Peşəkar milli teatrın 150 illik yubileyi ərəfəsində xatirələr və düşüncələr

Mədəniyyət

09.03.2023 - 13:04

Bu gün peşəkar milli teatrı inkişaf etdirib, gələcək nəslə çatdırmaq gənclərin öhdəsinə düşür

Bu il, 2023-cü il mart ayının 10-da peşəkar milli dram teatrının 150 illik yubileyini qeyd edəcəyik. Prezidenti İlham Əliyev cənabları “Azərbaycan peşəkar milli teatrın 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Artıq peşəkar milli teatr özünün 150 illik yubileyinə qədəm qoydu. 150 yaşı olan qocaman teatr. 150 illik yubiley payında mənim də 50 illik payım olduğuna görə özümü xoşbəxt hesab edirəm. Xatirələr məni nə az, nə də çox, düz yarım əsr əvvələ, peşəkar milli teatrın 100 illik yubileyi keçirilən dövrə apardı. 1973-cü il keçirilməli olan yubiley tədbiri 1974-cü il may ayının 31-də saat 15.00-də ovaxtkı Lenin adına sarayda (İndiki Heydər Əliyev adına Respublika Sarayı) keçirildi. O vaxt mənim 25 yaşım var idi. Rəhmətlik Tofiq Kazımov teatrın baş rejissoru idi. 100 illik yubiley tədbirlərinə hazırlanan tamaşalardan biri Mehdi Məmmədovun quruluşunda Səməd Vurğunun ”İnsan” pyesinin tamaşası idi. Quruluşçu rejissor əsərə Səməd Vurğunun poeziya nümunələrindən də əlavələr etmişdi. Mən bu tamaşada alman zabitlərindən birini ifa edirdim. Sarayda keçirilən təntənəli yubiley yığıncağını giriş sözü ilə yubiley komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilov açaraq, sözü Respublika KP MK-nın I katibi Heydər Əliyevə vermişdi. Heydər Əliyev “Çoxmillətli sovet incəsənətinin bayramı”adlı məruzə ilə çıxış etmişdi. Daha sonra digər respublikalardan dəvət olunmuş qonaqların təbrikləri dinlənilmişdi.

Yaxşı yadımdadır, 100 illik yubileylə bağlı Azərbaycan Dövlət Milli Dram Teatrı Lenin ordeni, aktyor və rejissorların bir qismi isə fəxri adlarla təltif edilmişdilər. Hələ novator rejissor Tofiq Kazımov sağ idi. Hələ bir çoxları Tofiq Kazımovun gələcəkdə yaradacağı qeyri-adi tamaşanın ümidi ilə yaşayırdı. Hələ onun avtomobil qəzasında həlak olmasına düz 6 il var idi. Bu altı ildə novator rejissor maraqlı tamaşalar hazırlayaraq, biz gənclərə bir-birindən fərqli obrazlar həvalə etdi. Teatrda Tofiq Kazımovla birlikdə Mehdi Məmmədov, Əşrəf Quliyev, Məmmədkamal Kazımov və digər rejissorlar da müxtəlif tamaşalar hazırlayırdılar. Lakin mənə və mənim kimi o dövrün gənclərinə, bizim yaradıcılıq bioqrafiyamıza yaxın olan, ustad hesab etdiyimiz Tofiq Kazımov idi. Xatirələrimdə daha çox novator rejissor Tofiq Kazımovun tamaşalarını və mənə həvalə etdiyi obrazları yada salmaq istəyirəm.

Tofiq Kazımov tamaşalarında hər zaman gənclərə önəm verir və onların yaradıcılıq potensialının artmasına çalışırdı. Səməndər Rzayev, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuriyev, Ramiz Məlikov, Hamlet Qurbanov, mən və digərləri Tofiq Kazımovun tamaşalarında püxtələşmiş aktyorlar idilər. Tofiq Kazımov 1974-cü ildə Aleksandr Vampilovun “Övlad”tamaşasını hazırladı. Bu tamaşada əsas aktyor heyəti gənclər idi. Ramiz Məlikov, Yaşar Nuriyev, Şəfiqə Məmmədova, Məhbubə Məlikova, Hamlet Qurbanov, Zərnigar Ağakişiyeva, Əminə Babayeva və başqaları gənclər idi. Tamaşada novator rejissor əsas vurğunu gənclərə yönəltmişdi. Sonrakı mərhələdə dahi rejissor Vilyam Şekspirin “Fırtına” tamaşasını hazırlayaraq, mənə Adrian obrazını həvalə etdi. Tamaşada mənimlə birlikdə Ramiz Məlikov Sebastian, Hamlet Qurbanov Ferdinand, Səməndər Rzayev Kaliban, Şəfiqə Məmmədova Ariel, Sadıq İbrahimov Qonzalo obrazlarını canlandırırdılar. Mütəfəllir rejissor tamaşada yaşlı, orta nəsil və gənc aktyorların müştərək fəaliyyətinə şərait yarada bilmişdi. Məli Dadaşov Prospero, Məmmədrza Şeyxzamanov Kral Alonso, Əliağa Ağayev Stefano, Məmməd Sadıqov Qonzalo obrazlarını ifa etmişdilər. Bu sözün əsl mənasında sənətin təntənəsi sayılmalı idi. Bu Tofiq Kazımov rejissorluğunun əsas qayəsi hesab olunmalıdır. O, tamaşadan tamaşaya məni və yaradıcılıq potensialına inandığı mənim kimi gəncləri mərhələlərlə, tədricən daha mükəmməl obrazlara hazırlayırdı.

1975-ci ildə Tofiq Kazımov İlyas Əfəndiyevin “Bağlardan gələn səs” tamaşasını hazırlayaraq mənə, 26 yaşlı gəncə gözlənilmədən 60 yaşlı Qubad obrazını həvalə etdi. Maraqlı və baxımlı bir tamaşa alınmışdı. Əliağa Ağayev kimi yüksək peşəkar səviyyəli bir sənətkar mənim ifamda Qubad obrazını görüb çox bəyəndi, bir daha bu obrazda çıxış etmədi. Başqa sözlə desək, sənətdə sözünü demiş sənətkar, ilk addımlarını atan hər gəncə yol, yaradıcılıq imkanlarını üzə çıxarmağa imkan yaradırdı. Bu gün bütün bunları xatırlayanda, novator rejissor Tofiq Kazımova rəhmət oxuyuram.

1976-cı ildə Tofiq Kazımov Maqsud İbrahimbəyovun “Ümid” pyesinin tamaşasını hazırlayaraq, mənə Rauf obrazını həvalə etdi. Bu tamaşada mərhum Rəfael Dadaşov Zaur, Nəcibə Məlikova Nərminəni anası, Bürcəli Əsgərov Bədirovu, İsmayıl Dağıstanlı Sabir, Hamlet Qurbanov və Kamal Xudaverdiyev Tahirov və digər aktyorlar maraqlı obrazlar ifa edirdilər. Bu tamaşada da quruluşçu rejissor gənc aktyorlarla birgə orta və yaşlı nəsil aktyorlara obrazlar həvalə etmişdi. Gənc nəsil səhnədə orta və yaşıl nəsil aktyorlarla, bir növ “ustad dərsləri” keçirdilər. Tamaşaçılar tərəfindən maraqla qarşılanan bu tamaşa bir müddət teatrın repertuarında uğurla oynandı.

Tofiq Kazımov 1976-cı ildə M.S.Ordubadinin” Qılınc və qələm” tamaşasını hazırlayanda mənə Mühakim obrazını həvalə etdi. Tamaşada mənimlə birlikdə Fuad Poladov İlyası (Nizami), Kamal Xudaverdiyev Fəxrəddini, Hamlet Xanızadə Hüsaməddini, Səməndər Rzayev Əmir İnancı, Nəcibə Məlikova Safiyə və digər aktyorlar fərqli obrazlar təsvir edirdilər. 1977-ci ildə Mirzə İbrahimovun “Bəşərin komediyası və yaxud Don Juan” tamaşasını hazırlayanda isə Pedro obrazlarını həvalə etdi. Tamaşaçılar Rafael Dadaşovun Don Juanını, Yaşar Nuriyevin Sqanarelini, Şəfiqə Məmmədovanın Teodorasını, Hamlet Xanızadənin Don Martinini və digər aktyorların ifa etdikləri obrazları maraqla qarşıladılar.

Tofiq Kazımov sanki yaxınlaşmaqda olan qəzavü- qədəri sanki hiss edir və daha çox tamaşalar hazırlayıb, tamaşaçıların qəlbini oxşamaq, yaddaşlara əbədi məskən salmaq istəyirdi. Deməliyik ki, o bunu bacardı. Çünki, dahi şəxsiyyət, böyük rejissor Tofiq Kazımovun əbədiyyətə qovuşmağından 43 il keçsə də, o hələ də xeyirxahlıqla xatırlanır və unudulmur. Elə həmin il unudulmaz rejissorumuz Anatoli Safronovun”Daşqın” tamaşasını hazırlayır və görkəmli sənətkarımız Əliağa Ağayevlə mənə Çakan Yemelyan obrazını həvalə edir. Əliağa Ağayev kimi sənətkarla eyni bir obrazı oynamaq, çox böyük məsuliyyət idi. Lakin Əliağa Ağayev səhnədə tərəf müqabilinə stimul verən, onu oynamağa ruhlandıran təcrübəli sənətkar idi. Bu tamaşa da gənclərlə birlikdə orta və yaşlı nəslin sənət nümayəndələri müştərək fəaliyyət göstərərək, sözün əsl mənasında, sənət nümunəsi yaradırdılar. İsmayıl Dağıstanlının Anton Petroviç, Səməndər Rzayevin Beryozin Qriqori, Zərnigar Ağakişiyevanın Olqa Semyonovna, Şükufə Yusupovanın Anyuta, Rafiq Əzimovun Zaxar və digər aktyorların təsvir etdikləri obrazlar maraqla izlənilirdi.

1977-ci ilin dekabr ayında Tofiq müəllim Anarın “Şəhərin yay günləri” tamaşasını hazırlayanda, mən bu tamaşada Feyruz obrazını canlandırdım. Bu tamaşada da təcrübəli rejissor müxtəlif yaş qruplarından ibarət maraqlı ansambl toplaya bilmişdi.  İlin sonunda ölməz sənətkarımız Draqomir Asenovun ”Qızıldan qiymətli” tamaşasını hazırlayır. Bu tamaşa bir neçə dəfə oynanandan sonra, teatrın repertuarından çıxarılır.

1978-ci ilin ortasında Tofiq Kazımov Mirzə Fətəli Axundovun “ Müsyo Jordan və Dərviş Məstəlişah” tamaşasını hazırlayır və Rafiq Əzimovla mənə Müsyo Jordan obrazını tapşırır. Bu tamaşada da rejissor maraqlı aktyor ansamblı toplaya bilmişdi. Dərviş Məstəlişahı Məlik Dadaşov, Hətəmxan ağanı Səməndər Rzayevlə Məcnun Hacıbəyov,Şərəbanunu Nəcibə Məlikova, Şahbaz bəyi Fuad Poladovla Rafael Dadaşov, Qulaməlini Yaşar Nuriyevlə Elxan Ağahüseynoğlu və digər obrazları teatrın aktyoraları ifa edirdilər.

Novator rejissorun maraq dairəsi geniş və hərtərəfli idi. Tofiq Kazımov 1980-cı ildə birdən-birə Taufiq əl Hakiminin “Karıxmış sultan” tamaşasına müraciət edir. Bu maraqlı tamaşanı hazırlayanda mənə Çəkməçi obrazını həvalə etdi.  Maraqla qaşılanan tamaşadan sonra ystad rejissor Əkrəm Əylislinin”Yastı təpə” tamaşasını hazırlayır.  

Beləliklə, mən peşəkar milli dram teatrında Tofiq Kazımovun yaradıcılıq kitabını vərəqləyərək, eyni zamanda, özümün və mənimlə birlikdə teatra qədəm qoymuş gənc nəslin 50 ilə yaxın səhnə yoluna nəzər saldım. Həm sevindim, həm də qüssələndim. Sevindim ki, peşəkar milli teat 150 illik yubileyinə çatsa da, sanki ildən ilə cavanlaşır və yenilənir. Teatrda nəsillər bir-birini əvəz etdi. Mən sənət yoldaşlarımla birgə, ömrümün 50 ilini milli teatr sənətinin inkişafına həsr etdiyim üçün xoşbəxtəm. Bu gün teatr, qeyd etdiyim kimi, bir əsr yarımlıq yol gəldi. Bizim nəsil artıq yaşlanıb, amma hələ də təcrübəmizlə gərəkli ola bilərik. Teatra yeni nəsillər gəlir. Mən teatra gələn yeni nəslin daha artıq peşəkar, daha artıq istedadlı olmaqlarını istəyirəm. Mən teatrda maraqlı dram əsəri, peşəkar rejissura, baxımlı və düşündürücü aktyor ifaları görmək arzusundayam. Teatr daim yenilənmək, daim dövrlə uyğunlaşmaq, hətta deyərdim ki, dövrü bir qədər qabaqlamaq deməkdir. XXI əsr müasir texnologiyalar dövrüdür. Bu günün ixtirası, artıq sabah dəyişir və müasirləşir. Süni intellektlər dövrünə qədəm basmışıq. Texnologiyalar yenilənə bilər, amma heç bir texnologiya teatrın möcüzəsini və sehrini əvəz edə bilməz. Mən buna qəti əminəm. Amma teatrda həm də müasir texnologiyalar əsrinə cavab verməli, müasir insan düşüncəsini silkələməlidir. Bunu teatra gələn yeni nəsil bilməli və riayət etməlidir. Biz yaşlı nəsil bacardığımız qədər peşəkar milli teatrı qoruyub inkişaf etdirdik.

Bu gün peşəkar milli teatrı inkişaf etdirib, gələcək nəslə çatdırmaq gənclərin öhdəsinə düşür. 150 yaşlı peşəkar teatrın gələcək inkişafının əmin əllərdə olmasına qəti əminəm.

İlham Namiq Kamal - “Şöhrət” ordenli Xalq artisti, professor

Peşəkar milli teatrın 150 illik yubileyi ərəfəsində xatirələr və düşüncələr Peşəkar milli teatrın 150 illik yubileyi ərəfəsində xatirələr və düşüncələr
Müəllif: Ayna.az