“Moskva Qarabağda həm qalib, həm də məğlubdur” – <font color=red> METYU BRAYZA</font>

Siyasət

25.12.2020 - 21:11

Keçmiş səfir: “Türkiyənin qapalı danışıqlarda mövqeyi ondan ibarət idi ki...”

 

Atlantika Şurasının analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza amerikalı jurnalist Coan Lisoski ilə müsahibəsində Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra gedən proseslərdən danışıb. AYNA müsahibənin bir hissəsini təqdim edir:

 

- Şübhəsiz ki, keçən ilin ən mühüm siyasi hadisələrindən biri, Ermənistanın 30 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ələ keçirdiyi ərazilərin Azərbaycan Ordusunun hərbi əməliyyatı nəticəsində azad edilməsi idi. Sizcə, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Azərbaycan və digər bölgə ölkələri nələri qazandı, kimlər nələrdə məğlub oldu?

 

- Azərbaycan bu müharibədə qələbə çaldı, ancaq Ermənistan üçün bu müharibə, bölgədə bolşeviklər hakimiyyətə gəldikdən sonra ən böyük məğlubiyyət oldu. Bu, Azərbaycan tarixinin ən böyük hərbi qələbəsidir. Bakı üçün üçtərəfli atəşkəs razılaşması müsbət bir qərar sayıla bilər, çünki bunu etməklə Ermənistan tərəfindən işğal olunmuş yeddi bölgə geri qaytarıldı, Bakı əlavə bir dəhliz aldı – Mehri. Bu, yeni bir geosiyasi vəziyyətdir və Azərbaycan üçün geniş imkanlar açır. Bu sazişi Azərbaycan üçün məsələnin ədalətli həlli hesab edirəm, çünki bu, 2009-cu ilin yanvarında Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış “Madrid prinsipləri” ilə də təmin edilib.

 

Azərbaycan həm də ona görə qalibdir ki, son qələbə ərəfəsində hücumu dayandırmaq iradəsini nümayiş etdirdi. Axı, Azərbaycan ictimaiyyəti hücum əməliyyatının Dağlıq Qarabağın tamamilə azad edilməsinə, Xankəndinin və keçmiş muxtariyyətin digər bölgələrinin nəzarətinə qaytarılmasına qədər davam etdirilməsində israrlı idi, lakin strateji baxımdan ən vacib nöqtəni - Şuşa şəhərini götürdükdən sonra Azərbaycan bu ərazilərə yaxınlaşmadan dayandı. Düşünürəm ki, bu, düzgün və vaxtında verilən qərar idi. Beynəlxalq ictimaiyyət Azərbaycan tərəfinin bu müdrik, humanitar fəaliyyətini qiymətləndirməlidir. Beləliklə, insan resurslarındakı itkilərin qarşısı alındı.

 

Əlbəttə ki, bu müharibədən Azərbaycan böyük qələbə ilə çıxdı, ancaq qeyd etmək lazımdır ki, Türkiyə və bu səbəbdən NATO da qazandı. Bu gün Vaşinqtonda və NATO-ya üzv ölkələrin digər paytaxtlarında bu fakt hələ layiqli bir qiymətləndirməsini almayıb. Türk ordusunun bu bölgədə olması həm də NATO qüvvələrinin orada olması deməkdir. Qəbul etmək lazımdır ki, bu, Türkiyə və NATO üçün həqiqətən böyük bir geostrateji qələbədir. Axı, bu bölgədə yüz ildən çox bir müddətdə Türkiyə hərbi varlığı yox idi. Zaman keçdikcə, NATO ölkələri də bu həqiqətin vacibliyini qəbul edəcək.

Rus sülhməramlı qüvvələrin Qarabağadır - Razılaşmanın detalları...

Moskvaya gəldikdə isə, ruslar həm qalibdir, həm də uduzan. Rusiyanın erməni cəmiyyəti arasındakı nüfuzuna düzəlməz ziyan vuruldu. Ancaq ermənilərin qoruyucu olaraq Rusiyadan başqa alternativi yoxdur. Müharibənin nəticələrinə görə, Rusiya da uzunmüddətli arzusunu həyata keçirərək qalib gəldi - sülhməramlı qüvvələrini Azərbaycanda yerləşdirdi. Təbii ki, münaqişə tərəflərini məhdudlaşdırmaq üçün bu ərazilərdə qüvvələr olmalıdır. Ümid edirəm ki, ermənilər Dağlıq Qarabağda qalacaqlar - xüsusən də Rusiya ordusuna etibar etdikləri üçün. Ümumiyyətlə, ermənilərin Dağlıq Qarabağda yaşaması Azərbaycan üçün vacibdir, çünki hərbi zəfərini, eyni zamanda mənəvi qələbə kateqoriyasına çevirir.

 

Başqa bir regional güc - İran uduzdu, çünki döyüş əməliyyatları və sülh danışıqları prosesində vasitəçi rolu yox idi və sülhdən sonra Tehran gələcək əməkdaşlıqla bağlı heç bir şey təklif etmirdi. Mehri dəhlizi açıldıqdan sonra İranın nüfuzu daha da azalacaq.

 

Ermənistan sarsıdıcı, dramatik bir məğlubiyyət aldı. Bundan sonra Paşinyanın hakimiyyətdə qalmayacağını düşünürdüm, amma yenə də vəzifəsindədir. Hətta, Ermənistan Prezidenti artıq yeni seçkilərə çağırır, bu da Paşinyanın devrilməsi anlamına gəlir. Qəribə bir vəziyyət yaranıb: Putinin 10 noyabr razılaşmasını reallaşdırması üçün Paşinyana ehtiyacı var.

 

- Sizcə, bu müharibə mövcud Azərbaycan hakimiyyətinin nüfuzunu nə qədər artırdı?

 

- Prezident İlham Əliyev heç zaman olmadığı kimi populyardır. Hətta, müxalifət liderləri də onun qələbəsini etiraf edirlər.

Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev elan etdi

- İlham Əliyevin hücum əməliyyatını dayandırmasına baxmayaraq...

 

- Bəli. Bu, populyar olmayan bir qərar idi, amma ağıllı, strateji bir addım idi. İndi belə bir qərarla əlaqədar Azərbaycan ictimaiyyəti arasında tam qələbə gözləntilərindən doğan mövcud ümidsizlik nisbətən azalıb. Yeri gəlmişkən, Bakıda oturub, belə düşünmək asan idi, həyatlarını riskə atanlar onlar deyildi. Məsələn, Azərbaycandakı dostlarımdan biri döyüşlərdə könüllü olaraq iştirak etdi. Yəni, kimsə sona qədər getməli olduğuna inanırdısa, onda niyə orduya yazılmadı?

 

- Gəlin, Ermənistan haqqında danışaq. Müharibədəki məğlubiyyət ermənilər üçün şok oldu. Ölkəni mövcud hökumətə qarşı etirazlar bürüdü, ermənilər türk məhsullarını boykot etdilər. Bu müharibənin Ermənistan üçün gələcək nəticələri necə olacaq?

 

- Türk mallarından imtina etmək qərarının ağıllı olduğunu düşünmürəm. Ermənilər nə vaxtsa 10 noyabr razılaşmasının Ermənistan dövləti üçün böyük bir fəlakətin qarşısını aldığını və əhəmiyyətli bir strateji seçim etmələri üçün bir fürsət yaratdığını anlayacaqlar. Razılaşmanın 9-cu bəndində göstərildiyi kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri - yəni Ermənistan, Azərbaycan və Türkiyə arasındakı yollar açılır. 2009-cu ildə özüm də Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün aparılan danışıqların iştirakçısı olmuşam. Bu, Prezident Obamanın siyasətinin prioritetlərindən biri idi. Kiçik bir siyasətçi dairəsi bunu bilsə də, deyim ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdıracağını yalnız münaqişənin həllində irəliləyiş olduğu təqdirdə mümkünlüyündə israr etdi. Türkiyə heç vaxt Azərbaycanın arxasından bıçaq vurmayacağını bildirdi. Təəssüf ki, baş tutmayan danışıqlar zamanı Ermənistanın konstruktiv mövqeyinə ümid bəslədilər.

 

İndi isə nəhayət, Azərbaycan ilə Ermənistan arasında əvvəllər razılaşdırılmış təməl prinsiplərə uyğun olaraq bir razılaşma əldə edildi və ədalətlidir. Fərq yalnız Dağlıq Qarabağın statusunun müəyyən edilməməsidir. Münaqişənin hər iki tərəfi bir növ statusun olacağı ilə razılaşdı. Oktyabrın 27-də Vladimir Putin videokonfransda Paşinyandan müharibəni dayandırmağı və inandığı əvvəlki prinsiplər əsasında Əliyevlə sülh danışıqlarına başlamasını istəmişdi. Bu prinsiplər arasında Dağlıq Qarabağın statusu da var idi. O zaman Azərbaycan Ordusu artıq Şuşa istiqamətində irəliləyirdi. Lakin Paşinyan imtina etdi, nəticədə məğlub oldu. İndi isə Ermənistan üçün əsas problem odur ki, Əliyev Azərbaycanın bir hissəsi olması xaricində, Dağlıq Qarabağın heç bir statusu ilə razılaşmayacaq. Azərbaycan bu müharibənin qalibi olduğu üçün statusun əleyhinə olacaq. Gəlin, hadisələrin necə inkişaf etdiyini görək. Görək Prezident Co Baydenin bu məsələyə münasibəti necə olacaq.

