“Nəvəm ətrafdakılardan utanır, deyir ki, “yanıma gələndə rusca danış””

Cəmiyyət

03.03.2022 - 18:48

Azərbaycanlı yazıçı: “Ana dilimizdə təhsili, tədris vəsaitlərini o qədər qəlizləşdiriblər ki, camaat daha rahat olan rus dilinə üz tutur”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü təkcə Kremlə deyil, ümumilikdə rus millətinə qarşı münasibəti mənfiyə doğru dəyişib. Bundan əlavə, Ukrayna hökumətinin ölkə ərazisində rus dilinə qarşı qadağaları fonunda, “təhsil hansı dildə olmalıdır” sualını yenidən aktuallaşdırıb. Belə ki, bəzi araşdırmaçıların fikrincə, “hansı millətin dilində təhsil alırsansa, o millətə məxsussan” prinsipinin xeyli həqiqət payı var.

Belə mövqedə olanlar iddia edirlər ki, kiçik yaşlarından hansı dildə təhsil alır, hansı millətin dilini, mədəniyyətini, adət-ənənələrini, tarixini mənimsəyirsənsə, bu baza sənə bir ömür istiqamət verir. Yəni sən gələcəkdə şəxsiyyət kimi formalaşarkən, müstəqil qərarlar qəbul edərkən proseslərə baza təhsili – baza düşüncəsi nöqteyi-nəzərindən yanaşacaqsan. “Hətta, öz milli mənsubiyyətinlə dilində təhsil aldığın millət arasında seçim qarşısında qalmağın belə, şübhəsizdir”, - deyə düşünənlər var.

AYNA mövzu ətrafında uşaq yazıçısı, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvü Gülzar İbrahimova ilə həmsöhbət olub.

- Gülzar xanım, tez-tez uşaqlarını rus bölməsinə qoyan valideynlər qınanılır. Onlara irad tutulur ki, uşaqlarını rus bölməsinə göndərməklə həm uşaqlarının Azərbaycan dilini yaxşı mənimsəyə bilməməsinə, həm də bununla uşaqlarımızın başqa millətin nümayəndəsi kimi yetişmələrinə rəvac vermiş olurlar. Buna münasibətiniz necədir?

- Mənə görə, birinci ana dili öyrənilməlidir, sonra başqa dillər.

- Rus bölməsində təhsil ödənişsizdir. Buna görə valideynlər uşaqlarının başqa dildə təhsil almasını istəyirlərsə, rahatlıqla rus bölməsinə yazdırırlar. Bu maraq, istək nədən qaynaqlanır?

- İllərdir bu, məni də narahat edir. Burada bir neçə səbəb var. Bir səbəb rus, ingilis dillərində çox gözəl uşaq kitablarının olmasıdırsa, ikinci səbəb də qeyd etdiyiniz kimi rus dilində təhsilin ödənişsiz olmasıdır. Digər səbəb də rus bölməsində dərslərin uşaqlar üçün daha maraqlı keçirilməsi, əyləncə saatlarının olmasıdır. Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində mövzular daha sadə dildə izah edilir.

- Biz həmişə ana dilindən danışanda anamızın laylasını xatırlayır, nənəmizin nağıllarını yadımıza salırıq. Əgər uşaqlarımız başqa dildə təhsil alacaqlarsa, bu, gələcəkdə onların şəxsiyyət kimi formalaşmalarına, mövqelərinə necə təsir edəcək?

- Hər birimiz birinci öz dilimizə dəyər, qiymət verməliyik. Əlbəttə, milliliyimizi, tariximizi, gözəl ənənələrimizi qorumaq üçün mütləq öz dilimizdən, laylamızdan başlamalıyıq. Digər dilləri isə sonra mütləq öyrənməliyik. İnkişaf etmək üçün bu, labüddür. Hətta düşmənin də dilini bilən gənclərimiz olmalıdır. Ona görə gəncləri deyirəm ki, daha yaşlı nəsildən bunu tələb edə bilmərik, onların dil öyrənməsi çətin olar. Lakin gənclərimiz öyrənə bilər və bilənləri də mütləq olmalıdır. Ana dilimizi, beşik dilimizi bilməliyik. Bilməsək, biz heç vaxt digər dilləri yaxşı mənimsəyə bilmərik.

