Hökumət noyabr ayının sonlarından etibarən sənədsiz miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq
Britaniya hökuməti noyabr ayının sonlarından etibarən sənədsiz miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times” qəzeti Daxili İşlər Nazirliyindəki (DİN) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, miqrantların yerləşdirilməsi üçün Şotlandiyanın İnverness şəhəri yaxınlığındakı ordu bazasındakı kazarmalardan və İngiltərənin cənubundakı Şərqi Sasseksdəki hərbi təlim düşərgəsindən istifadə ediləcək. Bu obyektlərdə 900-ə qədər sənədsiz miqrantın yerləşdirilməsi planlaşdırılır.
“The Times”ın məlumatına görə, DİN gələcəkdə müvəqqəti olaraq 10 minə qədər sənədsiz miqrantı kazarmalarda yerləşdirmək niyyətindədir.
Britaniya hökuməti büdcəyə düşən yükü azaltmaq və sənədsiz miqrantlar üçün bahalı otel yerləşməsinə ehtiyacı aradan qaldırmaq niyyətindədir. DİN-in məlumatına görə, 2025-ci ilin mart ayı etibarilə ölkə üzrə 210 oteldə 32 min sənədsiz miqrant yerləşdirilib. İcmalar Palatasının Daxili İşlər Komitəsinin 27 oktyabrda açıqladığı hesabata görə, Böyük Britaniya 2019-cu ildən 2029-cu ilə qədər 10 il ərzində qanunsuz miqrantların otellərdə saxlanmasına 15,3 milyard funt sterlinq (20,4 milyard dollar) xərcləyəcək.