Növbəti buraxılış imtahanlarının vaxtı məlum olub

Xəbərlər

25.06.2020 - 13:05

2 və 3 iyul tarixlərində keçiriləcək buraxılış imtahanlarının qrafiki elan olunub

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub. DİM-dən AYNA-ya verilən məlumata görə, 2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər,  imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq mümkündür. Qrafiklər DİM-in rəsmi dim.gov.az saytında yerləşdirilib.

 

Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcək. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar. İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

Müəllif: Ayna.az