Korroziyadan mühafizə mövzusunda seminar keçiriləcək

Xəbərlər

10.09.2019 - 18:40

Seminarda qaz və neft boru kəmərlərinin qorunması kimi aktual məsələlər müzakirə ediləcək

 

Bakıda "ATLAS ES” MMC-nin təşəbbüsü ilə korroziyadan mühafizə mövzusuna həsr olunmuş 1-ci texniki seminar təşkil ediləcək. AYNA xəbər verir ki, Azərbaycanda mövcud istehsalat sahələrindəki maddi-texniki baza, infrastruktur və avadanlıqlar ilbəil köhnəlir, bir çox sənaye müəssisələrində əsas vəsaitlərin köhnəlməsi artıq 50%-i keçib.

 

Ölkədəki sənaye müəssisələrinin orta istehsal yaşı 25 ildən yuxarıdır və ümumilikdə korroziyadan mühafizə məsələlərinin həllinin aktuallığı göz qabağındadır. Bu səbəblərdən seminarın təşkilatçıları hesab edirlər ki, belə seminarların keçirilməsi böyük əhəmiyyət kəsb edir.

 

Belə ki, seminar çərçivəsində, hazırkı çətin iqtisadi şəraitdə, avadanlıqların, bina va tikililərin istehlak xidməti müddətlərini uzada biləcək yeni texnologiyalar va materialların müzakirəsi mümkündür. Seminar zamanı həm korroziyadan, həm yanğından mühafizə, həm də izolyasiya üçün istifadə olunan materiallar və texnologiyalar, keyfiyyətə nəzarət ölçü cihazları və dağıdıcı olmayan defektoskoplar təqdim ediləcək.

 

Seminarda qaz kəmərlərinin və neft boru kəmərlərinin, tankerlərin və sənaye müəssisələrinin, digər texnoloji avadanlıqların qorunması kimi aktual məsələlər müzakirə ediləcək, bununla yanaşı mülki mühəndislik obyektlərinin korroziyadan mühafizəsi məsələlərinə xüsusi diqqət ayrılacaq.

 

Seminarda yeni elmi nailiyyətlər, qoruyucu örtüklər tətbiqi avadanlıqları istehsalında ATLAS COPCO, SHERWIN-WILLIAMS, NACE International, ELCOMETER, URALGRIT, GRACO, AIRBLAST kimi dünya liderlərinin təmsilçiləri iştirak edəcəklər.

 

Qeyd edək ki, seminar 12 sentyabr 2019-cu il saat 09.00-18.00 aralığında, Bakı Bulvar Hotelin Nobel Konfrans salonunda təşkil olunacaq.

 

Əlavə məlumat üçün +994124973061/62/63, +994503733893 telefon nömrələri və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Müəllif: Ayna.az