- Belə bir fikir var: “Hansı dildə düşünürsənsə, o dilə mənsubsan, o dilin mədəniyyətinin daşıyıcısısan”. Bu mənada, orta məktəbdə ana dilində təhsil almaq daha vacib deyilmi, nəinki xarici dildə?

- Bəli. Mütləq ana dilimizi uşaqlarımıza öyrətməliyik. Ölkəmizdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dili dərslərinin tədrisinə fikir verilməlidir. Uşaqlarımız öz ana dillərini yaxşı bilməlidirlər.

- Uşağını rus bölməsinə göndərən valideynlər bəzi hallarda deyirlər ki, məktəb təhsili rus dilində olsa da, evdə uşaqla Azərbaycan dilində danışırlar. Bu zaman qarşı tərəf də arqument gətirir ki, sənin uşağın başqa dildə təhsil alırsa, deməli, nağılını da, şeirini də o dildə oxuyur, o xalqın folklorunu mənimsəyir. Bu da o deməkdir ki, uşağın o xalqın mədəniyyətini mənimsəyir. Bununla razılaşmaq olarmı?

- Əlbəttə. Uşaq hansı dildə təhsil alırsa, o xalqın nümayəndələrinin əsərlərinə daha çox diqqət ayıracaq, nəinki bizim Nizami Gəncəvimizə. Proqram belədir. Təhsil hansı dildə tədris edilirsə, o dilin ədəbiyyatı, nümayəndələri daha çox öyrədilir.

- Valideynlər arasında uşağını rus bölməsinə qoymağa meyilli olanlar çoxdur. Əvvəldə də qeyd etdiyimiz kimi, rus bölməsi ödənişsizdir. Belə görünür, nə qədər ki, rus bölməsi ödənişsiz olacaq, uşağını ora göndərənlər də olacaq. Bu halda da ana dilimiz, ədəbiyyatımız yeni yetişən bir nəsil üçün ikinci plana keçir. Bununla bağlı valideynlərə nə demək istəyərsiniz?

- Mən valideynlərə demək istəyirəm ki, əgər azərbaycanlı adı ilə, türk olduqları ilə, dilimizlə fəxr edirlərsə, mütləq dilimizi bilməli, övladlarına da öyrətməlidirlər. Bir məqamı qeyd etmək istəyirəm. Elə valideynlər var ki, özləri rus dilini bilməsələr də, uşaqlarını rus bölməsinə qoyurlar. Amma anlamırlar ki, 3-5 ildən sonra uşaq valideyninə başqa cür baxacaq. Valideynlər bu məqama diqqət etməlidirlər. Uşaqlarını hansı dildə məktəbə qoyurlarsa, o dili özləri bilməlidirlər.

Nəvələrim ingilis dili təmayüllü məktəbdə oxuyurlar. Uşaqlar həyətdə oynayırlar. Nəvəm mənə deyir ki, “nənə, yanımıza gələndə rus dilində danış”. Hiss edirəm ki, Azərbaycan dilində danışsam, uşaq utanacaq. Mən də izah edirəm ki, “axı bura Azərbaycandır. Biz öz dilimizdə danışmalıyıq”. Deyir, “yox, nənə, nolar, rusca danış”. Hamı rusca danışır deyə o düşünür ki, “axı niyə mənim nənəm azərbaycanca danışsın?”

Böyük zəfər qazanmışıq. Axı niyə öz dilimizi inkişaf etdirməyək?! Bəzi hallarda etinasız oluruq. Məsələn, bir vaxtlar İçərişəhərə fikir vermirdik. Müasir binalar tikirdik. Bir müddətdən sonra ayıldılar ki, yox, İçərişəhərə toxunmaq olmaz. Orada tikintiləri dayandırdılar. Bakıya gələn xaricilər birinci İçərişəhərə gedirlər. Biz də xarici ölkələrə gedəndə qədimi, tarixi yerlər axtarırıq. Hündür, qəşəng binalar bizi heç o qədər də maraqlandırmır. Çünki o cür binalar adidir, hər yerdə var. Eynilə dildə də belədir. Dilimiz gözəldir, onu qorumalıyıq. Uşaq ədəbiyyatımızı elə inkişaf etdirməliyik ki, uşaqlarımız elə o kitablara görə dilimizə yaxınlaşsınlar.

