NATO-nun Putinlə bağlı addımları: Rusiyanın davranışını dəyişmək çətindir, amma...

Dünya

01.12.2022 - 22:13

Tərəfdaşları tərəfindən Ukraynaya dəstək ancaq və ancaq artacaq

Putin qışdan silah kimi istifadə edir və bu həm ABŞ-da, həm də digər tərəfdaş ölkələrdə görünür. Biz Rusiya Federasiyasının nə qədər kütləvi raket hücumları həyata keçirdiyini başa düşürük və onların Ukrayna üçün hansı nəticələrinin olduğunu görürük.

Anlamaq lazımdır ki, qış artıq astanadadır. Önümüzdəki aylarda mümkün görünən ciddi soyuqlar üçün indi hazır olmalıyıq. Buna görə də ukraynalılara qışdan sağ çıxmaları üçün bütün çağırışlarla mübarizədə kömək etmək çox vacibdir.

Məhz bu məsələnin vacibliyi bütün mümkün diplomatik platformalarda bu barədə danışmağı labüd edir: təkcə koordinasiya qrupu - "enerji Ramşteyn"i çərçivəsində deyil, həm də NATO çərçivəsində.

Deməli, Rumıniyada NATO sammiti üçün plan tərtib olunanda biz artıq bilirdik ki, söhbət Ukraynanın enerji sisteminə dəstək imkanlarından gedir. Axı elektrik şəbəkələrinin təhlükəsizliyi bütövlükdə Ukraynanın təhlükəsizliyinin bir hissəsidir.

Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirlərinin Sammiti Ukraynanın ehtiyacları ilə bağlı məsələni aydınlaşdırmağa imkan verdi. Yəni biz prioritet problemlərin səmərəli həlli üçün indi dəqiq nəyin lazım olduğunu bilirik.

Xüsusilə, ABŞ dövlət katibi Blinken bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanın elektrik şəbəkəsi obyektlərində kritik zərərin bərpası üçün avadanlıq almaq üçün 53 milyon dollardan çox vəsait ayıracaq. Paylayıcı transformatorlar, avtomatik açarlar, gərginlik stabilizatorları... Məhz bunu indi çatdırmaq lazımdır.

Katib Blinkenin dediyi kimi, bu avadanlıq Ukraynaya çox tez çatdırılacaq. Vaxt baxımından, məncə, “sürətli” ifadəsi Ukraynanın yaxın bir neçə gün ərzində yardımı ala biləcəyi deməkdir.

Həmçinin NATO sammitində yeni silah tədarükündən danışıldı. Bu məsələ NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə işgüzar naharı zamanı müzakirə olunub. Ona görə də düşünürəm ki, yaxın günlərdə biz ABŞ və ən yaxın tərəfdaşlarımızdan bu gün Ukraynaya daha nələrin verilə biləcəyini eşidəcəyik.

Amma unutmayın ki, üç növ yardım var: ölkənin müdafiəsi üçün silah, birbaşa iqtisadi yardım və humanitar yardım. Birləşmiş Ştatlar isə tərəfdaşları ilə birlikdə müharibə bitənədək lazım olan müddətdə Ukraynaya kömək etməyə hazırdır.

Buna nail olmaq üçün biz müxtəlif cəbhələrdə Kiyevə kömək edirik. Ukraynalı mütəxəssislərə elektrik şəbəkəsinin bərpasında dəstək verməklə, Ukrayna hərbçilərinə döyüş meydanında uğurla döyüşə bilmələri üçün yardım ötürməyə davam etməklə... Bundan əlavə, Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyi planlaşdırırıq. Putin Ukraynanı işğal etmək qərarına görə dünya səviyyəsində güclü təzyiq hiss etməlidir.

Təbii ki, ABŞ və tərəfdaşlarının ən güclü sanksiyaları belə, heç bir halda “gümüş güllə” deyil. Rusiyanın davranışını dəyişmək çətindir. Amma bu gün biz artıq görürük ki, sanksiyalar qüvvədədir, Rusiya iqtisadiyyatı xeyli aşağı düşür, minlərlə şirkət Rusiya bazarını tərk edir. Bu, Putinin zəifləməsi deməkdir. Ona görə də biz bu istiqamətdə işimizi davam etdirəcəyik: Rusiya Federasiyasına təzyiqləri artıraraq və Ukraynaya kömək edərəkk.

Bunu NATO-nun baş katibi Yens Stoltenberqin, ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatları və NATO xarici işlər nazirlərinin sammitinin yekun bəyanatı təsdiqləyir: tərəfdaşları tərəfindən Ukraynaya dəstək ancaq və ancaq artacaq.

Müəllif: Andrea Kalan - ABŞ Dövlət Departamentinin nümayəndəsi

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur

Müəllif: Ayna.az