Musiqiçi ata və rejissor oğul fəhləlik edir – <font color=red> ŞƏRHSİZ</font>

Mədəniyyət

23.07.2020 - 23:43

Həkimlər Klinikalar SEO Xidməti

Ümüd Abbas Nihani: “Bir rejissor, bir musiqiçi niyə illərini verib hansısa sənətə yiyələnsin, sonra da gedib tikintidə daş daşısın, palçıq qarışdırsın?!”

 

Ölkədə elan edilən xüsusi karantin rejimi səbəbindən maddi böhran yaşayan əsas sahələrdən biri mədəniyyət sahəsidir. Kütləvi tədbirlərin, konsertlərin, kino və serial çəkilişlərinin dayandırılması, teatrların, kinoteatrların, konsert salonlarının bağlanılması, toy və digər el şənliklərinin keçirilməsinə qoyulan qadağa müğənniləri, aktyorları, rejissorları, şoumenləri və incəsənətin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şəxsləri bütün maddi gəlirlərindən məhrum edib.

 

AYNA-ya danışan gənc rejissor, aktyor, “ŞahMat” teatrının rəhbəri Ümüd Abbas Nihaninin sözlərinə görə, pandemiya onun özü ilə yanaşı atasını da işsiz qoyub: “Maddi vəziyyətimiz göz önündədir. Təkcə incəsənət sahəsi deyil, pandemiya, ümumiyyətlə, bütün sahələrə maddi cəhətdən böyük problem yaradıb. Mənim atam da incəsənət adamıdır, mən də. O, musiqiçidir, mən teatr adamı. Bizim tək gəlir yerimiz incəsənətdir. Hamı bilir ki, teatr maaşı ilə dolanmaq mümkün deyil. Ona görə bizim əlavə işlərimiz olurdu. Mən son zəng qururdum, hansısa universitetdə tədbir hazırlayırdım, hansısa şirkətlə əməkdaşlıq edib onların tədbirlərinə quruluş verirdim və s. Əvvəl-axır qıraqdan-bucaqdan bir gəlirimiz olurdu. Bu vəziyyət ki, düşdü ortalığa, bizim hamımızı yarımçıq qoydu”.

“Mən özüm hazırda fəhlə işləyirəm. İndi bu işi bitirirəm və atamla birgə elektrik xətləri çəkməyə gedəcəyik. Təsəvvür edirsiniz? Bir rejissor, bir musiqiçi niyə illərini verib hansısa sənətə yiyələnsin, sırf bu sənətə yiyələnib deyə pul qazana bilməsin, sonra da gedib tikintidə işləsin, daş daşısın, palçıq qarışdırsın? Elə əvvəldən gedib palçıq qarışdırardım da. Niyə oxuyurdum? Mən onsuz da teatrı sevirəm, bunu hamı bilir. Amma bir az dəyər lazımdır da. Vəziyyət bu dəqiqə çox pisdir. Mənim tanıdığım musiqiçilər, aktyorlar, rejissorlar var ki, tikintidə fəhlə işləyirlər, armatur daşıyırlar”, - o deyir.

 

Nihani qeyd edir ki, ağır iş rejimi yaradıcılıqla məşğul olmaq üçün vaxt və güc saxlamır: “Əlbəttə, adam səhər saat 6-da durub, 7-də işə gedəndə, bütün günü günəşin altında daş daşıyanda, axşam saat 7-də evə gələndə, yeməyini güclə yeyir, duşunu zorla alır. Mütaliəyə, nəsə yazmağa, fikirləşməyə, hansısa tamaşanın “traktovka”sı üzərində işləməyə güc qalmır. Fiziki yorğunluq bir yandan, günün istisi bir yandan, problemlərlə bağlı fikir çəkmək bir yandan...” 

“Nə vaxta qədər çəkəcək bu? Karantin elan olunanda fikirləşdim ki, boş vaxtımız çox olacaq. Oxuyacağıq, yeni nələrsə tapacağıq, düşünəcəyik, tamaşaların üzərində işləyəcəyik, özümüzlə baş-başa qalacağıq. Amma özünlə ac baş-başa qalmaq olmur. Acqarına alınmır özünlə baş-başa qalmaq”, - gənc rejissor vurğulayır.

Müəllif: Bünyamin