Moskvada klubda öldürülən şəxs azərbaycanlı “qanuni oğru”dur?

Hadisə

13.04.2021 - 15:57

Fitness klublardan birində qətlə yetirilən kişinin Albert Rıjiy olduğu bildirilir

 

Moskvada fitness klublardan birində adamların gözü qarşısında öldürülən şəxsin Azərbaycanın Gəncə şəhərindən olan 40 yaşlı kriminal avtoritet Əli Heydərov (Albert Rıjiy, ya da Piterskiy) olduğu bildirilir.

 

AYNA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, öldürülən "qanuni oğru"nun Əli Heydərov olması barədə məlumat rəsmi təsdiqlənməyib. Ancaq faktla bağlı cinayət işi açılıb.

 

İstintaq Komitəsinin açıqlamasında qeyd olunub ki, bir kişi digərinə odlu silahdan bir neçə dəfə atəş edib və hadisə yerindən uzaqlaşıb. Müstəntiqlər qatili axtarır və baş verənlərin təfərrüatlarını müəyyənləşdirirlər.

 

Rusiya mediasında vurğulanır ki, qətlə yetirildiyi deyilən Əli Heydərov üç sui-qəsddən sağ çıxa bildiyi üçün o, "ələ keçməyən və şanslı" adam adlandırılır.

 

Bununla yanaşı, bildirilir ki, Ə.Heydərov 2012-ci ildə Sankt-Peterburqda kriminal aləmin başçısı, Ded Xasan kimi tanınan Aslan Usoyanın təşəbbüsü ilə "taclandırılıb". Bəzi məlumatlara görə, Heydərov Moskvanın şimal-qərb bölgəsində nəzarətçi olub. 

Müəllif: Ayna.az