“Avrasiya İqtisadi İttifaqında və Avropa İttifaqında eyni vaxtda olmaq mümkün deyil”
“Avrasiya İqtisadi İttifaqında (Aİİ) və Avropa İttifaqında (Aİ) eyni vaxtda olmaq mümkün deyil. Lakin harada olmağın daha yaxşı olduğunu Ermənistan özü seçməlidir”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.
“Ümid edirik ki, Aİİ üzvlüyünün bütün faydaları və Aİİ-dən ayrılmanın itkilərinin miqyası Ermənistan cəmiyyətinə izah ediləcək. Erməni cəmiyyətinin reallığı obyektiv dərk etməsi vacibdir”, Qaluzin qeyd edib.
Nazir müavini vurğulayıb ki, Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, Aİ isə “reallıqla əlaqəsi olmayan Brüssel bürokratları tərəfindən qoyulan anti-Rusiya nağıllarına tabe olan nizam-intizamın mövcud olduğu” strukturdur.
Xatırladaq ki, Ermənistanın Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsi bir sıra ictimai-siyasi təşkilatlar tərəfindən irəli sürülüb və bunun üçün ölkə vətəndaşlarının 60 min imzası toplanılıb. Qanun Ermənistan Parlamentində müzakirə və qəbul edilib.