“Türkiyə tələbləri həyata keçirilməyənə qədər bu məsələdə addım atmayacaq”
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsveçin NATO-ya daxil olması ehtimalına münasibət bildirib. AYNA xəbər verir ki, spiker bu barədə “Milliyet” qəzetinə müsahibəsində danışıb.
Kurtulmuş İsveçin NATO-ya üzv olmasını “boş xəyal” adlandırıb. O, Stokholmun Ankaranın tələblərini yerinə yetirməkdən imtina etdiyini vurğulayıb.
Siyasətçi Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşmanın olduğunu da xatırladıb.
“Bağışlayın, Türkiyə sözlərinə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir. Amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək boş xəyaldır”, - deyə TBMM-nin sədri vurğulayıb.
Kurtulmuş əlavə edib ki, terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən İsveçin NATO-ya qəbul prosesi fonunda Türkiyə sıx təzyiq altındadır.
“Türkiyə isə tələbləri həyata keçirilməyənə qədər bu məsələdə addım atmayacaq”, - deyə spiker fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsveçin NATO-ya üzv olmaq şansını aşağı qiymətləndirmişdi. Güman edilir ki, Ankara xarici təzyiqlərə baxmayaraq, Stokholmun siyasəti səbəbindən öz prinsipial mövqeyinə sadiq qalacaq.
İyunun 28-də İsveç polisi müsəlmanların Qurban bayramının ilk günü Stokholmun əsas məscidində Quranın yandırılması ilə etiraz aksiyasına icazə verib. Avropa Birliyi hadisəni pisləsə də, ifadə azadlığını müdafiə etdiklərini vurğulayıblar.