 

İndi Ermənistan son dərəcə böyük daxili siyasi təlatümlər yaşayır. Fərqli fikirlər var. Məsələn, Ermənistanın ilk Prezidentinin keçmiş müşaviri Jirayr Liparityan “biz ermənilər Moskvaya və Vaşinqtona çox güvənmişik”, “imkanlarımız və gələcəyimizlə bağlı illüziyalarla yaşadıq” deyir və indi “oyanmalıyıq” düşüncəsindədir. Ancaq başqalarında daha qorxunc fikirlər var. ABŞ-da yaşayan bir erməninin, Metsamor AES-dən nüvə tullantılarını toplayıb atom bombası yaradıb Bakıya atmağı təklif edən bir yazısını oxudum. Ermənilər qəzəblərini və nifrətlərini tarixdə qoyub irəliyə baxmalıdırlar.

 

- Putinin TASS müxbirinin Qarabağdakı rus kontingentinin sayının artma ehtimalı ilə bağlı sualına verdiyi cavab barədə nə düşünürsünüz? Putin belə bir variantı bir şərtlə qəbul eitdiyini dedi – tərəflərin razılığı. Sizcə, Putinin niyyəti nədir?

 

- Mən ürəkdən inanıram ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi hərbi əməliyyatların dayandırılması üçün lazım idi. Məqsəd “Madrid prinsipləri”nə ən yaxın bir müqavilə imzalamaq idi. Mən Moskvanın başqa bir motivinin olmadığını iddia etmirəm, amma həqiqətən də Putin münaqişə tərəfləri üçün ədalətli bir sülh əldə etmək istəyirdi. Əlbəttə ki, ətrafında uzun illərdir danışıqların aparıldığı “Madrid prinsiplər” yalnız çərçivə razılaşmalarını nəzərdə tuturdu və bunlar dəqiqləşdirilməli idi. Ancaq indi hər şey artıq baş verdi, bu, finiş xəttidir. Prezident Putin, sülhməramlı qüvvəsinin bu ərazilərdə barışıq təmin edəcək qədər güclü olduğuna inanır. Ola bilsin ki, Cənubi Osetiya və Abxaziyada olduğu kimi, barışıq missiyasını Rusiya protektoratına çevirərək, deaktiv olaraq yenidən qura biləcəyini düşünür. Gürcüstan nümunəsinə müraciət etsək, Putinin o zamankı Gürcüstan Prezidenti Mixail Saakaşviliyə nifrət etdiyini xatırlatmaq lazımdır, o, hansısa əməliyyat üçün Gürcüstan liderinin razılığını alacağını düşünmürdü. Putinin 2008-ci ildəki əsas məqsədi Gürcüstanın NATO-ya doğru hərəkətinə mane olmaq idi.

 

Azərbaycanla mənzərə tamamilə fərqlidir - İlham Əliyev dəfələrlə NATO-ya üzv olmaq niyyətində olmadığını bildirib, Rusiyanı Heydər Əliyev dövründə olduğu kimi, xarici siyasətinin prioritet bir istiqaməti elan edib, baxmayaraq Transatlantik inteqrasiyanı da rədd etmir. Putin inanır ki, əvvəlki illərdə İrəvandan - Gömrük İttifaqında, KTMT-də üzvlük, Rusiya hərbi bazaları, Birləşmiş Qüvvələr Qrupu, sərhəd qoşunları, güclü iqtisadi əlaqələr, ortaq bir səma və s.-də mümkün olan hər şeyi aldı. Azərbaycanda isə inteqrasiya üçün böyük perspektivlər. Buna görə əlbəttə ki, Putin kontingent sayını artırmaqda maraqlıdır. Ancaq Əliyevin bu proseslərə təsiretmə rıçaqları var. Lakin hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək.

Müəllif: Mira Həsənova