Elə dillər var ki, çox mükəmməldir. Rus, türk dili də onlardandır. Bir qədər rus dilində və ya türk dilində danışan cəmiyyətdə yaşayan kimi, o dil sənin beyninə hopur, ürəyinə girir. Buna görə biz də öz dilimizi inkişaf etdirməliyik. Orfoqrafiyamızda elə sözlər var ki, dildən uzaqlaşdırır. Məsələn, korrektorla “gizlənpaç” sözünün üstündə mübahisəmiz olub. O deyirdi ki, orfoqrafiyada bu söz “gizlənqaç” yazılıb. Mən isə deyirdim ki, mənim uşaqlarım, azərbaycanlı uşaqlar “gizlənqaç” demirlər. Öz aralarında danışanda “gəlin gizlənpaç oynayaq” deyirlər. Buna görə də mən heç vaxt “gizlənqaç” yazmayacağam. Yəni bu məqamlara da fikir vermək lazımdır ki, uşaqlarımız dilimizdən uzaq düşməsinlər. Dilimizin gözəlliyini duya bilsinlər.

- Valideynlər uşaqları üçün saf ana dilimizdə yaxşı dizayn olunmuş, maraqlı kitab tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər…

- Onlarla razıyam. Kitab mağazalarında olanda fikir verirəm, xarici dildə o qədər gözəl kitablar var ki! Bu zaman düşünürəm ki, bunu görən valideynlər təbii ki, uşaqlarını rus, ingilis dili bölməsinə qoyacaqlar. Bütün bu məqamların hamısının nəticəyə təsiri var. Uşaq kitabxanalarımıza baxdığımızda görürük ki, Azərbaycan dilinə yaxşı tərcümə olunmuş kitablar çox azdır. Heç də yaxşı tərcümə olunmayan, üstünə ala-bəzək şəkillər vurulmuş kitablar var. Kitabı alıb uşağa verirsən, amma yaxşı tərcümə olunmadığından oxunaqlı olmur deyə uşağın diqqətini çəkmir. Bunlar kiçik məsələlər kimi görünə bilər, amma hamısı üst-üstə gələndə toplaşıb uşaqlarımızı dilimizdən uzaq salır.

- Deyirlər, kim hansı dildə danışırsa, o dilə mənsub millətin beyni ilə düşünür. Razısınızmı?

- Yox, bununla razılaşmıram. Bu, o demək deyil ki, rus dilini yaxşı bilən rus kimi düşünür. İkinci Qarabağ savaşında şəhidlərimiz arasında rusdilli gənclərimiz də var idi. Onlar Vətən uğrunda canlarından keçdilər. Biz sadəcə dilimizə qayıtmalıyıq. Prezidentimizə oxşamalıyıq. Onun kimi həm Azərbaycan dilində, həm də digər dillərdə gözəl danışmağı bacarmalıyıq. Elə gənclər yetişdirməliyik ki, onlar üzümüzü həmişə ağ etsinlər. Yəni milliliyimizi qorumağı da, ölkəmizə qara yaxanların cavabını verməyi də bacarsınlar. 

Özüm də məsələn, rusca çox mütaliə edirəm. Uşaq ədəbiyyatını rusca oxuyuram. Bəzən də rusca düşünürəm. Bu, o demək deyil ki, millilikdən uzaqlaşmışam. Sadəcə daha çox rusca mütaliə edirəm. Buna görə də bəzən rusca düşünürəm. İnsan mütaliə etdikcə zənginləşdiyi kimi, o dildə düşünməyə başlayır. Biz balalarımıza öz dilimizi öyrətməliyik ki, ata-ana ilə də elə öz dilimizdə danışa bilsinlər. Öz dilimizdə ata ilə dərdləşə, ana ilə məsləhətləşə bilsinlər. Düşünməsinlər ki, “yox, mən başqa dildə danışıram, anam başqa dildə fikirləşir”. Öz dilimiz bizə hava-su kimi lazımdır.

- Deməli, hesab edirsiniz ki, biz öz dilimizin zənginliyini uşaqlarımıza çatdıra bilmirik.

- Bəli. 5-6-cı sinif kitablarında qrammatika qaydalarını o qədər qəliz, qarışıq yazıblar ki, mən başa düşə bilmirəm. Uşaqlara yazığım gəlir. Bunun da təsiri var. Azərbaycan dilini öyrənmək istəyən bir əcnəbi bu qrammatikaya baxsa, dəhşətə gələr. Sadələşdirmək lazımdır.

