Nazirlik rəsmisi: “Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra…”

Xəbərlər

22.12.2020 - 12:29

Nailə Daşdəmirova: “Xəstənin 14 gündən sonra heç bir şikayəti yoxdursa, tam sağalmış hesab olunur”

 

“Ev şəraitində nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur”. AYNA-nın xəbərinə görə, bu sözləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

 

O bildirib ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar: “Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur”.

 

“Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də, venadaxili inyeksiyaların qəbulu daxil deyildir”, - deyə Daşdəmirova vurğulayıb.

 

N.Daşdəmirova bəzi vətəndaşların evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb etmələri ilə bağlı məsələyə də münasibət bildirib: “Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətandaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər”.

Müəllif: Ayna.az