. Bir neçə dəfə çox çətin anlarda – mərminin 3-4 metr aralıda partlayışından xilas olmağımızı xatırlayıram. Müşahidə məntəqəsindən Şahmirzəyev Nurbalanın bizə kordinatlar verdikdən sonra bizim hədəfləri məhv etməyimiz zamanı onun “Dayanmadan atın, qaçırlar!” dediyini xatırlayıram.
Döyüşlərdən bu yana keçən zamanda yenidən tərtiblənmə, sıradan çıxmış texnikaların və s. məsələlərin öz həllini tapması istiqamətində işlər gedir. Bölmələr gündəlik öz fəaliyyətləri ilə məşğuldur. Bu zaman müddətində hərbçilərə olan diqqətin, münasibətin nə qədər fərqli olduğunu görürük. Müharibə nəticəsində biz itirilmiş topaqlarımızı işğaldan azad etdik və bu, bizə qarşı münasibəti dəyişdi. İndi Qarabağda quruculuq işləri gedir. İnşallah, yaxın zamanda torpaqlarımıza köçüb rahat yaşayacağıq
Öz kəndimizin azad olunmasında iştirak etmişəm. Torpaqlarımızın azad olunmasında mənim də payım olduğu üçün çox şadam”.
Qazi Fərid Səmədov
“General Polad Həşimovun şəhid olduğu gün komissarlığa gedərək könüllü yazıldım. Sentyabr ayının 28-də Səfərbərlikdən çağırdılar. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşlərdə oldum. Oktyabrın 19-da Hadrut istiqamətində ayağımdan qəlpə yarası aldım.
Leytenant Teymur Abbasovun şəhid olduğu gün bugünkü kimi yadımdadır. O günü və meşədə itdiyimiz, soyuqda ac-susuz qaldığımız günləri unutmağım çətin olar. Bunlara baxmyaraq, gözümüzdə qorxu hissi yox idi, ancaq irəli gedirdik.
Şuşanın azad olunması xəbərini hospitalda eşitdim. Xəbəri eşidəndə sevincdən ağladım. Sevincimizi yoldaşlarla bölüşdük, çox qürurverici hisslər idi.
Bu gün döyüşün hər dəqiqəsi yaddaşımdadır. Allah şəhidlərimizə rəhmət etsin. Onları heç vaxt unutmayaq, həmişə yaddaşlarımızda saxlayaq. Allah bir də heç vaxt bizə belə çətinliklər yaşatmasın. Ali Baş Komandan İlham Əliyevin sayəsində bu torpaqları düşməndən azad etdik. Bu torpaq – Vətən üçün hər zaman döyüşməyə hazıram”.
Qazi Zahir Fərəczadə
“Polad Həşimovun şəhid olması xəbərindən çox təsirlənmişdim, mənə çox pis təsir etdi. Elə həmin vaxt da onlayn qaydada döyüşə getmək üçün qeydiyyatdan keçdim. 27 sentyabrda müharibənin başladığı xəbərini eşidəndə bilirdim ki, məni də çağıracaqlar. Dostlarımdan çağırılanlar var idi. Düşündüyüm kimi də oldu, 28 sentyabrda Səfərbərlik Xidmətindən mənə zəng edib çağırdılar.
Döyüş yolumuz Qubadlı, Cəbrayıl istiqamətindən başladı. 4 oktyabrda Cəbrayıla daxil olduq. Cəbrayıl mərkəzə qədər xüsusi təyinatlılar tərəfindən alınmışdı. Bundan sonra da döyüş tapşırığı bizə verildi. Cəbrayılın bir kəndlərini işğaldan azad etdik. Oktyabrın 18-i Qubadlı rayonu istiqamətində döyüş tapşırığı gəldi. Oktyabrın 19-u Qubadlının Balasoltanlı kəndinə daxil olduq. Ayın 20-si səhər saat 10 radələrində döyüş başladı və axşamüstü saat 4-5-ə kimi döyüşdük.
Burada 27 şəhid verdik, 30-dan çox qazimiz oldu. Özüm də orada yaralananalar arasında idim. Döyüşlərdə yaralandıqdan sonra Füzuli xəstəxanasına təxliyə olundum. Müalicə aldıqdan sonra döyüşlərə qatıldım.
Qeyd edim ki, bizimlə general Mais Bərxudarov, polkovnik Şükür Həmidov da döyüşürdülər.
Şuşanın azad olunduğu xəbərini Gəncədə hospitalda eşitdim. Gəncə camaatının bizə xoş münasibəti, qayğısı var idi. Döyüşdə olsaq da, azad olunan yerlərdən xəbər tuta bilirdik. Şuşanın azad olunması xəbəri çox fərqli hiss etdirdi. Ardınca müharibənin bitdiyi xəbərini eşitdik. Bunlar qürurverici idi. Bu gün də qazandığımız zəfərin xoş hisslərini yaşayırıq. Xalqımız bu günü qürurla qeyd edir. Bu zəfərdə bir payım olduğu üçün məmnunam”.
Qazi Anar Məmmədov
“2015-ci ildə sentyabrın 1-də yaralanaraq qolumu itirmişdim. Həmişə arzulayırdım ki, müharibə başlasın, gedib döyüşlərdə iştirak edim. Allah mənə bunu nəsib elədi. 2020-ci il sentyabrın 27-də könüllü olaraq köhnə hərbi-hissəmdə döyüşlərə qatıldım. 15 gün döyüşlərdə iştirak etdim.
Asan döyüş olmur, döyüşlərin hamısı çətin olur. Amma ən çətin döyüş oktyabr ayının 1-də Talış istiqamətində oldu. Orada şəhidlərimiz, yaralılarımız oldu. Allah şəhidlərə rəhmət etsin, yaralılarımıza şəfa versin. Həqiqətən, çox çətin oldu, amma biz bu qələbəni qəhrəman şəhidlərimiz, qazilərimiz, müzəffər Ali Baş Komandanımız hesabına qaznmağa nail olduq. Ordunun və xalqın vəhdəti bizə bu döyüşlərdən qalib ayrılmağı nəsib etdi.
Şuşanın azad edilməsi xəbərini aldığım gün həyatımın ən gözəl günlərindən biri idi. Bildiyiniz kimi Şuşa ərazi baxımından çox çətin bir yerdir. Ora “alınmaz qala” adlanırdı. Şükürlər olsun ki, ordumuz Şuşanı düşməndən azad etdi. Şuşanın azad olunması Ermənistan dövlətini kapitulyasiya aktına imza atmağa məcbur etdi”.