Müxalifət liderləri Prezident Administrasiyasında: Bağlı qapılar arxasında nə danışılıb?

Siyasət

04.03.2020 - 17:00

“Hakimiyyət ilə müxalifət arasında danışıqlar bağlı qapılar arxasında aparılmamalıdır”

 

Bu günlərdə bir sıra müxalifət liderləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüş keçirdikləri barədə öz “Facebook” səhifələrində məlumat paylaşıblar. Görüşdə iştirak edən siyasətçilərdən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AYNA-ya açıqlamasında deyib ki, bu, ilk dəfə baş tutan tanışlıq xarakteri daşıyan bir görüş olub.

 

“Ədalət müəllim öz vəzifəsinə bu yaxınlarda təyinat alıb və daha səmərəli qarşılıqlı fəaliyyət göstərmək üçün, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq bütün siyasi partiyaların liderləri ilə görüşmək qərarına gəlib. Düşünürəm ki, bunu iqtidarla müxalifət arasında dialoq kimi təqdim etmək doğru olmaz”, - Ə.Əliyev bildirib.

 

VİP sədrinin sözlərinə görə, ikitərəfli və iki saata yaxın davam edən görüşdə tərəflər Respublikada baş verən dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar: “Ədalət Vəliyev məndə xoş təəssürat yaratdı. Ziyalı insan, geniş təcrübəyə malik olan alimdir. İnanıram ki, bu görüş etibarlı bir atmosfer yaratmaq baxımından əhəmiyyətlidir. Ancaq bu, yalnız ilk addımdır və hansı yeni tendensiyaların müzakirə mövzusu olacağını danışmaq hələ tezdir”.

Nicat Hacıyev