- Azərbaycan dilini öyrənmək istəyənlərdən bu şikayətləri mən də eşitmişəm. Deyirlər, öz dilinizdir deyə sizə asan gəlir, amma qrammatikanız çox çətindir.

- Çünki qrammatikanı, həqiqətən, çox çətin yazıblar. Mənim 60-dan çox kitabım var. Uşaqlar üçün ikinci romanım çıxıb, amma Azərbaycan dilinin qrammatikasını 5-6-cı sinifdən oxuyanda çox qəliz gəlir. Hansısa informasiyanı əldə etmək, oxumaq istəyirəmsə, azərbaycanca yox, rusca oxuyuram. Çünki rus dilində çox sadə yazılır. Bu yaxınlarda bir layihə çərçivəsində mənə material göndərmişdilər. O qədər qəliz idi ki, başa düşməkdə çətinlik çəkdim. Rus dilində “Wikipedia”ya baxdım. Gördüm ki, o qədər sadə yazılıb, insana çox xoş gəlir. Ağlıma yeni ideyalar da gəldi. Biz öz dilimizdə nə qədər sadə yazacağıqsa, dilimiz də bir o qədər seviləcək.

- Uşağını rus bölməsinə yazdıran valideynlər də bir çox hallarda Azərbaycan dilində yetəri qədər material olmadığını arqument gətirirlər. Uşağı əlavə dil kursuna göndərməyə də hər valideynin imkanı olmur. Buna görə də uşaqlarını elə birbaşa rus bölməsinə yazdırmağı daha məqsəduyğun hesab etdiklərini deyirlər.

- Bir çox valideynin həm maddi imkanı olmur, həm də bu, uşağı əlavə yükləməkdir. Rus bölməsində oxuyan uşaqlar bu qədər yüklənmirlər. Əsas problemlər Azərbaycan bölməsindədir. Rus dilində proqramı elə qurublar ki, uşaqlar rahat oxuyurlar. Valideynlər də öz aralarında bunları danışırlar və qərara gəlirlər ki, uşaqlarını rus bölməsinə qoysunlar. Buna görə də tədrisi asanlaşdırmaq lazımdır. Ətrafımda özü dərslik yazan insanlar var. Həmin dərslikləri müəllimlər tövsiyə edir, valideynlər də məmnuniyyətlə alırlar. Bəs Təhsil Nazirliyi hara baxır? Nazirliyin dərsliklərlə məşğul olacaq işçiləri, çox sayda alimlərimiz var. Təəssüf ki, onlar hamısı əl-ələ verib uşaqlarımızı Azərbaycan dilindən uzaqlaşdırıblar.

- Yəqin ki dərslərin, dərsliklərin ağırılığı da uşaqlarımızın psixologiyasına, formalaşmasına təsirsiz ötüşmür. Rus bölməsində oxuyan uşaqlara fikir verirəm, onlar daha sərbəstdirlər. Azərbaycan bölməsində oxuyan uşaqların çantalarının ağırlığı isə sanki simalarında əks olunub. Üz-gözlərindən yorğunluq yağır...

- Bu yaxınlarda bir tədbirdə şagird öz yazdığı nağılı danışırdı. Fikir verdim, əlləri əsir. Dedim, “ay qızım, nə olub? Burada səni asmırıq-kəsmirik”... Biz uşaqlarımızı o qədər qısnamışıq ki, uşaqlarımız danışa bilmirlər. Türkiyəli uşaqlara fikir verin, görün necə sərbəst danışırlar. Bizdə valideynlər uşaqları ilə düzgün rəftar etmirlər. Nəticədə uşaqların diksiyası, sərbəstliyi pozulur. Uşağa sərbəstlik vermirlər, bütün işləri valideynlər uşaqların əvəzindən etməyə çalışırlar.

- Bəzən adama elə gəlir, bizdə məktəb oxumaq sanki işgəncədir. Valideynlərin özləri də dərslərin ağırlığından narazılıqlarını bildirirlər.

- Allah həyatı insanlara verməyib ki, onu işgəncəyə çevirsinlər. İki dəfə iki dörd edir. Bunu çox sadə qaydada vermək mümkündürsə, niyə qəlizləşdirirsiniz axı? Asan yolları qoyub çətin yollarla gedirik deyə valideynin də uşağına yazığı gəlir, aparıb rus bölməsinə qoyur. Uşaq da həm dərsliklərdən rahat oxuyub öyrənə bilir, həm də lazım olanda internetdən rahat axtarış edib material tapa bilir.

- Gülzar xanım, valideynlərin uşaqlarını rus bölməsinə qoyduğundan danışırıq, amma uşaqlarımızın öz dilimizdə baxa biləcəkləri cizgi filmləri də yoxdur. Cizgi filmlərini rus, türk dilində izləyirlər.

- Cizgi filmi məsələsi problemdir. Təssüf ki, öz dilimizdə, özümüzün çəkdiyimiz yaxşı işlər yoxdur. Öz “Youtube” kanalıma nağıllar, mahnılar yerləşdirirəm. Əlimdən gələni edirəm, amma ortalıqda tək qalmışam.

- Bu mövzuda danışanda çox zaman əsas gətirirlər ki, bu sahəyə maliyyə ayrılmır, buna görə yaxşı işlər gözə dəymir. Sizcə, səbəb təkcə maliyyədir?

- Biz hər sahədə çox tənbəlik. Bizə gərək Prezident desin, ondan sonra cizgi filmi çəkək, layla yazaq.

- Yəni mütləq göstəriş verilməlidir?

- Bəli, bundan sonra hər şey etmək olur. Amma deyilməyənə qədər edən yoxdur.

- Uşaq musiqilərimizlə bağlı da vəziyyət ürəkaçan deyil. İllərdir demək olar ki, eyni mahnıları eşidirik.

- Bəstəkarlarımızla əməkdaşlıq edib uşaqlarımız üçün yeni mahnılar ərsəyə gətirməyə çalışıram. Uşaqlarımız nə qədər xarici musiqilərə qulaq asacaqlar? Bununla məşğul olanlar harada yatıblar? Uşaqlarımızın musiqisi yoxdur. Oktay Zülfüqarov neçə illər bu işlə məşğul oldu. Gözəl musiqilər ortaya çıxardı. Amma indiki uşaqlar pianino ilə mahnı istəmirlər.

- Bir qədər ritmik mahnıları daha çox sevirlər. Musiqi də ruhun qidasıdır. Milli ruhda uşaq mahnıları da olmalı deyil?

- Əlbəttə, mütləq olmalıdır. Lakin bu sahəyə pul ayrılmır. Əgər pul ayrılsa, məşğul olan çox olar. Özüm neçə musiqini elə öz hesabıma yazdırmışam.

- Hər kəs bu fədəkarlığı edə bilmir və ya etmək imkanı da olmur...

- Elədir. Bəstəkar da bu işdən qazanır. Pul yoxdursa, təbii ki, bu işlə məşğul olmaq istəməyəcək. Müsabiqələr keçirilsə, bəstəkarlara maliyyə verilsə, onlar da bu işə can yandırarlar. Bir də ki dediyim kimi, tənbəllik var. Gözləyirlər, Prezident əlini stola çırpsın, desin ki, “niyə yoxdur?” Bundan sonra əl-ayağa düşüb yaxşı işlər ərsəyə gətirəcəklər.

- Vəziyyət elədir ki, hər kəs qazancını düşünmək məcburiyyətindədir. Dediyiniz kimi hansısa bir yolla pul verilsə, maliyyə ayrılsa, maraq göstərənlərin sayı da yəqin ki, artar…

- “Bağçamız” mahnısını özüm yazdırmışdım. “Youtube” kanalıma yerləşdirmişəm. Çox sayda izləyən olub. Bağçalar istifadə edir. Bu sahəni bilən, ürəyi yanan adamlar məşğul olsalar, hər şey yaxşı olar. İndi laylay yazıram. Mən bu məsələdə bir qədər paxılam. Düşünürəm ki, axı niyə bizim uşaqlar rus, türk laylayına yatmalıdır? Buna görə əlimdən gələni etməyə çalışıram.

 - Sizə bu fəaliyyətinizdə uğurlar, can sağlığı arzulayıram!

- Çox sağ olun. Sizə də uğurlar arzulayıram!

Müəllif: Aləmdə Nəsib