“Nəhayət, bu il problem həllini tapacaq” – DEPUTAT

İqtisadiyyat

20.06.2022 - 10:17

Haqsız rəqabətə və məmur monopoliyasına son qoyulacaqmı?

İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Belə bir açıqlama ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxış edib.

“Rəqabət Məcəlləsinin bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunmasına ümid edirəm. Məcəllə qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb”, - deyə Abbasbəyli bildirib.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı müzakirələr dəfələrlə gündəmə gəlsə də, öz təsdiqini tapmayıb. Hətta bir dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb, ikinci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Ekspertlər hesab edirlər ki, məmur oliqarxiyası və inhisarçılar bu məcəllənin qəbul olunmasına qarşı çıxırlar və məhz elə bu səbəbdən də 30 il ərzində Rəqabət Məcəlləsi qəbul edilməyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, Rəqabət Məsəlləsinin qəbul edilməsinə çox ciddi ehtiyac var: “15 ilə yaxındır ki, bu məcəllə ilə bağlı müzakirələr aparılsa da, öz təsdiqini tapmır. Bununla bağlı deputat həmkarımla birlikdə dəfələrlə ölkə parlamentində məsələ qaldırmışıq. Lakin çox təəssüf ki, bu problem öz həllini tapmayıb. Hansı ki, 2016-cı ildə ölkə Prezidenti tərəfindən ortaya qoyulmuş “Strateji Yol Xəritəsi”ndə bu məsələ öz əksini tapmışdı. Baxmayaraq ki, bu sənəddə məcəllənin 2021-ci ilə qədər qəbul edilməsi qeyd olunmuşdu, qanun hələ də qəbul edilməmiş qalıb”.

“Bütün hallarda İqtisadiyyat Nazirliyinin Rəqabət Məcəlləsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməsi müsbət addımdır. Nazirlik rəsmisinin açıqlamasında bildirilir ki, Milli Məclisin payız sessiyasında məsələ müzakirə olunacaq. Ümidvaram ki, nəhayət, bu problem aradan qalxacaq və illərdir gözlənilən Rəqabət Məcəlləsi qəbul ediləcək”, - deyə həmsöhbətimiz bildirib.

Deputat hesab edir ki, inhisarçılığın aradan qaldırılması baxımından Rəqabət Məcəlləsi müstəsna əhəmiyyətə malikdir: “Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi altında köklü institusional islahatlar aparılır. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edir və kifayət qədər ciddi nəticələri var. Lakin bununla bərabər bu gün də bəzi sahələrdə monopoliya, inhisarçılıq elementləri qalmaqda, ölkədə bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına, azad rəqabət mühitinin yaranmasına mane olmaqdadır. Bu baxımdan, Rəcabət Məcəlləsinin qəbulu zəruri və qaçılmazdır”.

“Bu, sahibkarlara sərbəst fəaliyyət göstərmək, məmurların biznesə təsirini minimuma endirmək, azad rəqabətə nail olmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çox təəssüf ki, məsələ bir neçə dəfə parlamentin gündəliyinə daxil edilsə də, sonradan müzakirələr dayandırılıb. İnanıram ki, nəhayət, bu il bu məsələyə yekun vurulacaq və Rəqabət Məcəlləsi qəbul ediləcək”, - deyə Əhmədov vurğulayıb.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya açıqlamasında söyləyib ki, bu məsələ bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb: “Milli Məclisin deputatı olaraq, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü idim. O zaman Heydər Babayev iqtisadiyyat naziri idi və onun müavini olaraq Mikayıl Cabbarov Rəqabət Məcəlləsini bu komitədə təqdim etdi. Görünən o idi ki, həmin dövrdə İqtisadiyyat Nazirliyi bu məsələni həll etmək istəyirdi. Sonradan bu qanunun qəbulunun qarşısı alındı”.

“Məmur oliqarxiyası, inhisarçı qüvvələr bu məcəllənin qəbul edilməsinə imkan vermədilər. Sonradan Heydər Babayevə qarşı kampaniya aparıldı və bu məsələ yarımçıq qaldı. Oliqarx məmurlar hesab edirdilər və bu gün də hesab edirlər ki, bu məcəllə onların qanunsuz fəaliyyətinin qarşısına sədd çəkə bilər. Çox təəssüf ki, məhz bu səbəbdən hər vəchlə məcəllənin qəbulunun qarşısını alırlar”, - deyə müsahimiz qeyd edib.

Onun sözlərinə görə, məcəllə qəbul olunsa belə, ortada iradə olmasa, bu qanun da işlək olmayacaq: “Azərbaycanda bir çox qanunlar normal olsa da, onlar işlək deyil. Çünki qanunverici hakimiyyətin qərarları bir çox hallarda yetərli olmur. Mərkəzi icra hakimiyyəti ortaya siyasi iradə qoyarsa, hətta məcəllə qəbul olunmadan belə, azad rəqabət mühitini təmin etmək olar. Göründüyü ki, hələlik bunlar baş vermir. Əksər biznes sahələri məmurların nəzrətindədir. Onlar heç bir halda imkan vermirlər ki, həmin sahələrdə normal rəqabət mühiti formalaşsın”.

“Bu mənada Rəqabət Məcəlləsi qəbul edildikdən sonra belə, onun işlək olacağına inamım yoxdur. Əgər biz iqtisadiyyatı inkişaf etdirmək, istehlakçı hüquqlarını müdafiə etmək, bazarda ucuzluq yaranmasını istəyiriksə, ilk növbədə məmur biznesinin qarşısını almalıyıq. Bu, baş verməyənə qədər atılacaq addımların, veriləcək qərarların elə də ciddi əhəmiyyəti olmayacaq”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev