Necə muğayət olmalı?

Aktual

30.03.2023 - 10:27

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “İctimai xadimlər, diplomatik korpusların nümayəndələri diqqətli olmalıdırlar”

Sabiq polis rəisi: “Panikaya düşməyə ehtiyac yoxdur, hər şey nəzarət altındadır”

Xəbər verdiyimiz kimi, martın 28-də Milli Məclisin üzvü Fazil Mustafa Bakıda yaşadığı evin qarşısında güllələnib. Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan deputata avtomat silahdan çoxsaylı atəş açılıb. O, çiyin nayihəsindən və ayağından iki güllə yarası alıb.

Deputat bildirib ki, avtomobili evinə qədər sürüb: “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.

Qeyd edək ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısının qətiyyətlə alındığını deyib. Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışan DTX rəisi qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır.

Azərbaycanın İrandakı səfirliyinə hücum olunması, səfirliyin bir əməkdaşının qətlə yetirilməsi, Milli Məclisin deputatının Bakıda evinin qarşısında güllələnməsi və bu kimi terror olayları ciddi müzakirələrə səbəb olub. İddialara görə, bu cür təxribatlar məqsədli şəkildə həyata keçirilir və bundan sonra da davam edə bilər.

Baş nazirin sabiq birinci müavini, deputat Vahid Əhmədov AYNA-ya açıqlamasında Azərbaycana qarşı təxribatların davam etdiyini söyləyib: “44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə regionda yeni reallıqlar yaradıb. Bir çox qonşu dövlətlər bu reallığın doğurduğu nəticlərlə barışmaq istəmir. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu, Türkiyə ilə müttəfiqlik münasibətlərini rəsmiləşdirməsi məkrli qüvvələri hərəkətə gətirib. Onlar hər vəchlə ölkəmizin inkişafına mane olmağa çalışırlar. Əhalini təşviş altında saxlamağa, panika yaratmağa səy göstərirlər”.

“Azərbaycanın İrandakı səfirliyinə terror hücumu, İran hökumətinin bu terroru məişət hadisəsi kimi təqdim etməsi, hüquqi ölçü götürülməməsi, deputat həmkarımız Fazil Mustafanın evinin qarşısında güllələnməsi və s. bunun bariz nümunəsidir. İran terror aktları təşkil etməkdə mahirdir. Amma bu terrorun arxasında Rusiyanın da barmağı ola bilər. Qəti və yekun sözü hüquq-mühafizə orqanları söyləyəcək”, - deyə həmsöhbətimzi bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın İsraildə diplomatik korpus açdığı bir tarixdə bu, təsadüfi hücum deyil: “İsrail hər zaman Azərbaycana dəstək verib. 44 günlük Vətən müharibəsində biz bu dəstəyin şahidi olmuşuq. İki ölkə arasında münasibətlər daim yüksək olub. Artıq Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərir. Habelə, hadisə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramının qeyd olunduğu günə təsadüf edir”.

“Təcrübəyə istinad edərək söyləyə bilərik ki, terrorçular adətən belə günləri seçirlər. Bununla yəqin ki, müəyyən mesajlar ötürmək istəyirlər. Təbii ki, belə bir həssas şəraitdə hüquq-mühafizə orqanları səylərini artırmalıdır. Əhali də, xüsusən ictimai xadimlər, diplomatik korpusların nümayəndələri ehtiyat tədbirlərini gözləməli, diqqətli olmalıdırlar. Lakin bu terror və təxribatların müəllifləri unudurlar ki, bu yolla Azərbaycan dövlətini zəiflətmək, cəmiyyəti xof altında saxlamaq mümkün olmayacaq”, - deyə Əhmədov vurğulayıb.

İstefada olan polkovnik, sabiq polis rəisi Mahmud Hacıyev AYNA-ya şərhində deyib ki, heç bir dövlət terrordan sığortalanmayıb: “Harada cəmiyyət varsa, orada terror da, cinayət də olacaq. Hüquqda əsas prinsip baş vermiş cinayət hadisəsinin açılması, cinayətkarların cəzalanmasıdır. Bir peşəkar sistem işçisi olaraq məsələyə məhz bu prizmadan yanaşmağın tərəfdarıyam. Məlumdur ki, son dövrlər Azərbaycana qarşı beynəlxalq təzyqlər artıb. İranla münasibətlər gərginləşib. Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu olub. Bunu araşdırmalı, terror aktının arxasında duran səbəbləri ortaya çıxarmalı və buna hüquqi qiymət verməli olan İran rejimi bundan yayınır”.

“Təbii ki, terrorun xaricdən dəstəklənməsi versiyası istisna olunmur. Bu versiya da aktualdır. Lakin fərdi qaydada mülahizə yürütmək doğru deyil. Buna hüquq-mühafizə və kəşfiyyat orqanları münasibət bildirməlidir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Onun sözlərinə görə, son illər Azərbaycanın kəşfiyyat orqanları peşəkar fəaliyyət göstərir: “Vaxtilə polis sistemindən təhlükəsiz orqanlarına transferlər oldu və ölkəmizin kəşfiyyat strukturlarını “quldur yuvası”na, “oğurluq mərkəzi”nə çevirdilər. Faktiki olaraq təhülkəsizlik orqanı təyinatı üzrə işləmirdi. Soyğunçuluqla məşğul olan bu qurum ölkəmizin kəşfiyyat tarixinə qara ləkə kimi düşdü”.

“Son illər isə bu sahədə ciddi addımlar atılır. Bunu etiraf etmək lazımdır. Yəni, daxili və xarici təhlükəsizliyimiz etibarlı əllərdədir. Kəşfiyyat orqanlarımız Azərbaycanda sabitliyin qorunmasını təmin edirlər. Bu mənada ciddi təşviş keçirməyə, panikaya ehtiyac duymuram. Hər şey nəzarət altındadır. Sadəcə maksimum diqqətli olmalı və öz ehtiyatımızı saxlamalıyıq”, - deyə Hacıyev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev