Moskvanın agentləri kollektiv Qərbi parçalayır? - “Ya axmaqdırlar, ya da riyakar”

Siyasət

02.06.2022 - 10:23

Rauf Mirqədirov: “Almaniya siyasi elitasında Kremlin, Rusiya xüsusi xidmət orqanlarının kifayət qədər agentləri var”

Rusiyanın üç aydan çoxdur ki, Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə qarşı alternativ tədbirlər kimi Qərb ölkələri tərəfindən misli görünməmiş sanksiyalar tətbiq edilib. Rusiyaya qarşı sanksiyaların daha da çoxalacağı gözlənilir. Bununla yanaşı, kollektiv Qərb Ukraynaya siyasi və hərbi dəstəyi əsirgəmir.

Amma bəzi Avropa ölkələrinin liderlərindən Rusiyaya yönəlik loyal siyasətin aparılması barədə bəyanatlar səsləndirilir. Xüsusilə, Almaniya, Fransa, İtaliya, Macarıstan kimi aparıcı Qərb ölkələrinin rəsmiləri, siyasətçiləri rəsmi Kiyevi Moskva ilə danışıqlara, dialoqa səsləyirlər. Hətta Ukraynanın müəyyən güzəştlərə hazır olmalı olduğu haqqında fikirlər də Avropa mediasında bu ölkələrin müxtəlif səviyyəli rəsmiləri tərəfindən səsləndirilir. Rəsmi Kiyev isə heç bir güzəştə gedilməyəcəyini bəyan edir. 

"Blomberg" öz mənbələrinə istinadən belə bir məlumat yayıb ki, Qərb ölkələri Rusiya ilə artıq anlaşıb. Məlumatın "Blomberg" kimi kifayət qədər ciddi bir media resursunda getməsi Avropa ölkələrinin mövqeyi ilə bağlı bir çox suallar yaradır. Bəzi ekspertlər hesab edirlər ki, kollektiv Qərbdə Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər məsələsində fikir ayrılıqları yaranıb. 

Avropada yaşayan tanınmış azərbaycanlı siyasi şərhçi Rauf Mirqədirov AYNA-ya müsahibəsində Rusiyaya qarşı loyal münasibətin tərəfdarı kimi bütövlükdə Qərbin yox, Avropanın bəzi ölkələrinin çıxış etdiyini deyib:

- Bu gün oturuşmuş “Kollektiv Qərb” anlayışı var. Amma oradakı dövlətlərin maraqları heç də hər zaman üst-üstə düşmür. Şərti olaraq kollektiv Qərbi qruplara bölsək, Böyük Britaniya və bir qrup Şərqi Avropa ölkəsi var ki, onlar Rusiyaya qarşı kifayət qədər kəskin mövqedədir. Onlar Rusiyanın birmənalı olaraq məğlubiyyətini istəyirlər. Buraya Macarıstanı çıxmaq şərti ilə digər dövlətləri - Polşa, Çexiya, Slovakiya, Baltikyanı ölkələri əlavə etmək olar. ABŞ bu dövlətlərlə Rusiyaya qarşı yumşaq davranışın tərəfdarı, dil tapmağa çalışan dövlətlər arasında orta mövqe sərgiləyir. ABŞ Rusiyanın məğlubiyyətini istədiyini açıq şəkildə bəyan edir, amma heç bir halda özünün konfliktə cəlb olunmasında maraqlı deyil. Bu barədə Bayden bir daha açıq bəyanat verdi. Yəni ki, ABŞ Ukraynaya hərbi və siyasi dəstək verir, amma müharibənin iştirakçısı olmaq istəmir. ABŞ birbaşa münaqişə tərəfi olmaq istəmir.

- Fransa, Almaniya və İtaliyanın isə Rusiyaya loyal münasibətini görürük...

- Avropada Rusiyaya qarşı loyal dövlətlər qrupu da var. Bu dövlətlər qrupuna Fransa, Almaniya, İtaliya daxildir. Bu dövlətlərin mövqelərinin səbəblərinə baxmaq lazımdır. Məsələn, Fransa Avropa dövlətləri arasında ənənəvi olaraq Rusiyaya qarşı ən loyal münasibət sərgiləyən dövlətdir. Əgər söhbət iqtisadi sanksiyalardan gedirsə, Fransanın mövqeyi kifayət qədər kəskindir. Bunun da səbəbləri var. Bu dövlətin enerji daşıyıcıları baxımından, demək olar ki, Rusiyadan heç bir asılılığı yoxdur. Ona görə də Fransa iqtisadi sanksiyaları kəskinləşdirməyi təklif edir, hətta qaz və neftə sanksiya tətbiqinə etiraz etmədiyini bəyan edir. Amma paralel olaraq, Rusiya ilə siyasi dialoqun tərəfdarıdır. Dediyim kimi, bunun da səbəbi ənənəvilikdir. Fransa keçən əsrin 60-70-ci illərindən başlayaraq, NATO-nun hərbi baxımdan rəhbərliyində təmsil olunmurdu. Paris Moskva ilə fərqli münasibətin, dialoqun tərəfdarı olub.

Rəsmi Parisin mövqeyini təhlil edərkən Fransadakı hazırkı daxili siyasi vəziyyəti də nəzərə almaq lazımdır. Fransada dövlət idarəetməsi qarışıq sistemdir - Prezident və parlament respublikasıdır. Prezident ölkənin xarici siyasətinə, hərbi təhlükəsizliyinə məsuldur. Amma iqtisadi siyasəti parlament seçkilərində qalib gəlmiş partiyalar müəyyənləşdirir. Keçən parlament seçkilərində hazırkı Prezident Emmanuel Makronun rəhbərlik etdiyi koalisiya qalib gəlib, amma indi vəziyyət daha da mürəkkəbdir. Prezident seçkilərində Makronun qalib gəlməsinə baxmayaraq, parlament seçkilərində hökumət qura biləcək səviyyədə qalib gələcəyi şübhə altındadır. Fransada əsas müxalif qruplar Rusiya ilə daha yumşaq davranışın tərəfdarıdır. Ona görə də Makrona seçkilər ərəfəsində elektoratın əhvalını nəzərə alaraq Moskvaya qarşı daha loyal münasibət göstərmək sərfəlidir. Çünki parlament seçkilərindən sonra elə şərait yarana bilər ki, hökumətə Makronun rəhbərlik etdiyi partiyanın yox, müxalif partiyanın lideri rəhbərlik edə bilər. Bu halda ya Makron müxalifətin formalaşdırdığı hökumətlə birgə işləmək formasını tapmalıdır, ya da erkən seçkilər keçirilməlidir. Bunu da Makron, görünür ki, istəmir. 

- İtaliya və Almaniyanın loyallığının səbəbi nədir?

- İtaliya ümumiyyətlə, Avropa ölkələri arasında Rusiya ilə hər zaman yaxşı münasibətləri olan dövlətdir. Enerji təhlükəsizliyinin təminatı baxımından, iqtisadi əlaqələr baxımından Roma ilə Moskva arasında yaxşı münasibətlər formalaşıb. Nəzərə almaq lazımdır ki, İtaliya Qərbi Avropa ölkələri arasında ən korrupsioner ölkələrdəndir. Rusiyanın korrupsioner ölkələrlə yaxşı münasibətlərinin olduğu təbiidir. Eyni zamanda, İtaliya siyasi və digər elitasında Rusiyanın təsir agentlərinin sayı həddindən artıqdır. 

Avropa İttifaqı dövlətləri arasında xüsusi siyasi çəkiyə malik olan Almaniyaya gəlincə, demək olar ki, bu dövlət hazırda çox riyakar siyasət aparır. Riyakarlıq da ondan ibarətdir ki, Rusiyaya qarşı sözdə ABŞ-la bir blokdadır, amma əməldə deyil. Sözdə Almaniya rəsmiləri bəyan edirlər ki, Rusiya heç bir halda qalib gəlməməlidir. Ukraynaya konkret yardım etməyə gəldikdə, Almaniya həddən artıq cinayətkarcasına astagəllik edir. Buna görə kansler Şolzu nəinki müxalifət, hətta koalisiyaya daxil olan "yaşıllar" da tənqid edirlər. 

- Almaniyanın ikili oynamasının hər halda səbəbləri var...

- Mənə elə gəlir ki, bu səbəblər daha ciddi və daha təhlükəlidir. Birincisi, onu deyək ki, Almaniyanın Rusiyadan doğrudan da enerji daşıyıcıları sarıdan ciddi asılılığı var. Bu asılılıqdan qurtulmaq o qədər də sadə məsələ deyil. Qaz təminatı üçün alternativ kəmərlər olmalıdır, emal üçün texnologiyalar, xüsusi qurğular olmalıdır. Yəni Almaniya üçün daxili bazarı digər mənbələrə istiqamətləndirmək doğrudan da, çətindir. Ən əsası, bunun üçün vaxt lazımdır. Əsas çətinlik vaxtla bağlıdır ki, dövlət birdən-birə Rusiya qazından imtinanı mümkün saymır. Məlumdur ki, ilin axırınadək Almaniya Rusiya neftindən tamamilə imtina edəcəyini açıqlayıb. Rusiya qazının üçdə ikisindən imtina edəcəyini də bəyan edib. Üçdə birinin qalması daxili bazar üçün təxminən 15-20 faiz təmin edəcək. Bu, kifayət qədər ciddi rəqəmdir ki, Berlinin mövqeyinin müəyyənləşməsində rol oynayır. Lakin bu, səbəblərdən biridir.

Digər amillərdən biri Almaniya elitasında Kremlin, Putinin, ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanlarının kifayət qədər agentləri var. Bunlar birbaşa agentlər və təsir agentləridir. Siyasi səhnədə rusiyapərəst mövqedən iki partiya çıxış edir - həm də açıq şəkildə. Sol partiyalar - keçmiş kommunistlər və ifrat sağ partiya - Almaniya üçün Alternativ Partiya ruspərəst mövqedədir. Düzdür, onların qərarlara təsir imkanları o qədər də böyük deyil. Daha təhlükəlisi aparıcı partiyalarda olan agentlərdir. Almaniya Sosial Demokrat Partiyasında olan Rusiya təsir agentləri kifayət qədərdir və qərarlara təsir edə bilirlər. Söhbət təkcə dünənədək "Qazprom"un, "Rossneft"in rəhbərliyində təmsil olunan keçmiş kansler Şröderdən getmir. Orada başqa təsir agentləri də çoxdur. 

Almaniyanın keçmiş XİN başçısı və hazırkı Prezident Ştaynmayer bu yaxınlarda etiraf etdi ki, enerji təhlükəsizliyi siyasətində onun mövqeyi fərqli olub. Məlumdur ki, Almaniyada sosial demokratlarla xristian demokratların koalisiyasının uzun müddət liderləri olan Ştaynmayerlə keçmiş kansler Merkel dünyadakı bir çox etirazlara baxmayaraq, "Şimal axını - 2" layihəsinin heç bir siyasi və geosiyasi xarakter daşımadığını, yalnız Almaniyanın enerji təhlükəsizliyi baxımından vacib olduğunu deyirdilər. Bunun nəticəsi də çox acınacaqlı oldu. Həmin vaxt bir çoxları bildirirdilər ki, Rusiya kritik anda enerji daşıyıcılarından məhz siyasi təzyiq vasitəsi kimi istifadə edəcək. Deyilənlər bu gün təsdiqini tapır. Hətta Rusiya bu gün təkcə enerji yox, ərzaq böhranı yaratmaqla da məşğuldur və bununla Avropa ölkələrinə təzyiq edir. Bu gün Ukrayna limanlarında 20 milyon ton taxıl blokadaya alınıb və onların daşınmasına Rusiya imkan vermir. Rusiya taxılın daşınmasına imkan qarşılığında kənd təsərrüfatı məhsullarına qarşı tətbiq edilən sanksiyaların götürülməsini istəyir. Almaniyada səhv düşünüldüyü ortaya çıxmış oldu. 

- Ukrayna rəsmilərinin də Almaniyanı, xüsusilə, Prezident Ştaynmayeri tənqid etməsi, görünür, bununla bağlıdır...

- Zelenskinin Ştaynmayerə qarşı kəskin reaksiyasını gözəl başa düşürəm. Əslində mənəvi baxımından Ukrayna rəsmiləri haqlıdırlar. Almaniya çoxlarına aydın olan, dünyanın on illərdir xəbərdarlıq etdiyi geosiyasi təhlükəyə - Rusiya təhlükəsinə adekvat reaksiya vermirsə, bunun iki səbəbi ola bilər:

- Birincisi, Almaniya rəsmiləri bunu görmürlər. Əgər belədirsə, o zaman siyasətdə nə işləri var?! Demək ki, axmaqdırlar, bacarıqsızdırlar, qlobal baxışları yoxdur. Bu səbəbi etiraf etsələr, dövlətin ali məqamında otura bilməzlər. Belə çıxır ki, bu müharibənin səbəbkarlarından biri də Almaniya rəhbərliyidir. Çünki Putin düşünürdü ki, Almaniya rəhbərliyini şantajla özünə tabe etdirə biləcək və görünür, məqsədinə nail olub. Bu, birinci səbəb ola bilər;

- İkinci səbəb daha təhlükəli olmasa da, daha acınacaqlıdır: demək ki, onlar bunu görmək istəmirlər, bilərəkdən bu mövqeyi tutublar. Bu halda da onların nəinki hakimiyyətdə olmaları, müvafiq qurumlar tərəfindən məsuliyyətə cəlb edilmələri gündəmə gəlir. Bu baxımdan, Zelenskinin iradlarını haqlı sayıram. Təəssüf ki, ya Şolz və Ştaynmayer Rusiyanın təsir agentləridir, ya da ətrafındakılar. Bu yaxınlarda Almaniyanın keçmiş XİN başçılarından olan Qabriel də Rusiyaya qarşı sanksiyaların kəskinləşməsinin əleyhinə çıxıb. 

Almaniyada Rusiyaya qarşı adekvat reaksiyanın olmamasının bir tarixi mənəvi tərəfi də var. Alman xalqı İkinci Dünya müharibəsindən sonra mənəvi şok keçirib. Təəssüflər olsun ki, bu şokdan indiyəcən azad ola bilmirlər. Alman xalqında bir günah hissi  var ki, hələ də yaşayır. Almanların sol liberal düşüncəliləri İkinci Dünya müharibəsi və müharibə qurbanlarına görə özlərini günahkar sayırlar. Demək istədiyim odur ki, bu məsələnin də az da olsa, Almaniyanın loyallığında təsiri var.

İndi bu ölkələrin mövqelərinin proseslərə necə təsir göstərəcəyi qarşıdakı zamanda bəlli olacaq. Bütün hallarda isə əsas məsələ Ukraynanın mövqeyidir. Kiyev isə sonunadək getmək haqqında bəyanatlar verir.

Müəllif: Anar Bayramoğlu